Deputat: "Almaniya Azərbaycana qarşı dezinformasiya maşınını işə salıb" Siyasət

Deputat: "Almaniya Azərbaycana qarşı dezinformasiya maşınını işə salıb"

“Dövlət iki halda çox ciddi müəyyən beynəlxalq siyasi dairələrin təzyiqi altına düşür. Birincisi çox-çox zəif olanda, ikincisi, nə qədər paradoksal səslənsə də, güclü olanda...”

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov deyib.

Deputat bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycan zəif olduğundan çox ciddi təzyiqlərlə rastlaşdırdıqsa, indi bu təzyiqlər güclü olduğumuz üçün bizə yönəlib: “Xüsusilə Vətən müharibəsində qələbəyə imza atdıqdan sonra müəyyən beynəlxalq siyasi dairələr, o cümlədən Fransadakı müəyyən siyasi hakimiyyət üzvləri Azərbaycanla diqtə diliylə danışmaq istəyirlər. Bu halda müxtəlif yalan, iftira, dezinformasiya maşınını işə salmağa başlayırlar və Azərbaycana qarşı təzyiq elementlərindən istifadə edirlər. Buna səbəb Azərbaycan dövlətinin və onun ali siyasi rəhbərliyinin müstəqil siyasət həyata keçirməsidir. Çünki Azərbaycan müəyyən beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, öz xalqının milli maraqlarından irəli gələn siyasət həyata keçirir. Vətən Müharibəsi dövründə biz Almaniya xarici işlər nazirinin də müəyyən davranışlarının şahidi olduq. Onlar heç bir vəchlə Azərbaycanın birtərəfli qaydada öz ərazi bütövlüyünü təmin etməklə bağlı siyasətini qəbul etmək istəmirlər. Məhz onların diqtəsi altında addımların atılmalı olduğu ilə bağlı xətt yeridirdilər”.

E. Nəsirov qeyd edib ki, bu və ya digər dövləti tənqid edərkən özünə güzgüdə baxmaq lazımdır ki, buna mənəvi haqqın olsun: “Almaniya Birinci Dünya müharibəsi zamanı milyonlarla insanın fəlakətinə səbəb olub. İkinci Dünya müharibəsinin başlanmasının səbəbkarı da Almaniya olub və yenə də milyonlarla insanın fəlakətinin səbəbkarı olub. İndi isə Almaniyada neofaşizm cərəyanı yenidən baş qaldırıb. PEGİDA adlı neofaşist gənclər təşkilatı peyda olub. Bu irqçi cərəyan Almaniyanın Saksoniya əyalətinin Drezden şəhəri mərkəz olmaqla bütün Avropada müsəlman miqrantlar əleyhinə kütləvi etirazlar keçirir. Onlar antiislam, islamafob, türkəfob şüarlar səsləndirirlər. Belə bir ölkənin siyasi rəhbərliyi, müəyyən siyasi dairələri özlərinin dünya üçün təhlükəli proseslərinin, tendensiyalarının qarşısını alsınlar, onlarla mübarizə aparsınlar. Onlar isə mübarizə aparmaq üçün Azərbaycanı seçiblər. O ölkə ki, müsəlman dünyasında sabitlik adasıdır, mültikulturalizmin mühüm mərkəzlərindən biridir, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verir və Azərbaycandan dünyaya sadəcə sülh və əmin-amanlıq gəlir. Xalqımız bütün bunları görür. Buna görə də bu təzyiqlər əks effekt yaradır. Xalqın birliyi daha da güclənir, hakimiyyət-xalq birliyi daha da möhkəmlənir. Hesab edirəm ki, bütün bunlar da Azərbaycan əleyhinə olan Almaniyadakı siyasi dairələrin yuxusuna haram qatır və onlar dezinformasiya maşınını işə salırlar”.