ABŞ-ın İraqa gətirmək istədiyi “demokratiya” Siyasət

ABŞ-ın İraqa gətirmək istədiyi “demokratiya”

11 il bundan əvvəl cəmi 20 günə devrilən Səddam Hüseyn rejimindən sonrakı illərdə İraq xarabazarlığa çevrilib, insanları səfalət içərisində həyat sürürlər

Arzu Şirinova

Hər il ABŞ-ın ermənipərəst konqresmenləri Türkiyəni qondarma erməni soyqırımında ittiham edirlər. Həmin ittihamlar isə heç bir arqumenti olmayan "faktlar"a söykənir. Ötən əsrin əvvəlində olmayan bir hadisəni gündəmə gətirib, bundan ABŞ dövlətinin maraqlarını həyata keçirən konqresmenlər nədənsə özlərinin başqa xalqların başına açdığı oyunlara kor olurlar. Yəqin ki, söhbətin hansı faicədən getdiyini təxmin etdiniz. Bəli, 11 il bundan öncə başda ABŞ olmaqla koalisiya qüvvələri Səddam Hüseyn rejiminin devrilməsinə, əslində isə İranın məhvinə qərar verərək hücuma keçdilər. Bu zaman nələrin baş verdiyi haqda az sonra. Əvvəlcə İraq haqqında bəzi bilgiləri qeyd edək.

Kərkük vilayətinin adı niyə dəyişdirilib?

İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olan Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. İraq, Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik ölkələrindən biridir. İraq, Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.
İraq uzun illər Böyük Britaniya tərəfindən idarə edilib, Böyük Britaniyanın Yaxın Şərqdən tamamilə çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlayıb.
İraq sözünün ölkə ərazisində qədim dövrlərdə yerləşmiş Uruk şəhərinin adından götürüldüyü güman edilir. Bu barədə digər ehtimal isə İraq sözünün uzaq mənasını verdiyi və bu adın ölkə Osmanlı İmperiyası tərəfindən idarə olunduğu dövrlərdə mərkəzə olan uzaqlığına görə verilməsidir.
İraqda əhalinin 95 faizini müsəlmanlar (55 faiz şiələr, 40 faiz sünnülər-red.) təşkil edir.
İran körfəzi ölkələri arasında İraq Səudiyyə Ərəbistanı və İrandan sonra ən böyük ərazisi olan ölkədir. Şimalda Türkiyə, qərbdə Suriya və İordaniya, şərqdə İran, cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. İraqın İran körfəzi ilə əlaqəsi dənizə olan qısa sahili vasitəsilədir: ölkə 924 kmilometrlik quru sularına malikdir. Beləliklə, tipik bir quru dövləti olan İraqın, şimaldakı dağlıq ərazi xaricində hər tərəfdən təbii müdafiəsiz sərhədlərə malik olmasından əlavə dənizə çıxışı da qeyri-kafidir.
Qış ayları soyuq və quraq, yay isə isti və buludsuz keçir. Ərazisinin çox hissəsinin səhra olması bu tip iqlim şəraitinin ortaya çıxmasına səbəb olur. İran və Türkiyə sərhədi boyunca uzanan şimaldakı dağlıq bölgələrə qışda tez-tez qar yağır. Bəzən mərkəzi və cənubi İraqda sel baş verir. Ölkədə digər təbii fəlakətlərlə yanaşı, toz və qum fırtınalarına da mütəmadi olaraq rast gəlinir.
Beynəlxalq Valyuta Fondunun 2013-cü ilə olan məlumatına əsasən, İraq əhalisinin sayı 32.234 milyondur. Əhalisinin üçüncü ən böyük etnik qrupunu Azərbaycan türkləri təşkil edir. Rəsmi olaraq türkmən adlanırlar. İraqdakı Azərbaycan türklərinin başlıca birləşdirici təşkilatları "İraq Türkmən Cəbhəsi"dir. İraq türkmənləri 20-ci əsr boyunca bir çox soyqırımlara, etnik ayrı-seçkiliyə məruz qalıblar. Soydaşlarımızın şəhər, qəsəbə, kənd adları eyni zamanda, torpaqlarımızdakı başqa toponimlər ərəbləşdirilib. O cümlədən Kərkük vilayətinin adı Əl-Təmim olaraq dəyişdirilib.
Qeyd edək ki, İraq əHalisinin 58 faizi oxuyub-yaza bilmir. Bu nisbət kişilərdə 70,7 faiz, qadınlarda isə 45 faiz təşkil edir.

Corc Buşun gecikmiş etirafı...

İraq işğalının baiskarı sayılan Birləşmiş Ştatların keçmiş prezidenti Corc Buş Ağ Evi tərk etməsinə 50 gün qalmış maraqlı etiraflarda bulundu. Onun sözlərinə görə, prezidentliyinin ən dərin təəssüf doğuran məqamı Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olması barədə kəşfiyyat xidmətlərindən səhv məlumat alması olub. Verdiyi televiziya müsahibəsində Corc Buş dedi ki, kəşfiyyatın məlumatının fərqli olmasını arzu edərdi. Lakin İraqın kimyəvi və ya bioloji silahlara malik olmadığını bilsəydi, 2003-cü ildə müharibəyə əmr qərarı verib-verməyəcəyi haqda suala ABŞ prezidenti cavab verməkdən yayındı. Corc Buşun etiraf etdiyi və təəssüflə bildirdiyi bir səhvin vurduğu ziyanın miqyasına diqqət yetirək. Rəsmi məlumatlara görə, müharibə başlayandan bu yana İraqda 3 min 984 amerikalı hərbçi həlak olub, 29 min 395 hərbiçi isə yaralanıb.
Hobel mükafatı laureatı, Dünya Bankının keçmiş baş iqtisadçısı Cozef Stiqliç nəşr etdirdiyi kitabında bildirir ki, ABŞ İraqda apardığı müharibə zamanı hərbə və yaralıların müalicəsinə 3 trilyon dollar vəsait xərcləyib. Rəsmi məlumatlarda isə bu fakt təkzib olunur. Və qeyd olunur ki, 2007-ci ilin sonuna kimi ABŞ İraq müharibəsində 406,2 milyard dollar xərcləyib.

