Paşinyanın yalvarış məktubları heç bir nəticə verməyəcək - Deputat Siyasət

Paşinyanın yalvarış məktubları heç bir nəticə verməyəcək - Deputat

Sentyabrın 27-dən ermənilərin təxribatı nəticəsində döyüşlər başlayan ilk gündən Azərbaycan ordusu düşmən üzərində qələbə qazandı və bu günə qədər ardıcıl olaraq torpaqlarımızı işğaldan azad edir. Artıq 200-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib və müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə davam edir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, düşmən tərəf heç cür məğlub olduğunu etiraf etmirdi: “Ermənistan rejimi elə ilk günlərdən xalqına yalan danışmağa başladı, ordumuzun heç bir yeri azad etmədiyi barədə nağıllar uydurdu. Bəlkə də nəyəsə ümid edirdilər, düşünürdülər ki, kimsə Azərbaycana təzyiq edəcək, bizi dayandıracaq, bunları vəziyyətdən çıxaracaq. Lakin bunların heç biri baş tutmadı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün beynəlxalq təzyiqlərə sinə gəldi, heç kim bizi dayandıra bilmədi. Çünki Azərbaycan haqlıdır, öz əzəli torpaqlarını terrorçulardan təmizləyir və bu yolda bizə heç kim mane ola bilməz.

Artıq Azərbaycan ordusu qarşısında carəsiz və aciz durumda qalan Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə başlayıb. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə yalvarış dolu məktubu da məğlubiyyətin etirafı idi. Paşinyanın bu son ümidi də puça çıxdı, Rusiya tərəfi yalnız Ermənistan ərazisinə müdaxilə edildiyi halda köməklik göstərəcəyini bildirdi və Paşinyan növbəti dəfə məyyus vəziyyətə düşdü.

Paşinyan anlamır ki, artıq çox gecdir, onu bu vəziyyətdən heç kim çıxara bilməyəcək, heç kim Azərbaycan ordusunu dayandıra bilməyəcək, çünki biz haqq yolundayıq, bizim kiminsə torpağında gözümüz yoxdur, öz doğma torpaqlarımızı işğaldan azad edirik. Ermənistan qarşısında isə Azərbaycan torpaqlarından çıxmaqdan başqa seçim qalmayb. Və Ermənitan bu son şansından nə qədər tez yararlansa onun üçün o qədər yaxşı olacaq, çünki əks halda şanlı ordumuzu onları da məhv edəcək”.