Şərəf Malkoç: “Ermənistanın müharibə cinayətlərinə dair faktlar Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilib” Siyasət

Şərəf Malkoç: “Ermənistanın müharibə cinayətlərinə dair faktlar Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilib”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ankaraya səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, S. Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyənin Ombudsman təşkilatında olub, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçla görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında S. Əliyeva bildirib ki, Azərbaycan və Türkiyə dövlət başçılarının apardıqları uğurlu siyasət nəticəsində hər sahədə, o cümlədən insan hüquqları sahəsində də əməkdaşlıq genişlənməkdədir: “2017-ci ildə imzalanmış sazişə əsasən, iki ölkənin Ombudsman təşkilatı arasında daim təcrübə və fikir mübadiləsi aparılır. Xüsusi olaraq qeyd etmək istərdim ki, Zəfərlə bitən 44 günlük Vətən müharibəsi müddətində dəvətimizi qəbul edib Türkiyədən gələn Türkiyə Ombudsman təşkilatının nümayəndə heyəti erməni terrorunun hədəfinə çevrilən Gəncə şəhərində oldu və biz birlikdə faktaraşdırıcı missiya həyata keçirdik. Bu missiyanın nəticəsində beynəlxalq aləmə səs salan hesabat hazırlandı. Buna görə türkiyəli həmkarlarımıza xüsusi təşəkkürümüzü bildiririk”.

Sözügedən hesabat haqqında danışan Ş. Malkoç deyib ki, həmin faktlar sənədləşdirilərək ingilis dilinə çevrilib və Türkiyədəki 114 ölkənin səfirliyinə, eləcə də dünyadakı 167 Ombudsman təsisatına, insan haqları təşkilatlarına, BMT-yə, Avropa Parlamentinə, Avropa ölkələrinin parlamentlərinin insan haqları komissiyalarına, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunub: “Ümid edirəm ki, bu hesabatda əks olunan, insanlıq əleyhinə törədilən cinayətlərə görə, Ermənistan rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi qarşısında məsuliyyətə cəlb olunacaq. Hesab edirəm ki, Azərbaycan tərəfinin və bizim təqdim etdiyimiz faktlar əsaslı bir sübut olaraq dəyərləndiriləcək. Törədilən cinayətlər cəzasız qalmamalıdır”.