Abidələrimizə görə “narahat” olan ölkələr öz keçmişlərinə baxsınlar - Tarixçi alim Siyasət

Abidələrimizə görə “narahat” olan ölkələr öz keçmişlərinə baxsınlar - Tarixçi alim

Təxminən iki əsrdən çoxdur ki, ermənilər Azərbaycanın maddi mədəniyyətini ya dağıdır, yaxud da məqsədini və formasını dəyişərək özününküləşdirir. Ermənilərin törətdikləri bu mədəni cinayət hər kəsin gözü önündə baş verir, mədəni-tarixi abidələrin öncəki durumunu göstərən yazılı, foto və video faktlar mövcuddur, sonrakı vəziyyəti isə göz qabağındadır.

Bunu Trend-ə AMEA, Elm Tarixi İnstitutu, Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Onun sözlərinə görə, bütün bu faktlara rəğmən dünya ictimaiyyəti ya bunu görmür və ya görmək istəmir. Əvəzində isə bizə Azərbaycanın öz tarixinə aid olan, qədim azərbaycanlıların inşa etdikləri xristian abidələrin gələcək vəziyyəti haqqında “narahatlıq”larını ifadə edirlər:

"Çox gülünc bir vəziyyətlə qarşı-qarşıyayıq və absurd iddialara cavab vermə məcburiyyəti hiss edirik. Abidələr bizə aiddir, Azərbaycanın xristian tarixi vardır və bu abidələri bizim xristian ata-babalarımız tikiblər. Bizim abidələrimiz haqqında keçmişində qara ləkələr olan Qərb dövlətlərinin ehkam kəsməsi cılız bir iddiadan başqa bir şey deyil. Yaxşı olardı ki, bizim tarixi abidələrimizə görə “narahat” olan ölkələr bir də öz keçmişlərinə baxsınlar. Amerikadakı dövlətlər qədim amerikan mədəniyyətinin dağıdılıb və əhalisinin yox edilib üzərində yeni bir mədəniyyət yaradılması ilə qurulmayıbmı?! Avropa ölkələrinin bir çoxları öz müstəmləkələrinin maddi mədəniyyətini öz muzeylərinə daşımayıblarmı?! Qədim Misir mədəniyyəti fransız “araşdırmaçılar” tərəfindən yağmalanırdı və varlı insanlara satılırdı. Osmanlı İmperiyasının təzyiqi ilə bəzi əşyalar geri qaytarıldı və indiki Misirdə Qahirə Dövlət Muzeyi yaradıldı. İraqda İkiçayarası mədəniyyəti – Aşşur və Babil mədəniyyət abidələri bütöv bir qədim şəhər də daxil olmaqla dünyanın gözü önündə İŞİD bəhanəsi ilə tamamən yox edilmədimi?! Kim buna reaksiya verdi? İndi kim kimdən maddi mədəniyyət abidələrinin qorunması əndişəsini soruşur?"

Ermənilərə gəlincə, tarixçi bildirib ki, Azərbaycan ərazisində ermənilərin dağıntılar aparması, məscidlərin ya dağıdılması, ya da kilsəyə çevrilməsi, Alban məbədlərinin erməniləşdirilməsi XIX əsrin 30-cu illərindən sonra daha da kütləvi hal alıb:

"Onlar bu dağıntıları ilk öncə qərbi Azərbaycan torpaqlarında ardından isə Qarabağda gerçəkləşdirdilər. Ermənilərin Azərbaycan maddi mədəniyyətinə qarşı vəhşiliyi sadəcə qərbi Azərbaycan və Qarabağ ilə bitmədi, Bakıda belə dağıntılar törədildi. 1918-ci ilin mart soyqırımı zamanı Bakıda sadəcə azərbaycanlılar öldürülməmişdi, Bakının maddi mədəniyyət abidələri də dağıdılmışdı. Buna misal olaraq Təzə pir məscidi, “Kaspi” qəzetinin mətbəəsini, öz füsunkar gözəlliyi ilə hər kəsi heyran qoyan İsmayilliyə binasını göstərmək olar. Bu proses dayanmadı, Qarabağ ərazisində 90-cı illərdən başlayaraq 30 il ərzində bir çox abidələrimiz tamamən dağıdıldı.

Bütün bu saydığımız faktları dünya mətbuatı ya görmür, ya da görmək istəmir".