Türkiyəli siyasətçi: “Ermənilərin “Böyük Ermənistan” xəyalı ilə Azərbaycan və Türkiyəyə olan torpaq iddialarını beynəlxalq aləmə çatdırmalıyıq” Siyasət

Türkiyəli siyasətçi: “Ermənilərin “Böyük Ermənistan” xəyalı ilə Azərbaycan və Türkiyəyə olan torpaq iddialarını beynəlxalq aləmə çatdırmalıyıq”

“Biz “Böyük Ermənistan” xülyası ilə ermənilərin Azərbaycan və Türkiyəyə olan torpaq iddialarını beynəlxalq aləmə anlatmalıyıq”.

APA-nın yerli bürosuna Türkiyəli siyasətçi, keçmiş millət vəkili Adil Aşırım bu fikirləri bildirib.

Siyasətçinin sözlərinə görə, Birinci Dünya Müharibəsi zamanı Osmanlı imperiyasının parçalanması ərəfəsində ikən ermənilər də bu fürsətdən istifadə edib, yeni dövlət qurmaq üçün üsyanlar qaldıraraq, “Böyük Ermənistan” xəyalı ilə Şərqi Anadoluda böyük qırğınlar törədiblər: “Osmanlı dövləti isə öz varlığını qorumaq üçün üsyanlarla təkbaşına mübarizə aparmalı olur. Osmanlı imperiyası o zaman şəriət qanunları ilə idarə olunurdu və şəriət qanunlarını pozanların da cəzası sürgündür. Odur ki, ermənilər deportasiya olundular və bu hadisəyə ermənilər “soyqırımı” donu geyindirdilər”.

Əslən İğdırdan olan siyasətçi bildirib ki, ermənilərin Qars, Ərdahan, Ərzurum, İğdırda qonşu türk kəndlərində vəhşiliklə törətdikləri qətliamlar haqqında tarixi mənbələrdən, arxiv materiallarından tanış olsa da, yaşlı nəslin dilindən də çox faktlar dinləyib: “Biz İğdırda 80-90 yaşlarda olan insanların dilindən bu faktları canlı olaraq dinlədik. 1992-ci ildən də günümüzə qədər ermənilər Azərbaycanda qətliamlar törədib. Ermənilərin torpaq əldə etmək üçün həmlələri olduqları bölgədə erməni olmayanları yox etməkdir. 1915-ci illərdə də məqsədləri “soyqırımı” yalanı ilə sülh konfransına daxil olan ölkələri, xüsusilə ABŞ-ı təsirləndirərək, torpaq iddialarını həyata keçirməyə cəhd edirdilər. Xüsusilə şərqi və cənubi Anadoluda mənfəətləri, iddiası olan bütün ölkələrdən, o cümlədən Fransa və ABŞ-dan bu məqsədləri üçün istifadə edirlər. Bu ölkələrin parlamentlərində də “soyqırımı” ilə bağlı bənzər qərarların verilməsi bu səbəbdəndir”.

A.Aşırım bildirib ki, 1995-96-ci illərdə millət vəkili olduğu dönəmdə İğdırda ermənilərin saxta “soyqırımı” iddiaları ilə bağlı beynəlxalq konfranslar təşkil edilib və bu, diqqət çəkib: “Ermənilərin Türkiyə və Azərbaycandan torpaq alıb “Böyük Ermənistan” qurmaq istəyini bütün beynəlxalq aləmə anlatmağımız lazımdır. Mən millət vəkili olarkən 1995-96-cı illərdə Novruz şənliyi, sonra isə 24 apreldə yalançı “soyqırımı” iddiası ilə bağlı beynəlxalq konfrans keçirdik. Bu məsələ ABŞ-dan diqqət çəkmişdi, Ana Vətən Partiyasından məni, Rifah və Cümhuriyyət Xalq Partiyalarından da iki milllət vəkilini Amerikaya dəvət etdilər. Biz bir ay orada olduq, aidiyyəti qurumlarla, o cümlədən də ermənilərlə bizi görüşdürdülər. Orada biz bunun şahidi olduq: ən mülayim erməninin də “Böyük Ermənistan” xəyalı üçün Türkiyədə Ərzurumdan Sivasa qədər, Vandan Diyarbəkirə qədər, Azərbaycandan isə Naxçıvan da daxil olmaqla Qarabağa iddiası vardı. Ona görə də biz ermənilərin bu iddialarını beynəlxalq platformalarda dünyaya yaymalıyıq. Təəssüf ki, başda ABŞ, Fransa, Yunanıstan və digər ölkələrin bölgəmizdən mənfəətləri olduğu üçün ermənilərlə bu mövzuda ortaq maraqları var, biz bunu dünya ictimaiyyətinə çatdırmalıyıq”.