Senatorların məktubu nəyin göstəricisidir? Siyasət

Senatorların məktubu nəyin göstəricisidir?

Elışən Musayev: "Bu o deməkdir ki, Amerika birmənalı şəkildə qəsbkar, separatçı erməninin tərəfindədir"

Elman Nəsirli: "Hər kəsə bəllidir ki, Con Kerri erməni lobbisinin əsas simalarından biri olub"

Məlum olduğu kimi ABŞ Dövlət katibi olan Con Kerri və digər 20 senatorun 1990-cı ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçova ünvanladığı inanılmaz müraciət ortaya çıxıb.
Müraciət 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir üzvü tərəfindən Qorbaçova edilib. Saytının yaydığı müraciətin mətnində amerikalı senatorların son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalisinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməninin qaçqın vəziyyətinə düşdüyü iddia edilir: Müraciətdə Qorbaçovdan bütün zəruri tədbirlərin görülməsi istənilir: "Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz". Müraciəti imzalayan senatorlar arasına ABŞ-ın indiki dövlət katibi Con Kerri də var.
Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb. Söhbət əsnasında K. Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir.
"Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir", – K.Pell vurğulayıb.
Bu sənədin ortaya çıxması həmsədr ölkələrin simasını bir daha ortaya qoyub.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyib ki, bu tarixi sənəd sadəcə olaraq bir daha ABŞ, eləcə də Qərb ölkələrinin Qarabağ probleminə necə ikili yanaşmalarının sübutudur". "Biz dəfələrlə bu halın şahidi olmuşuq. Hesab edirəm ki, məhz elə bu cür faktlara əsaslanaraq ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi məsələsi qaldırılmalı və həmsədrlər dəyişdirilməlidir" – deyə V.Zifəroğlu əlavə edib.
"Biz deyəndə ki, saxta Qərb demokratiyası uzun illərdir öz marağından, ambisiyasından, "katalizator" ruhundan savayı ortalığa heç nə qoymayıb, bəşəriyyətə heç bir töhfə verməyib, bu sözümüzə ağız büzənlər tapılırdı. Oysa, buyursunlar və görsünlər: Amerikanın haradan hara uzanan əlini, ideoloji xəttini və oyunbazlığını", -deyən politoloq Elşən Musayev deyib ki, hansı ki, tarix boyunca Azərbaycan da məlum silsilənin, estafetin qurbanlarından biri olub: "Və ya ortalıqdakı bu fakt bir daha sübut edir ki, ölkəmiz zaman-zaman öz həqiqətlərinin sübutu üçün az qala bütün dünyanı gözə almaq məcburiyyətini daşıyıb, bir tək erməni şərəfsizlərin deyil, həm də Amerika kimi nəhəngin saxta spekulyasiyalarından sığortalanmalı olub".
Onun sözlərinə görə, yüzlərlə belə fakt var: "Diqqət edin: ABŞ senatorları hələ 1990-cı ilin martında iddia ediblər ki, zorakılığa məruz qalan tərəf ermənidir. Pit Uilson, Pol Seymak, Lerri Breksler, Con Keri və Kleyborn Pellin kimi simalar Qorbaçova ünvanladıqları məktubda az qala yalvarırlar, tarixi prosesləri saxtalaşdırıb israrla inad edirlər. Nə var, nə var ciblərinə qoyduqları 3-5 manat erməni lobbisinin pulunu rahat xərcləyə bilsinlər. Amma sonradan məlum olur ki, həmin senatorların bəzisi həm də erməni əsilli imiş. Nə deməkdir bu? – O deməkdir ki, Azərbaycan həqiqətləri ilə bağlı mərkəzdənqaçmalar, sapmalar, istiqamət dəyişmələr 1990-cı ildən bəri davam edir. Bu o deməkdir ki, Amerikanın üzdə malalanmış, üstəgəl cilalanmış saxta demokratiyası düz 25 ildir Azərbaycan həqiqətləri üzərində manipulyasiya edir".
