“Azərbaycanda vahid Təhsil Məcəlləsini qəbul etməliyik” Siyasət

“Azərbaycanda vahid Təhsil Məcəlləsini qəbul etməliyik”

Qüdrət Həsənquliyev: “Bütün məcəllələr digər sahəvi qanunlardan üstün hüquqi qüvvəyə malik olmalıdır”

“Xarici hərbçilərin Azərbaycanda statusunun müəyyən olunması ilə bağlı müəyyən mənada izahat verildi. Mən hesab edirəm ki, bu cür izahatlara ehtiyac var. Ona görə ki, bizim hörmətli həmkarlarımız bilməlidirlər ki, bu təklif verilirsə, hansı məqsədlə verilir? Onun əsaslandırıması nədir ki, onlar buna səs versinlər, öz münasibətlərini bildirsinlər. Əvvəllər də mən bu məsələyə toxunmuşdum. Bizim qanunvericilikdə xarici sülhməramlıların Azərbaycana dəvət olunması ilə bağlı müddəa var. Amma onun mexanizmləri və həmin xarici hərbi iştirakı olan hərbçilərin statusu ilə bağlı hər hansı qanunvericiliyimizdə tənzimləmə yoxdur”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. “Biz ayın 30-da da birgə monitorinq mərkəzi açdıq. Orada Türkiyə və Rusiya hərbçiləri var”, - deyən millət vəkili bildirib ki, onların da hüquqi statusuna dair hər hansı bir müddəa yoxdur: “Onların toxunulmazlıq hüququ varmı? Orada hər hansı cinayət hadisəsi baş versə onlar hansı qaydada təqib olunacaqlar? Cinayət təqibi hansı formada həyata keçiriləcək? Bu baxımdan? düşünürəm ki, yeni qanun qəbul olunmalıdır. Ya da Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə sülhməramlı əməliyyatlarda iştirakı haqqında qanuna yeni bir fəsil əlavə olunmalıdır. Orada da xarici hərbçiərin statusu nəzərdə tutula bilər”.

BAXCP sədri “başqa bir toxunmaq istədiyim məsələ ondan ibarətdir ki, həqiqətən də yaz sessiyasında çox vacib, əhəmiyyətli qanun layihələrinin müzakirəsi nəzərdə tutulur. Onlardan biri də Ali təhsil haqqında qanun layihəsi və təhsil kreditləri haqqında qanun layihəsidir, - deyə fikrini davam etdirib: “Mən bir dəfə də bu məsələni qaldırmışdım və indi bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, əslində bizdə təhsillə bağlı münasibətləri tənzimləyən çoxsaylı qanunlar var. “Peşə təhsili haqqında” qanun, “Təhsil haqqında” qanun, “Ümumi təhsil” haqqında qanun, “Elm haqqında” qanun, “Məktəbəqədər təhsil haqqında” qanun və s. Xatırlayırsınızsa, vaxtilə seçkiləri tənzimləyən çoxsaylı qanunlar var idi. Referendum haqqında, Prezident seçkiləri, Milli Məclis, bələdiyyə seçkiləri haqqında qanun və.s. Amma biz, bunların hamısını sonradan Seçki Məcəlləsində ümumiləşdirdik. Normativ hüquqi aktlar haqqında konstitusiya qanununda çox təəssüf ki, məcəllələşdirmənin anlayışı verildi və bunun anlayışı o formada verildi ki, məcəllələşdirmə normativ hüquqi aktların forma və məzmun baxımından yenidən işlənmə yolu ilə vahid normativ hüquq aktda birləşdirilməsidir. Məcəllələşdirməyə də o zaman gedilməsi qeyd olunur ki, həmin normativ hüquqi aktlar haqqında konstitusiya qanununun 12-ci maddəsində qeyd edilir ki, kolliziyaların aradan qaldırılması üçün məcəllələşdirmədən istifadə olunur. Məcəllələrin digər qanunlardan üstünlüyünün hüquq qüvvəsi əslində nəzərdə tutulmur, yalnız ikinci maddədə qeyd olunur ki, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquqi normalar başqa məcəllələrdə və qanunlarda da nəzərdə tutularsa daha üstün hüquqi qüvvəyə malikdir. Amma hesab edirəm ki, bütün məcəllələr digər sahəvi qanunlardan üstün hüquqi qüvvəyə malik olmalıdır. Yəni biz bu məsələlərə də baxmalıyıq. İndi hörmətli Səfa Mirzəyev burada əyləşib, bu sahə üzrə görkəmli mütəxəssisdir və yəqin ki, bu məsələyə münasibət bildirər. Həm də məcəllələşdirmə təkcə kolliziyaların aradan qaldırlmasına görə deyil, həm də qanunlarda boşluqları, ziddiyyətləri aradan qaldırmaq üçün, qanunvericiliyin sabitliyinin təmin olunması üçün, onun əlçatanlılığının asanlaşdırılması məqsədilə də məcəllələşdirmədən istifadə olunur və buna çox böyük ehtiyac var. Bu baxımdan hesab edirəm ki, biz, Azərbaycanda vahid təhsil məcəlləsini qəbul etməklə bu çoxsaylı qanunları aradan qaldıra bilərik. O zaman həm bunun tətbiqi asanlaşacaq, həm sabitıliyi təmin etmiş olacağıq, boşluqlar, çatışmazlıqlar, ziddiyyətlər də aradan qaldırılacaq. Mən bilirəm ki, bunun üçün müləq biz, Prezident Administrasiyası ilə razılaşmalıyıq. Bu istiqamətdə onlarla söhbət aparmağa da ehtiyac var. Ümumiyyətlə normativ hüquqi aktlar haqqında konstitusiya qanununda da dəyişiklik nəzərdə tutulur. Həm də o qanunda məcəllələşdirmə ilə bağlı da müvafiq dəyişikliklərin edilməsinə hesab edirəm ki, diqqət yetirmək olar”.

Əli Zülfüqaroğlu