Artan vergi ödəmələri və vergidən yayınma halları
17 Aprel 23:40
Azərbaycanda insan hüquqlarının qorunmasına və cəza-icra siyasətinin humanistləşdirilməsinə daim önəm verən Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dövlət başçısının milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır. Bu sərəncam müxtəlif siyasi qütblərdə və sosial şəbəkələrdə müsbət qarşılanıb və alqışlanıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 475 nəfər əfv edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Əfv Sərəncamı ümumilikdə 625 nəfərə şamil edilib.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev qəzetimizə verdiyi açıqlamasında
Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamaqla növbəti dəfə böyük bir humanistlik nümayiş etdirdiyini deyib. Partiya sədrinin fikrincə, Prezident bu xeyirxah addımla on minlərlə vətəndaşı sevindirib, ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcək addım atıb: “Bu sərəncam xalqımız üçün əziz olan Novruz Bayramı ərəfəsində minlərlə ailənin, onminlərlə insanın sevinci deməkdir. Prezident İlham Əliyev hər il əlamətdar günlər ərəfəsində minlərlə ailəni sevindirib. Məhz bu sevincin təmin edilməsi üçün Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq sərəncam imzalayıb. Prezidentin bu xeyirxah addımı vətəndaşa verilən dəyərdən xəbər verir”.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Prezidentin son əfv sərəncamını ölkədə siyasi münasibətlər sisteminin yeni mərhələyə çıxarılması kimi də dəyərləndirilə bilər. Əfv edilən 625 nəfər yalnız deyil, hər birinin ailəsi, qohum-əqrabası, yaxınları, əzizləri var. Bir bu qədər ailə sevinir, arzularına yetişir, milli bayramı yüksək ovqatda qeyd edəcəklər: “Amma bu sərəncamın humanist mahiyyəti ilə yanaşı, siyasi çalarları da var. Son günlər ərzində silsilə şəkildə gerçəkləşdirilən tədbirləri nəzərə alsaq, sonuncu əfv sərəncamını siyasi amnistiya aktı, ölkədə siyasi münasibətlər sisteminin yeni müstəviyə çıxarılması kimi də dəyərləndirmək olar. Martın 13-də siyasi mövqeyindən, hər hansı bir düşərgəyə mənsubluğundan asılı olmayaraq, bütün spektrləri əhatə edən şəxslərdən ibarət media və QHT nümayəndələri bir araya gətirildi, hakimiyyət nümayəndələrinin iştirakı ilə Ağdama səfər təşkil edildi. Bundan 2 gün sonra isə müxtəlif ideologiyalı partiyalar bir araya gətirildi, onların da Ağdama səfərləri təşkil edildi. Ardınca da əfv sərəncamı. Bu sərəncam da siyasi mənsubiyyətindən, dünyagörüşündən, hakimiyyətə münasibətindən fərqli olmayaraq, hər kəsə şamil edilib. Əfv sərəncamında adı keçənlərin 40-a yaxını siyasi məhbus siyahılarında yer alırlar. Onlardan bir neçəsi (4 nəfər deyilir) müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Təqribən 3 nəfər 2018-ci ilin yayında “Gəncə qiyamına” görə həbs edilmiş şəxslərdirlər. Əfvə düşənlərin sırasında 2015-ci ildə Nardaran qəsəbəsində baş verən olaylara görə həbs edilənlər də var. Yəni, “Nardaran məhbusları" da əfv edilənlərin sırasındadırlar. Ölkədə bütün sahələri əhatə edən islahatlar dalğası siyasi münasibətlər sistemini də dəyişir. Media sahəsində, ictimai-siyasi sektorda aparılan son islahatlar öz nəticəsini verir, yeni münasibətlər sistemi tətbiq edilir”.
Politoloq Məhəmməz Əsədullazadə də Prezidentin əfv sərəncamını yüksək dəyərləndirib. Politolq deyib ki, Novruz bayramı ilə əlaqədar prezidentin əfv sərəncamı ölkədə humanitar missiyanın ən bariz nümunəsidir: “Məhz bu sərəncamla ölkəmizdə cəmiyyətin bütövləşməsi, dövlət başçısının bu istiqamətdə siyasəti yüzlərlə ailənin sevinməsinə səbəb oldu. Həmçinin burada adı siyasi məhbus siyasında olan şəxslərin azadlığıa çıxması bu sahədə atılan növbəti uğurlu siyasi gedişdir. Hesab edirəm ki, ərazilərimizin işğaldan azad edilməsi və bunun ardınca bu sərəncam ölkəmizdə birliyin möhkəmlənməsinə stimul verir. Məhz bundan irəli gələn humanizm dəyərlərini rəhbər tutaraq bu kimi əfvin verilməsi dövət başçısının insan hüquqları sahəsində öz vətəndaşına verdiyi dəyədir”.
“Prezident İlham Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını daim diqqətdə saxlayır. Ötən gün imzalanan əfv sərəncamı da bu humanizm siyasətinin davamıdır”-deyən Milli Məclisin deputatı Afət Həsənova bildirib ki, bu əfv sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir: “Bildiyiniz kimi ötən gün imzalanan əfv sərəncamına əsasən, 625 məhkum əfv edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.
Bu çox böyük bir humanist addımdır və koronavirus səbəbindən yaşadığımız çətin günlərdə və xalqımızın əziz Novruz bayramı ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu. Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır və eyni zamanda bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb. Bu srəncam bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır”.
Deputat vurğulayıb ki, bu əfv sərəncamının eyni zamanda böyük tərbiyəvi və mənəvi-psixoloji əhəmiyyəti var: “Əfv olunan şəxslər cəzaçəkmə müəssisələrində islah olunub, onlar öz törətdikləri əməldən peşman olduqlarına görə bağışlanılmaqları üçün müraciət ediblər və onların bu müraciətləri nəzərə alınıb. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər”.
Cavid