E.Musayev əlavə edib ki, bu o deməkdir ki, Amerika birmənalı şəkildə qəsbkar, separatçı erməninin tərəfindədir: "Yox əgər belə olmasaydı erməni dövlətinin yazıq tablosu uzun illər boyunca bu qədər "məharətlə" çizilməzdi, mədəniyyətsiz bir millətin mədəni özgürlüyü tələb olunmazdı, yüzlərlə insanın qətlinə bais dövlətin, millətin timsalında sülh çağırışı edilməzdi... Məncə Amerikanın rəsmi qurumları Xədicə və onun kimi agentlərin həbsinə, eyni zamanda 3-4 nəfərlik heyəti olan "Azadlıq" adında mənasız radionun bağlanmasına canı dildən, ürəklə, xüsusi canfəşanlıqla münasibət bildirməkdənsə bu cür faktların izahını versə daha yaxşı olar. Çünki bu artıq nə qəzet, nə də məhkəmə söhbəti deyil. Bu tarixin protokoluna çoxdan həkk olunan məqamlardır".
Politoloq Elman Nəsirli isə "hər kəsə bəllidir ki, Con Kerri erməni lobbisinin əsas simalarından biri olub",- deyə bildirib. Onun sözlərinə görə, 1990-cı ildə ABŞ konqresinin senatoru olan Con Kerri azadlığa müdafiə aktının 907-ci maddəsinin müəllifi kimi çıxış edib: "Bunun ardınca 1992-ci ilik oktyabr ayının 24-də konqresdə həmin o layihə əsasında Azərbaycana qarşı dövlət səviyyəsində iqtisadi yardımı qadağan edən bir sənəd qəbul olundu. Bu sənədə çox zaman 907-ci maddə, sinonim söz kimi isə "Con Kerri düzəlişi" də deyilir. Onu da qeyd edim ki, Ermənistan tərəfi Con Kerrinin dövlət katibi seçilməsindən çox məmnun qalmışdı. Sadəcə olaraq senator olan zaman Con Kerri tamam fərqli motivdən çıxış edib ancaq dövlət katibi olduqdan sonra o ABŞ dövlətinin siyasi maraqlarını müdafiə etmək üçün özünə tam fərqli bir yol seçib.
ABŞ senatorlarının Mixail Qorboçova ünvanladıqları məktubda adı olan Con Kerri, məhz Azərbaycan xalqına qarşı törədilən cinayətkar əməllərdə Qorboçovu şirnikləndirən şəxslərdən biri olub. Yəni bir növ arzərbaycanlılara qarşı törədilən cinayətlərin baş memarlarından biri də Con Kerridir. Bu hadisəni də göz önündə tutduğumuz zaman ABŞ-ın Azərbaycanla bağlı verə biləcəyi ədalətli qərarlar "bəyanatlar çərçivəsi"ndən kənara çıxmır. ABŞ-ın son dövrlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda atdığı yeganə addım ötən il hər iki dövlətin prezidentlərinin görüşünü təşkil etməsi ilə bağlıdır. Bu görüş də fürsətdən istifadə olunaraq NATO sammiti ərəfəsində təşkil olundu. Yəni əslində orada əsas məsələ, məhz NATO-nun sammitinin təşkil olunması idi. Sadəcə olaraq hər iki ölkə başçısının sammitdə iştirak etməsini nəzərə alaraq bu görüş formal olaraq təşkil olundu. Tam əminliklə deyə bilərik ki, ABŞ-ın münaqişənin həlli məsələsində heç bir qətiyyətli addımı yoxdur. Bu münaqişənin həlli məsələsi ABŞ-ın həll etməyə çalışdığı bir çox problemlər sırasında sonuncu yerdə qərarlaşıb. Xüsusilə də ABŞ-da dövlət katibi postunda ermənipərəst Con Kerrinin olması bir daha təsdiq edir ki, münaqişənin həlli məsələsində ABŞ-dan obyektiv mövqe tutmasını, prossesin həllinə intensiv dəstək göstərməsini gözləmək sadəlövhlük olardı".

Əli