Almaniya Minsk Qrupuna üzv olarsa… Siyasət

Almaniya Minsk Qrupuna üzv olarsa…

Almaniya Fransa ilə əvəz oluna bilərmi?

Cavid

Prezident İlham Əliyevin Almaniyaya reallaşdırdığı səfərdən sonra gündəmə gələn mövzulardan biri də bu dövlətin Minsk qrupuna, həmsədr ölkələr sırasına qatılması məsələsidir. Bunun yenidən geniş müzakirə obyektinə çevrilməsinə səbəb olan məqam Almaniya kansleri Angela Merkelin Berlində prezident İlham Əliyevlə keçirdiyi brifinq zamanı Qarabağ münaqişəsi haqda obyektiv fikirlər bölüşməsi və sözügedən əraziləri Azərbaycan sərhədləri çərçivəsində tanıdıqlarını növbəti dəfə bəyan etməsi olub.
Xatırladaq ki, xanım Merkel açıqlamasında etik çərçivəni pozmayıb həmsədr ölkə olmaq istədiklərini konkret şəkildə deməsə də, bu mövzuda obyektiv mövqe tutaraq Azərbaycanı dəstəklədiklərini və məsələnin sülh yolu ilə həllində maraqlı olduqlarını söyləməsi bu istəklərinin təzahürü kimi qəbul olunur. Onu da deyək ki, bu fikir onlarda prezidentin səfəri ərəfəsində formalaşmayıb və nəyəsə hesablanaraq səsləndirilən ifadələr deyil. Belə ki, Almaniya hər zaman Qarabağ münaqişəsindən danışarkən məsələnin ərazi bütövlüyü çərçivəsində həll edilməsini vurğulayıb və Azərbaycan torpaqlarının geri qaytarılmalı olduğunu bildirib.
Onu da bildirək ki, 2009-cu ildə Almaniya Bundestaqının qəbul etdiyi "Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi" adlı qətnamədə də Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünü tanınıb və regiondakı münaqişələrin həlli məsələsində dövlətlərin suverenliyi, onların razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsipləri üstün tutulub. Hər zaman münaqişəyə obyektiv münasibəti ilə seçilən Almaniyanın həmsədr ölkə kimi fəaliyyətə başlamağa maraq göstərməsi ölkəmiz üçün olduqca müsbət haldır. Amma politoloqlar Almaniyanın həmsədrlik perspektivi barədə danışarkən bunun rahatlıqla və asanlıqla həll ediləcək məsələ olmadığını nəzərə çatdırırlar.
Millət vəkili Azay Quliyev öz facebook səhifəsində yazıb ki, Almaniyanın kansleri xanım Merkel prezident İlham Əliyevlə keçirtdiyi brifinqdə atəşkəsin pozulmasında (Azərbaycanın ərazisinin işğalı kimi də qəbul etmək olar) Ermənistanın Rusiya tərəfindən dəstəklənməsi faktını açıq şəkildə qeyd edib. İlk dəfə idi ki, bu həqiqət xarici ölkənin lideri, xüsusilə dünyanın aparıcı ölkələrindən biri olan Almaniyanın hökumət başçısı tərəfindən etiraf olunurdu.
Deputatın xanım Merkelin bu bəyanatını və münaqişənin həlli ilə bağlı ölkəsinin, eləcə də Avropa İttifaqının daha fəal olacağı haqqında səsləndirdiyi fikirlərini təqdir edib: "Düşünürəm ki, Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsdərliyinə gətirilməsi məsələsi XİN tərəfindən rəsmi olaraq müzakirəyə çıxarılmalı və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırıram".
Politoloq Vasif Əfəndi isə bildirib ki, Merkel "Rusiya və Ermənistan Qarabağ məsələsində eyni mövqedən çıxış edir" deməklə Qarabağın faktiki olaraq Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi: "Azərbaycan prezidentinin Almaniyaya səfəri keyfiyyətcə indiyə qədər edilmiş bütün səfərlərdən köklü surətdə fərqlənir. Əvvəla hazırki durumda ölkəmizə qarşı aparılan insan haqları ilə bağlı təzyiqlərin fonunda bu səfəri reallaşdırmaq həqiqətən də böyük cəsarət və siyasi iradə tələb edir. Bütün bu iradlara baxmayaraq Almaniya Azərbaycan prezidentini yüksək səviyyədə qarşıladı. Xanım Merkel çıxışında ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin yüksək səviyyədə olmasını qeyd etməklə yanaşı bu əlaqələrin daha da artacağı mesajını verdi. Merkel çıxışında həmçini Azərbaycanın infrastrukturunun bərpası və digər sahələrə investisiyalar qoymaq imkanlarının olduğunu da vurğuladı. Bir sözlə bəzi siyasət naşıları Azərbaycanın qərblə münasibətlərinin korlandığını sevinərək qeyd etməsinə rəğmən həqiqətin tamam başqa olması göz qabağındadır. Bütün bunlara sübut olaraq onu da əlavə etmək istəyirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyin öz üzərinə götürən ölkədir. Azərbaycan prezidentinin Almaniyaya səfərinin əsas diqqəti çəkən məqamı isə Anqela Merkelin Qarabağ probleminin həllinə öz töhfəsini vermək istəməsini dilə gətrməsidir. Xanım Merkelin Almaniyanın ATƏT -in Minsk qrupunun həmsədri olmaq barədə təklifi çox təqdirəlayiqdir və hesab edirəm ki. 20 ildir həmsədr ölkələrin həll etmək istəmədiyi problemi çözmək üçün bir şans yarana bilər".
