Azərbaycan beynəlxalq ekspertləri “İsgəndərlər”in təhqiqatına cəlb edə bilər - MƏQALƏ Siyasət

Azərbaycan beynəlxalq ekspertləri “İsgəndərlər”in təhqiqatına cəlb edə bilər  - MƏQALƏ

“Ermənistan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın “İsgəndər” əməliyyat-taktiki raket sistemindən (OTRK) istifadə edib-etməməsi məsələsi münaqişə bitdikdən sonra bir neçə ay açıq qaldı”.

APA-nın Moskva müxbirinİN xəbərinə görə, bu fikirlər “Rosbalt” agentliyində Sergey Petrovun müəllifi olduğu məqalədə öz əksini tapıb.

Müəllif bildirib ki, bu barədə müxtəlif fikirlər söylənilib, lakin dəqiq bir məlumat olmayıb: “Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) faktiki dəlilləri - işarələnmiş raket qalıqlarını təqdim etməsi ilə bir tərəfdən bu raketlərin istifadəsi ilə bağlı sualları ortadan qaldırsa da, digər tərəfdən bu, yeni və daha mürəkkəb sualların meydana çıxmasına səbəb oldu. “İsgəndərlər" istifadə olunub! Hər şey sabiq prezident Serj Sarkisyandan başladı. Fevralın ortalarında o, yerli telekanala müsahibəsində Ermənistan ordusunun istifadəsində olan “İsgəndər” raketlərinin niyə müharibənin yalnız son günlərində, ancaq Şuşada istifadə olunduğu ilə bağlı sual verdi. “Niyə biz bu raketləri almışdıq? Lazım olan anda istifadə etməmək üçün? Güman edə bilərəm ki, cavab zərbəsindən qorxdular. “İsgəndərlər” bizimdir və biz müttəfiqimizin bu cür silah verdiyi yeganə ölkəyik”, - deyə Sarkisyan qəzəblənmişdi. Ermənistanın hazırkı Baş nazirinin cavabı özünü çox gözlətməmişdi. O, bütün məsuliyyəti Sarkisyanın üzərinə qoydu: “Bəlkə o, cavab versin nəyə görə atılan “İsgəndərlər” vaxtında partlamayıb və ya 10 faiz partlayıb?” Sabiq Baş Qərargah rəisi Movses Akopyan da Paşinyanın bəyanatını təsdiqləyərək “İsgəndərlər”in istifadə olunduğunu, lakin problemin onların partlaması ilə bağlı olmadığını söyləyib. Daha ətraflı olaraq, müharibə dövründə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla gizli söhbətə istinad edərək, tanınmış rusiyalı media meneceri Aram Qabrelyanov “İsgəndər”in istifadəsi barədə danışıb. Onun sözlərinə görə, guya Qasparyan bu raketlərlə Azərbaycanın neft kəmərinə və onun qüvvəsinə zərbə vurmağı təklif edib, lakin Paşinyan beynəlxalq birliyin mənfi reaksiyasından qorxaraq bundan imtina edib. Qabrelyanovun sözlərinə görə, Rusiya bu raketlərin istifadəsinə səssiz razılıq verib. “Ruslar açıq bildirdilər ki, bu, sizin işiniz və müharibənizdir. Şuşanın süqutundan üç gün əvvəl Paşinyandan Şuşanın ətəyində Azərbaycanın çoxlu sayda canlı qüvvəsini iki “İsgəndərlə” vurmaq üçün icazə istədim. Paşinyan bunu qəti şəkildə qadağan edərək, bir anda bir neçə min düşmən əsgərini öldürsək, dünya ictimaiyyətinin bizi lənətləyəcəyini söylədi. Mənə yalnız bir dəfə “İsgəndər”dən istifadə etməyə icazə verildi, o da Şuşa şəhərinə. Mən onu tətbiq etdim” - deyə Qabrelyanov Ermənistan Baş Qərargahının o zamankı rəisindən sitat gətirib. Paşinyanın səs-küylü müsahibəsindən sonra Rusiya Müdafiə Nazirliyi müharibə vaxtı “İsgəndər” OTRK-nın istifadə olunduğunu təkzib etdi. Lakin Azərbaycan tərəfindən təqdim olunan faktlar Rusiya MN-in məlumatının ən azı natamam xarakter daşıdığını və Paşinyanın ilkin versiyasını faktiki olaraq təsdiq edir - raketlərdən istifadə olunub, lakin partlayış elə də effektli olmayıb. Bu kimə lazım idi? İstənilən məsələdə həmişə fayda götürənləri axtarmaq lazımdır. Erməni tərəfinin “İsgəndərlər”dən istifadəsi (“E" və ya "M" versiyası, bu kontekstdə heç bir əhəmiyyəti yoxdur) Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurdu. Bir sıra mütəxəssislərin fikrincə, raketlər partlasa da, Paşinyana görə 10%, bu, Qarabağdakı münaqişə nəticəsində özünü həm Ermənistanda, həm də Azərbaycanda yeganə sülhməramlı kimi Rusiyanın qəbul olunmasına 100% mənfi təsir göstərib. Bir sıra mütəxəssislərin qeyd etdiyi kimi əvvəlcədən Rusiyanın və şəxsən onun prezidentinin eksklüziv təsiri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ürəyincə deyildi. Eyni zamanda, raketlər müharibənin son günlərində istifadə olunmuşdu, dövlətlərin liderləri münaqişənin bitməsi ilə bağlı sazişin üzərində işləyərkən... Sirr deyil ki, qərbli tərəfdaşlar bağlı qapılar arxasındakı proseslərdən xəbərdar idilər və Rusiyanın vasitəçiliyinin və Rusiya sülhməramlılarının münaqişə zonasına yerləşdirilməsinin mümkünlüyünü “sıfırlamaq” tələb olunurdu”, - deyə ekspertlər təsdiqləyirlər. Onların fikrincə, partlamayan “İsgəndər” OTRK-ların effekti bu gün müşahidə olunur - “İsgəndərlər”in istifadəsi faktının özü Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurur, Rusiya MN-in faktlara cavab verməməsi isə yalnız gərginliyi artırır. Əslində, “İsgəndərlər” müəyyən dərəcədə öz missiyasını yerinə yetirirlər, lakin artıq müharibədən sonrakı dövrdə... Bu mütəxəssislərin qeyd etdiyi kimi, Ermənistan müharibənin bütün 44 günündə Rusiyanı münaqişəyə cəlb etmək və qarşıdurmanın tərəfinə çevirmək üçün hər yolla çalışırdı. Ermənistan tərəfi bəyan etmişdi ki, Azərbaycan F-16-lardan istifadə edib, lakin sübut təqdim olunmamışdı, Azərbaycan şəhərlərinin raket atəşinə tutulması Ermənistan ərazisindən o ümidlə edilirdi ki, Bakı cavab zərbəsi ilə Ermənistanı vursun, hansı ki, Azərbaycan bunu etmədi. Sərhəddə təxribat cəhdi olmuşdu və müharibə günlərində Ermənistan Baş nazirinin əmrini icra etməyən sərhəd qoşunlarının komandanı Vaqinak Sarkisyan qovulmuşdu. Ekspertlərin fikrincə, məğlubiyyətin gətirdiyi fəlakətin miqyasını anlayaraq Ermənistan Baş naziri və onun "Soros qrupu" “stavka”ları yüksəltməyə başladı. “İsgəndər” OTRK-nın istifadəsinin məqsədi Türkiyəni müharibəyə tam cəlb etmək və Cənubi Qafqazda vəziyyəti silkələmək üçün şərait yaratmaq idi. Yekunda yalnız Qərb artıq regiondakı böyük müharibənin nizamlanması prosesində əsas arbitr ola bilərdi. Ekspertlər qeyd edirlər ki, müharibədən sonra da Ermənistan hakimiyyəti "Soros qrupu"nun xidmətlərindən imtina etməyib, yalnız ən odioz nümayəndələrini görüntü üçün seçib. Belə ki, keçmiş təhsil naziri Araik Arutyunyan baş müşavir təyin olunub, keçmiş səhiyyə naziri Baş nazir aparatının rəhbəri təyin olunub, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri istintaq xidmətinin müavini, Soros Fondunun yerli nümayəndəliyinin rəhbəri David Xaçaturyan isə Konstitusiya Məhkəməsinin üzvü təyin olunub”, - deyə məqalədə qeyd olunub.

