Parlamentdə Qazi və Veteranlar Federasiyasının yaradılması təklif olunub Siyasət

Parlamentdə Qazi və Veteranlar Federasiyasının yaradılması təklif olunub

“Büdcədə hərbçilərin kirayə qalması üçün vəsait ayrılıb. Gələcəkdə hərbçilər üçün müvəqqəti evlər tikilə bilər ki, onlar həmin evlərdə yaşasınlar”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Səttar Mehbalıyev bildirib.

İşğal alğındakı rayonların bərpası üçün gələn ilin büdcəsindən 2,2 milyard manat ayrılmasının nəzərdə tutulduğunu deyən S. Mehbalıyevin sözlərinə görə, hər şeyi dövlətdən gözləmək lazım deyil: “Azərbaycanda iri, transmilli şirkətlər fəaliyyət göstərir, onlar da quruculuq prosesinə töhfə verməlidir”.

Millət vəkili Azay Quliyev qeyd edib ki, şəhid ailələri və qazilərin sosial təminatı Prezident İlham Əliyevin diqqətindədir, yaxın günlərdə də bu istiqamətdə müvafiq addımların atılması gözlənilir: “Səfərbərlik üçün hərbi xidmətə çağırılan şəxslərə hər ay birdəfəlik 360 manat verilir. Bu vəsaitin dəfələrlə artırılmasına ehtiyac var. Keçmiş iş yerlərində maaşları saxlanılanlar istisna olmaqla, işləməyən hərbi qulluqçuların müavinətlərinə yenidən baxmalıyıq. Digər tərəfdən, gizirlərə 128 manat ərzaq təminatı ilə bağlı vəsait ödənilməlidir. Ancaq Nazirlər Kabinetinin son qərarı nəzərə alınmaqla, artımlarla bu vəsait ödənilmir. Bu məsələyə də Maliyyə Nazirliyi aydınlıq gətirməlidir”.

Millət vəkili Qazi və Veteranlar Federasiyasının yaradılmasını, bu quruma büdcədən vəsait ayrılmasını da təklif edib.