Qarabağa Böyük Qayıdışa hazırlaşdığımız indiki zamanda Minsk qrupunun missiyasına ehtiyac qalmayıb - Vüqar Rəhimzadə Siyasət

Qarabağa Böyük Qayıdışa hazırlaşdığımız indiki zamanda Minsk qrupunun missiyasına ehtiyac qalmayıb - Vüqar Rəhimzadə

Otuz ilə yaxın idi ki, dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə 1992-ci ildə yaradılan, amma fəaliyyətsizliyi ilə tarixə düşən ATƏT-in Minsk qrupu həmsədrlərindən ədalətli mövqe gözləyən Dağlıq Qarabağ münaqişəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun şücaəti sayəsində öz həllini tapdı. Ölkəmizi daim düşündürən «ATƏT-in Minsk qrupu nə üçün 30 ilə yaxın müddətdə işğalçıya «dur» demək istəmədi» sualını 44 günlük İkinci Qarabağ müharibəsi ətraflı cavablandırsa da, qurumun son bəyanatı bir daha ötən illərə nəzər salmağı bir zərurətə çevirir. Daim beynəlxalq səviyyədə də bu mühüm məqam etiraf edilirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin əldə olunmasına böyük maneədir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu məsələnin nizamlanması istiqamətində səylərini artırmalı, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasına nail olmalıdır. Bu gün də sual olunur: 44 gündə Azərbaycan Ordusu bu qərar və qətnamələri icra etdi, bəs nə üçün ATƏT-in Minsk qrupu yaradılan möhkəm hüquqi baza əsasında onları 30 ildə icra edə bilmədi? ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ən əsası onlar həmin qətnamələrin hazırlanması ilə yanaşı, qəbuluna imza atan dövlətlərdir.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, hadisələrin təhlili göstərdi ki, Minsk qrupunun əsas missiyası ötən bu müddətdə eyni bəyanatları təkrarlamaqdan, məsuliyyəti münaqişəli tərəflərin üzərinə atmaqdan, regiona turist gəzintisinə bənzəyən nəticəsiz səfərlər etməkdən, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, cəbhəboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmasını, dinc əhalini qətlə yetirməsini seyr etməkdən ibarət olub: “Məgər beynəlxalq hüququn norma və prinsiplərində seyrçi mövqedə dayanmaq tələb olunur? Azərbaycan dövləti daim münaqişənin həllində bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan istifadə etmək istəyini ortaya qoysa da, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu onların vasitəçilik missiyasına maneə, ən əsası Azərbaycan tərəfinin vasitəçilikdən imtinası kimi dəyərlədirirdilər. 30 il imitasiya naminə danışıqlara dəstək olan qurum Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşmasından sonra bölgədə sabitliyin təşviqindən, vasitəçilikdən bəhs edirsə, məsələyə belə yanaşma təəccüb doğurmaya bilməz. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yer alan həmin bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayrılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar.”
Baş redaktor vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ münaqişəsində hərbi-siyasi Qələbəsi ilə yeni reallıqlar yaradıb: “Bu reallıqlar, eyni zamanda, yeni əməkdaşlıq formatlarını formalaşdırır. 10 noyabr Bəyanatının 9-cu bəndi, iqtisadi əlaqələrin qurulması əsasında yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat da bu reallığın təqdimatı olmuşdur ki, regionda yeni reallıqlar yaradan Azərbaycan üçtərəfli razılaşmada əksini tapan bütün müddəaların icrasında maraqlıdır, ən əsası regionda sabitliyin, sülhün və təhlükəsizliyin təminatı iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar açır. O da məlumdur ki, yanvarın 30-da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi ilə Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, eyni zamanda, Rusiya-Türkiyə tərəfdaşlığının daha bir əyani təzahürü kimi qeyd edilir. Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv və etibarlı nəzarəti təmin edəcək.”

Vüqar Rəhimzadənin qənaətinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həm dünyanın aparıcı dövlətlərinə, həm də nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi ki, münaqişənin hərbi yolla həlli variantı mümkündür və Azərbaycan tarixi Qələbəni məhz döyüş meydanında qazandı. “Hərbi variant yoxdur” deyənlərin əsas məqsədi mövcud vəziyyəti olduğu kimi saxlamaq idi. Dövlətimizin başçısı status-kvonu, təmas xəttini rədd etməklə, bu fikrə düşənlərin bütün planlarını alt-üst etdi: “ATƏT-in Minsk qrupunun həmsədrləri artıq şahiddirlər ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Məsələnin nizamlanmasında müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilmədi. Əgər münaqişə tarixin arxivinə qovuşubsa, ölkəmizin həyatında yeni quruculuq və bərpa dövrü başlanıbsa, işğaldan azad edilmiş ərazilərimiz Böyük Qayıdışa hazırlanırsa, ən əsası 10 noyabr üçtərəfli razılaşmasının, həmçinin 11 yanvar Bəyanatının müddəaları uğurla icra edilirsə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi üzərinə düşən missiyasını layiqincə yerinə yetirirsə ATƏT-in Minsk qrupunun həmsədrlərinin hansı missiyanı yerinə yetirəcəyi maraq doğurur.”

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər 30 ilə yaxın müddətdə, istər həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə baş verən proseslər münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu şəraitində nizamlanmamasının əsas səbəbini bir daha açıqladı: “Bu, dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiyadır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev yenilməz iradəsi və qətiyyəti ilə bunları da darmadağın etdi. Bu gün qarşıda dayanan əsas məsələ 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruğu bərpa işlərində də qorumaq, işğaldan azad olunmuş bölgələrimizi cənnətməkana çevirmək, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Xalqımız tam əmindir ki, sarsılmaz iradəsi və yenilməz qətiyyəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandanımız, qalib Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə yeni prioritetlər reallığa çevriləcək, doğma Qarabağımızda yenidən həyat canlanacaq, vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.”