Müəllif Bakının bu mövzuda özünü yandıran Paşinyanla danışmağa heç nəyinin olmadığını yazır: “Rəsmi Moskva susmaq taktikasını seçib. Ekspertlərin qənaətinə görə, bu perspektivsiz taktikadır. Politoloqlar hesab edirlər ki, müharibə sonrası Azərbaycan silah mövzusunda (hansı ki, bu silah prinsipcə regionda olmamalı idi) susmaq oyunu oynanacaq ölkə deyil. Birincisi, ona görə ki, bu, Rusiya sülhməramlı missiyasının ərazisində yerləşdiyi ölkədir. İkincisi isə, Kremldə anlamaya bilməzlər ki, Moskvadan cavab ala bilməyən Azərbaycan beynəlxalq ekspertləri “İsgəndərlər”in təhqiqatına cəlb edə bilər. Mütəxəssislər bildirirlər ki, Bakı potensial nüvə silahı daşıyıcısı olan raketdən istifadə edən İrəvanın məsuliyyətsiz davranışını, yumşaq desək, bir daha vurğulamaq fürsətini əldən verməyəcək. Rusiya silahlarının istifadəsi ilə bağlı beynəlxalq istintaqın hansı istiqamətdə inkişaf edə biləcəyi Ukrayna və Suriyadakı münaqişə nümunələrindən məlumdur. Məhz ona görə də, ekspertlər “İsgəndərlər”in istifadə olunmasının obyektiv təhqiqatına ilk növbədə Rusiyanın özünün ehtiyacı olduğunu söyləyirlər. Bu təhqiqatın nəticələri, hətta gizli şəkildə Bakıya verilməsi bir tərəfdən məsələnin beynəlmiləlləşdirilməsi ehtimalını təsirsiz hala gətirir, digər tərəfdən isə Azərbaycanın iddiasını təmin etmiş olur. Politoloqlar təsdiq edirlər ki, “İsgəndər” OTRK-ların Rusiyanın müharibənin sonundakı roluna qarşı təxribat kimi istifadəsində Qərbin izinin olması versiyasının təsdiqlənməsi halında Ermənistan Baş nazirinin qarşısında növbədənkənar parlament seçkiləri öncəsi öz ətrafını “Soros qrupu”nun təhlükəli nümayəndələrindən təmizləməklə bağlı sərt tələb qoyula bilər”.