Ermənistanın müharibə cinayətləri sərhəd tanımır - Fransanın "Lagazetteaz.fr" qəzeti Siyasət

Ermənistanın müharibə cinayətləri sərhəd tanımır - Fransanın "Lagazetteaz.fr" qəzeti

"lagazetteaz.fr" onlayn fransız qəzetində "Qarabağ: Minalanmış sahələrin xəritəsi niyə verilmir? - Ermənistanın müharibə cinayətləri sərhəd tanımır" başlıqlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə mina partlayışı ilə bağlı 15 hadisə baş verib. 30 mülki şəxs minaya düşüb. Onlardan 14 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb:

"Müharibədən cəmi 4 ay keçməsinə baxmayaraq, bu qədər mülki şəxsin minaya düşməsi Azərbaycan və bir çox dünya ölkələrini narahat edir. Lakin bütün bunlara rəğmən, Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etmir. Dünya dövlətləri tərəfindən bununla bağlı çoxsağlı çağırışlar olsa da Ermənistana birbaşa təzyiqlər göstərilmir. Beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən öncə olduğu kimi, yenə susqunluq nümayiş etdirir. Nəticədə Ermənistan da öz müharibə cinayətlərini davam etdirir".

Həmçinin, qeyd edilir ki, Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə birinci növbədə sülhə mane olur. İkincisi isə bu, bütün beynəlxalq qanunlara, prinsiplərə ziddir və hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır.

Məqalədə Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bu məsələ ilə bağlı fikirlərinə də yer verib. "Minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz" - deyə, dövlət başçısının nitqindən sitat təqdim olunub.

Məqalədə, həmçinin Ermənistanın müharibə cinayətləri barədə hərbi ekspertlər və xarici medialarda dərc olunan məqalələrdən bəhs edilib. Həm ekspertlər, həm də media resursları "minalanmış ərazilərin xəritəsini Ermənistan Azərbaycana verməlidir, əks halda, bu, hərbi cinayət hesab olunur" deyə, qeyd edirlər.

O da vurğulanır ki, bütün bunlar Ermənistanın düz yola qayıtması üçün yetərli deyil. Ona görə də dünya birliyi – beynəlxalq təşkilatlar və nüfuzlu ölkələr Ermənistana konkret təzyiqlər göstərməli və ya sanksiyalar tətbiq etməlidir. Əks təqdirdə, Ermənistanın bu naqis niyyəti ucbatından onlarla günahsız mülki şəxsin həyatı hələ də təhdid altında qalacaq.