ABŞ-da Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib - FOTO Siyasət

ABŞ-da Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib - FOTO

Oktyabrın 26-da Kaliforniya ştatının San-Fransisko və Florida ştatının Mayami şəhərlərində ABŞ-ın Azərbaycan icması üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək aksiyaları keçiriblər. Bu şəhərlərin mərkəzlərinə ABŞ-ın müxtəlif bölgələrindən gələn həmyerlilərimiz toplaşıblar.

AZƏRTAC xəbər verir ki, aksiya zamanı icma üzvləri Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.

Aksiya iştirakçıları işğal altında olan torpaqların beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağı olduğunu vurğulayıblar.

Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat verilib. San-Fransiskoda həmyerlilərimiz 23 metrlik Azərbaycan Dövlət Bayrağını dalğalandırıblar.

Eyni zamanda, Azərbaycan icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəkləməsinə görə təşəkkürlərini bildiriblər.