Ermənistanla Rusiya arasında “İskəndər” qarşıdurması Siyasət

Ermənistanla Rusiya arasında “İskəndər” qarşıdurması

“Mənim addımım” blokunun deputatı: “Rusiyadan alınan bütün silahlar yoxlanılmalıdır”

Rusiya Dövlət dumasının deputatı: “Paşinyan açıq şəkildə üzr istəməlidir”

Üçüncü prezident Serj Sarkisyanın iki hissəyə ayrılmış dörd saatlıq müsahibəsi Ermənistanın milli təhlükəsizliyi üçün böyük təhdid yaradır.
Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri, hakim “Mənim addımım” blokunun deputatı Andranik Koçaryan deyib.
Onun fikrincə, Sarkisyanın müsahibəsindən gec-tez Ermənistana qarşı istifadə ediləcək: "Serj Sarkisyan ölkəni ən azı 10 il idarə etdiyindən və bir neçə gün daha baş nazir olmağı bacardığından, bu, şübhəsiz ki, bizə qarşı istifadə ediləcək".
Deputat Ermənistan tərəfinin Qarabağdakı müharibə zamanı “İsgəndər”dən istifadə edib-etməməsinə münasibət bildirməkdən çəkinib.
Xatırladaq ki, baş naziri Nikol Paşinyan müsahibəsində bu silah növünün effektivliyinin son dərəcə aşağı olduğunu deyib. Bildirib ki, “İsgəndər” atılsa da, partlamayıb.
“İskəndərin hansı istiqamətdə istifadə olunduğunu bilmirəm. Bu silahın istifadəsini nə təsdiqləyirəm, nə inkar edirəm. Artıq demişəm ki, bu edilməməlidir", - deyən erməni deputat Paşinyanın “İsgəndər”in işləməməsi ilə bağlı açıqlamasının öyrənilməli olduğunu söyləyib.
Koçaryan qeyd edib ki, təkcə Rusiyadan alınan “İsgəndər” yox, həm də son 15 ildə ölkənin əldə etdiyi digər silah növləri də Ermənistanda araşdırılmalıdır: “Biz bunun doğru qərar olub-olmadığını, işləyib-işləmədiklərini anlamalıyıq”.
Mövcud hökumətin silahlı qüvvələrdə bütün bu sistemlərin döyüş hazırlığı ilə bağlı hər hansı yoxlama aparıb-aparmadığı barədə suala Koçaryan "xeyr, çünki heç kim, xüsusən də "İsgəndər"lə bağlı belə şübhələri düşünə bilməzdi".
Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin isə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” paket kompleksi ilə bağlı dediklərinə görə açıq şəkildə üzr istəməlidir.
O bildirib ki, Paşinyan Rusiyanın silahlarını tənqid edərək Qafqazdakı münaqişənin nəticələrində özünün günahsız olduğunu göstərmək istəyir.
Şerinə görə, Ermənistanın baş naziri üzr istəməlidir. Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini hesab edir ki, əvvəlcə öyrənmək lazımdır. Paşinyan “İsgəndər”in taktiki- texniki xüsusiyyətlərini ümumiyyətlə oxuyub, bu raketin nə üçün istifadə edildiyini bilir?
“Düzü, şikayətin nə olduğunu tam anlamıram. Yəqin ki, Paşinyanın hərbi məsələlərlə heç bir əlaqəsi olmayıb. Biz onun sözlərini ciddiyə almalıyıq. Bir adam belə şeylər deyirsə, yoxlama aparılmalıdır. 10 “İsgəndər” raketinin buraxıldığını və yalnız birinin partladığını necə hesablamaq olar? Digər doqquzu hara düşdü və partlamadı? Hesab edirəm ki, Paşinyan açıq şəkildə üzr istəməlidir” - deyə Aleksandr Şerin vurğulayıb.