Politoloq Natiq Miri isə qeyd edib ki, Almaniyanın həmsədrlik kürsüsünə əyləşəcəyi inandırıcı görünmür: "Bu, təbii ki, nəzəri cəhətdən mümkündür. Amma praktiki tərəfini və bir sıra geosiyasi maraqları nəzərə aldıqda, məsələni indiki şəraitdə real hesab etmirəm. Çünki sayın artırılması üçün təkcə Azərbaycanın istəyi yetərli deyil. Buna Ermənistan və digər dünya gücləri də razılıq verməlidir. Elə təkcə Ermənistanın etiraz etməsi də yetərlidir. Bəri başdan məlumdur ki, onlar bunu istəməyəcək. Nə Almaniyanın, nə də Türkiyənin həmsədr ölkə kimi iştirakı qətiyyən onların maraqlarına uyğun deyil. Çünki hazırkı vəziyyət Ermənistanın ürəyincədir. Həmçinin, Rusiya və Fransa da birmənalı olaraq, onların maraqlarını müdafiə edir. Sadəcə, ABŞ balanslaşdırıcı bir güc mərkəzi kimi Minsk qrupu həmsədr dövlətləri içində nəzərdə tutulub. Bütün hallarda, bu prosesi o qədər də asan hesab etmirəm".
N.Miri vurğulayıb ki, Fransanın Almaniya ilə əvəz olunması real deyil: "Bunun üçün ilk olaraq Azərbaycan Fransadan imtina etməlidir. Mən bunu mümkün hesab etmirəm. İnanmıram ki, ölkəmiz belə addım atsın. Düşünürəm ki, Fransanın Almaniya ilə əvəz olunmasındansa, Avropa İttifaqının iştirakı daha yaxşı olardı. Çünki Avropa İttifaqının vahid siyasi, iqtisadi məkan kimi təsir imkanları və mexanizmləri həm Ermənistana, həm Azərbaycana, həm də Rusiyaya daha çoxdur. Ona görə də bu variantı daha məqsədəuyğun hesab edirəm. Məncə, bu yolla proseslər də xeyli canlanacaq".
Politoloq Elxan Mehdiyev isə qeyd edib ki, Avropada söz sahibi olan ölkə Almaniyadır. Həm də Avropanın maliyyə cəhətdən ayaqda qalması üçün mühüm əhəmiyyət kəsb edir və aparıcı iqtisadi gücə sahib ölkələrdəndir.
Onun fikrincə, Almaniyanın ora qatılması təşəbbüsü rəsmi Berlinin dünyadakı rolunun köklü dərəcədə dəyişməsi ilə bağlıdır: "Avropada artıq Almaniya təhlükəsizlik sahəsində bəlkə də ən önəmli rol oynayan ölkədir. Bunu Ukrayna hadisələrində də şahidi olduq.
Rusiya ilə bütün məsələlərin Almaniyanın və Fransanın iştirakı ilə aparıldığını qeyd edən müsahibimiz bildirdi ki, Almaniyanın Qarabağ münaqişəsi məsələsinə qoşulması, vasitəçi olması inandırıcı görsənmir: "Çünki onun daşıyacağı çoxlu məsuliyyət var. Eyni halda ATƏT-in Minsk qrupunun indiki həmsədrləri qurumu monopoliyaya alıblar və Almaniyanın ora üzvlüyü hansısa ölkənin oradan çıxması ilə mümkün olacaq. Bu məsələ hələ ki, sual altındadır. Rusiya istəyər ki, Amerika oradan çıxsın və yerinə Almaniya keçsin. Rusiyanın indiki prezidenti Vladimir Putin Almaniya ilə daha sıx münasibətdədir. Təbii Rusiyanın Fransa ilə də ənənəvi xoş münasibətləri var. Lakin söz sahibi kimi, həm də tutduğu yerə görə Almaniya ilə münasibətləri yaxşıdır. ABŞ-la isə münasibətləri ürək açan olmadığına görə, Rusiya onunla tərəfdaşlıq etməyə üstünlük vermir. Bu baxımdan Almaniyanın qatılması Rusiya ilə bu məsələni daha da açıq və intensiv şəkildə müzakirəyə gətirib çıxaracaq".
Politoloq daha sonra bildirib: "Almaniya kansleri Angela Merkel bildirir ki, guya Azərbaycan tərəfi Avropa Şurası ilə bu haqda danışır. Təbii Avropa institutlarının qoşulması Azərbaycanın maraqlarına uyğundur. Amma ermənilər hər bir halda bunun əleyhinədir. Onlar istəyirlər ki, Qarabağ münaqişəsi məsələsi gündəmdə olmasın. Həmsədrlər isə öz mənafelərindən çıxış edir və münaqişənin beynəlxalq təşkilatların əlinə keçməsində maraqlı deyillər. Düşünürəm ki, Almaniyanın Qarabağ münaqişəsi məsələsinə vasitəçiliyinə Rusiya etiraz etməz. Azərbaycan da dəstəkləyərsə, Almaniya 3-cü üzvün yerinə keçə bilər."