Türkiyədən Ermənistan helikopterinin vurulmasına reaksiya Siyasət

Türkiyədən Ermənistan helikopterinin vurulmasına reaksiya

Səfir: "Əsas məsələ odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır?"

AKP: ""Türkiyənin Azərbaycana qarşı mövqeyində dəyişiklik olmayıb, bundan sonra da hər hansı bir dəyişiklik olmayacaq""

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün hələ də həll edilməməsi məsələsi də araşdırılmalıdır". Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə, son insident bir daha sübüt edir ki, münaqişə mümkün qədər tez həll olunmalıdır: "Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər. Amma əsas məsələ odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün niyə hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır".
Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, şübhəsiz, Türkiyə dost, qardaş, tərəfdaş dövlətdir: "Sadəcə olaraq, əlbəttə, biz gözləyirik ki, Türkiyə tərəfi də cəbhə xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirsin. Bunu gözləməyə bizim haqqımız da var".
Türkiyədən Azərbaycana digər bir dəstək bəyanatı hakim Ədalət və İnkişaf Partiyasından gəlib.
AKP-nin İdarəetmə Şurasının üzvü Yasin Aktay cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin təxribatının Türkiyənin rəsmiləri tərəfindən kifayət qədər qiymət verilməməsini şərh edərkən deyib: "Türkiyənin Azərbaycana qarşı mövqeyində dəyişiklik olmayıb, bundan sonra da hər hansı bir dəyişiklik olmayacaq".
Y.Aktay qeyd edib ki, Ermənistan helikopterinin Azərbaycan ərazisində vurulması Türkiyə mediasında geniş işıqlandırılmasa da, xəbərə fərqli münasibət iki dövlət arasında əlaqələrə əsla xələl gətirə bilməz.
AKP-dən Azərbaycana daha bir dəstək bəyanatı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə heyətinin üzvü Məzhər Bağlıdan gəlib. O deyib ki, Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət gedə bilməz. Onun sözlərinə görə, Türkiyə heç vaxt Azərbaycanın maraqlarına qarşı yönəldilmiş addımlar atmayacaq: "Türkiyənin bütün qonşu ölkələri ilə yaxşı əlaqələrinin olması üçün Ankara həmişə Azərbaycanın maraqlarını dəstəkləyib və heç vaxt qardaş dövlətə qarşı addımlar atmayıb".
M.Bağlı qeyd edib ki, Türkiyədə müxtəlif məsələlər üzrə hər kəsin öz fikrini söyləmək haqqı var.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz Türkiyə hökumətini Ermənistanla sərhədləri açmağa çağırıb.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu da Filippinə səfəri zamanıAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlikdən danışıb. Onun sözlərinə görə, regionda və qonşu ölkələrdə sabitlik Türkiyə üçün prioritetdir: "Türkiyə Cənubi Qafqazda münaqişənin (Dağlıq Qarabağ münaqişəsi - red.) dayandırılması üçün fəal siyasət yürütməkdə davam edir".