Tarixi bir ölkə sonu görünməyən uçuruma yuvarlandı

Bu, ABŞ-ın İraqda maddi və mənəvi itkiləriylə bağlı məlumatdır. Bəs viran qoyulan ölkədə vəziyyət necədir?
Rəsmi məlumatlara keçməzdən öncə ABŞ-ın İraqa gətirmək istədiyi "demokratiya"nın arxasında nələrin dayandığına diqqət yetirək. 11 il bundan əvvəl cəmi 20 günə devrilən Səddam Hüseyn rejimindən sonrakı illərdə İraq xarabazarlığa çevrilərək, insanları səfalət içərisində həyat sürərək fəlakətlə üz-üzə qalıblar. Bu illər ərzində hər gün İraqda onlarca insan küçələrdə, binalarda, maşınlarda, məscidlərdə törədilən partlayışların qurbanlarına çevrilirlər. Budur, ABŞ-ın İraqa gətirdiyi və zorla dünya ictimaiyyətinə sırımaq istədiyi "demokratiya". Tarixi bir ölkə sonu görünməyən uçuruma yuvarlanıb. Bu uçurumdan nə vaxt çıxacağı zaman da bilinmir. Çünki hər gün aparılan məzhəb qarşıdurmaları daha da şiddətlənir və qarşısı alınmaz prosesə çevrilir.
İraqın işğalından sonra Səddam Hüseynin ordusu ləğv olunsa da, koalisiya qüvvələrinin gərginliyin aradan qaldırılması, eləcə də İraqın təhlükəsizlik qüvvələrinin formalaşdırılması istiqamətində göstərilən səyləri nəticəsiz qaldı.
Səddamın hakimiyyəti dövründə ölkədə hakim qüvvə olan sünnilər şiə və kürdlərin hakim mövqelərilə barışmaq istəmir və silahlı müqaviməti davam etdirirlər. Kürdlərin müstəqillik tələb etməsi də İraqdakı vətəndaş müharibəsini daha da alovlandıran amillərdən biri kimi dəyərləndirilməlidir. Şimali İraqda neft gəlirlərini bölüşmək istəməyən kürdlər siyasi sabitliyin bərqərar olmasına ciddi maneə yaradırlar. Onların Kərkükü kürd muxtariyyətinə qatmaq cəhdləri də ölkənin bütövlüyünə ciddi təhlükə yaradır.
Aparılan sorğulara görə, 6 il müddətində İraqda mülki əhali arasında ölənlərin sayı 1 milyona yaxındır. Bu isə son deyil. Söylədiymiz kimi hər gün İraqda terror aktları və məzhəb qarşıdurmaları nəticəsində ölənlərin sayı artır. Bundan əlavə 8 min İraq hərbçisi, polis və sərhədçinin öldürüldüyü də bildirilir. İraq müharibəsində 127 nəfər jurnalist həlak olub. Onlardan 105 nəfəri iraqlı, 12 nəfəri avropalı, 2 nəfəri isə amerikalıdır. O cümlədən 84 jurnalist quldurlar tərəfindən qətlə yetirilib, 43 nəfər isə təsadüfən bombardımanın qurbanı olublar.
Verilən rəsmi və qeyri-rəsmi məlumatları nəzərdən keçirdikdə bəlli olur ki, ABŞ heç də itkilərinin sayına, maddi və mənəvi ziyana görə İraqdan geri qalmır. Belə ki, ABŞ hazırda müharibə veteranları arasında intihar epidemiyasını yaşayır. Təkcə 2005-ci ildə 6256 nəfər həyatla vidalaşıb. Bu isə gündə orta hesabla 17 nəfərin intihar etməsi deməkdir. Eyni zamanda, bu o deməkdir ki, hərbi qulluqçular arasında intihara meyllilik qalan əhali ilə müqayisədə iki dəfə çoxdur. Bütün bunlar barədə isə vaxtilə "The Times" nəşri məlumat verib. Müqayisə üçün başqa bir rəqəm də gətirilir: ABŞ 2003-cü ildə İraqa müdaxiləyə başlayandn bəri orada 3863 nəfər hərbi qulluqçu itirib. Yəni sutka ərzində orta rəqəm 2,4 nəfər təşkil edir.
Yeri gəlmişkən, ABŞ prezidenti Barak Obama hakimiyyətə gələndən sonra bildirdi ki, ilk görəcəyi işlərdən biri də qoşunların İraqdan çıxarılması olacaq. Bu vəd artıq həyata keçirilib. Ancaq İraqda yenə də sabitlik yoxdur...