Yaralı hərbçilərimiz Prezidentin qayğısından fəxr, qürur hissi duyurlar - Ekspert Siyasət

Yaralı hərbçilərimiz Prezidentin qayğısından fəxr, qürur hissi duyurlar - Ekspert

“Prezident İlham Əliyev istər indi, istərsə də bundan öncə yaralanmış hərbçilərimizə, eləcə də şəhid ailələrinə, müharibə veteranlarına qayğısını göstərib və bu hər zaman belə olacaq. Çünki qələbə bu insanların əziyyəti və xidməti ilə reallaşıb”.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev dövlət başçısının Qarabağda, Vətən müharibəsində yaralanmış hərbçilərimizi ziyarət etməsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, ölkə rəhbərimiz ziyarəti əsnasında onların gələcəyə daha inamla baxmalarına ruh yüksəkliyi bəxş edib: “Söz yox ki, istər müalicə tədbirləri, istərsə də hərbçilərimizin sosial-məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görülür və eyni zamanda, onlar evlərlə, mənzillərlə, avtomobillərlə təmin olunurlar. Bütün bu işlər də göz önündədir. Çünki onlar ilk növbədə torpaqlarımızın bütövlüyü uğrunda şücaətlə, mərdliklə mübarizə aparıblar, dövlətçiliyimizin adını, xalqımızın adını yüksəkdə tutublar. Azərbaycan Prezidenti İlham Əliyev bu kimi məsələlərə xüsusi önəm verir və bunu yaralanmış hərbçilərimizlə görüşündə də əks etdirdi”.

“Onların hər biri ilə öz doğması, övladı kimi danışan dövlət başçımız hətta daha böyük ruh yüksəkliyi yaratmaq üçün müharibə zamanı ayaqlarını, qollarını itirmiş qazilərimizə dedi ki, həm dövlətin müvafiq qurumları, həm də Heydər Əliyev Fondu ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında dünyanın ən müasir protezlərini sifariş edərək Azərbaycana gətizdirirlər”, deyən Bəhruz Quliyev deyib ki, belə protezlər dünyanın aparıcı protez institutları, sənayeləri tərəfindən ən müasir texnologiyalar əsasında hazırlanıblar, hətta onlarla futbol belə oynamaq mümkündür. Tam atalıq səmimiyyəti, qayğısı ilə əhatə olunan yaralı hərbçilərimiz bu yanaşmadan fəxr, qürur hissi duyurlar.

Baş redaktorun sözlərinə görə, məhz Azərbaycanın güclü, dayanıqlı iqtisadi potensiala sahib olmasının nəticəsində qazanılan qələbə müharibədən sonra sosial məsələlərin də həllinə böyük imkanlar yaradır: “Bütün bunlar dövlətimiz, uzaqgörən liderimiz tərəfindən hesaba alınmışdı və məhz müharibədən sonrakı dövr üçün də müvafiq qərarlar qəbul olunub. Onu da qeyd edim ki, artıq yaralı hərbçilərimizin gələcəkdə əmək fəaliyyətlərini icra etmələri üçün də müxtəlif planlar, layihələr işlənib-hazırlanıb. Bununla bağlı dövlət qurumları da öz təşəbbüslərini irəli sürməkdədirlər. Ümumiyyətlə, Prezident İlham Əliyev, eyni zamanda Heydər Əliyev Fondu bu məsələlərə hər zaman həssaslıqla yanaşdıqlarını əməli işləri ilə isbat ediblər”.