Prezidentin müəyyən etdiyi Milli Prioritetlər — sosial-iqtisadi inkişafın “yol xəritəsi” Siyasət

Prezidentin müəyyən etdiyi Milli Prioritetlər — sosial-iqtisadi inkişafın “yol xəritəsi”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 fevral tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənədi təsdiq edib. Qarşıdan gələn 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafına dair “Yol xəritəsi” rolunu oynayacaq bu sənəddə qeyd edilən sahələr üzrə aşağıdakı beş Milli Prioritet müəyyən edilib:

  • dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
  • dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
  • rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  • işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  • təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Hesab edirəm ki, belə bir milli inkişaf prioritetlərini yalnız möhkəm milli birliyə, dayanıqlı və daim inkişafda olan iqtisadiyyata və insan kapitalını əsas dəyər hesab edən dövlətdə müəyyən etmək mümkündür.

Doğrudan da, dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük siyasi, iqtisadi, sosial təlatümlərlə üzləşmiş, 20% ərazisi işğal edilmiş və böyük humanitar böhran vəziyyəti ilə qarşılaşmış Azərbaycan Respublikası indiyədək möhtəşəm inkişaf yolu keçmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və onun layiqli siyasi varisi olan Prezident İlham Əliyevin siyasi iradəsi və mükəmməl idarəçiliyi sayəsində Azərbaycan bütün sahələrdə inkişafa nail olmuş, beynəlxalq ictimaiyyətə inteqrasiya etmiş, dünyada etibarlı tərəfdaş imici formalaşmış bir ölkəyə çevrilmişdir. Keçən dövr ərzində Azərbaycanda sosial-iqtisadi sahədə davamlı şəkildə islahatlar aparılmış dinamik inkişaf edən və müasir iqtisadiyyat formalaşdırılmış, əhalinin sosial vəziyyəti ciddi şəkildə yaxşılaşdırılmışdır. Ümumiyyətlə, keçən dövr ərzində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənmiş, Azərbaycan cəmiyyətində dövlət təsisatları formalaşmış və dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur formalaşdırılaraq inkişaf etdirilmişdir.

Keçən dövr ərzində Azərbaycanda Ordu quruculuğuna xüsusi önəm verilmiş, ölkəmizdə müasir hərbi texnika, silah və sursatla təmin olunmuş prosessional şəxsi heyətə malik olan Silahlı Qüvvələr yaradılmışdır. Belə ki, “iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Baş Komandanlığı altında Silahlı Qüvvələrimiz 2020-ci ilin ikinci yarısında cəmi 44 gün ərzində beynəlxaq hüququn bölgəmizdə pozulmuş normalarını bərpa etdi və BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin müddəalarını yerinə yetirərək Azərbaycan ərazilərini işğaldan azad etdi. Azərbaycanın qələbəsi nəticəsində işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi və müharibənin hərbi fazasının başa çatmasını özündə ehtiva edən 10 noyabr tarixli üçtərəfli Bəyannaməsi imzalandı. Əlbət ki, işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi infrastrukturub formalaşması və həmin ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası Azərbaycanın iqtisadi potensialını kifayət qədər artıracaq. Bununla yanaşı, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinə uyğun olaraq, bölgədə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin formalaşması Azərbaycana güclü siyasi və iqtisadi dividendlər verəcək. Bu isə öz növbəsində, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə və inkişafına əsaslı təsir göstərəcək.

Qeyd edilənlər kontekstində uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsi Şərqlə Qərbin, Şimalla Cənubun kəsiyində geosiyasi baxımdan çox həssas bir coğrafi məkanda yerləşmiş Azərbaycanın inkişafına geniş imkanlar yaradacaq. Bu amillər öz növbəsində Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, sosial baxımdan təmin edilmiş güclü dövlət kimi davamlı inkişaf etməsinə əsaslar verir. Qeyd edilənlər lə bərabər, sənəddə qeyd edildiyi kimi, mövcud “qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir”.

Odur ki, Azərbaycan Prezidsenti cənab İlham Əliyevin müəyyən etdiyi milli prioritetlər sırasında yüksək gəlirli iş yerlərinin yaradılması yolu ilə həyat səviyyəsinin hər il artmasını təmin edən iqtisadi artıma nail olmaq vəzifələri qoyulur. Bununla bərabər qeyri-neft sektorunun inkişafına, onun maliyyələşdirilməsində özəl sektorun payının artırılmasına xüsusi diqqət yetiriləcəyi nəzərdə tutulur.

Əlbəttə, milli prioritetlər sırasında keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı öz əksini tapması böyük önəm kəsb edir. Cənab Prezident, bu günlərdə Azərbaycan televiziyasına verdiyi müsahibədə bu məsələyə diqqət ayırıb, bu prosesin miqyasına aydınlıq gətirib. Cənab Prezidentin vurğuladığı kimi, ilk növbədə işğaldan azad olunmuş ərazilər minalardan təmizlənməlidir, ondan sonra Ermənistan tərəfindən ölkəmizə vurlmuş ziyan qiymətləndirilməlidir. Bunun üçün yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Ermənistana qarşı təzminat iddiası qaldırıldıqdan sonra infrastruktur layihələri icra edilməlidir. Daha sonra əhali üçün evlər inşa edilməlidir. Bu işlər başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı baş verəcək. Göründüyü kimi, Prezident tərəfindən müəyyən edilmiş Milli Prioritetlər sırasında keçmiş köçkünlərin Böyük Qayıdışı, onların təhlükəsiz yaşayışının təmin edilməsi, onların sosial tələbatlarının müasir səviyyədə təmin edilməsi Azərbaycanın gələcəkdə davamlı inkişafının təmin edilməsi üçün əlahiddə əhəmiyyət kəsb edir.

Nəhayət, bir daha vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin yüksək və məharətli idarəçiliyi, iradəsi sayəsində son 17 il ərzində bütün sahələrdə ciddi uğurlara nail olmuş, onun Baş Komandanlığı altında Silahlı Qüvvələrimiz ərazilərimizi işğaldan azad etmiş, bölgədə beynəlxalq və regional əməkdaşlıq üçün yeni reallıq meydan gəlmişdir. Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində tək Azərbaycan xalqının deyil, bütövlükdə Cənubi Qafqaz ölkələrində yaşayan xalqların sosial rifahının yüksəlməsi üçün münbit şərait yaranmışdır. İnanıram ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyası ölkəmizin dünya miqyasında güclü dövlətlər sırasında daha layiqli yer tutmasına, Azərbaycan vətəndaşının sosial-iqtisadi baxımdan özünü daha güclü və müstəqil hiss etməsinə, ölkəmizdə sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsinə xidmət edəkdir.

Elxan Süleymanov,

AVCİYA prezidenti