“Ermənistan girovları qaytarmalıdır” Siyasət

“Ermənistan girovları qaytarmalıdır”

Viktoriya Nuland: "Mən bunu Ermənistanda da deyəcəyəm"

"Biz bu gün razılığa gəldik ki, daha güclü, demokratik, şəffaf Azərbaycan naminə ölkə bu yolda tutduğu mövqeni inkişaf etdirəcək"


"Son on gün ABŞ-Azərbaycan münasibətlərində çox məşğul dövr olub. Dövlət katibinin enerji məsələləri üzrə koordinatoru,ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri bu müddətdə Bakıda olub. Öz səfərimi də bura əlavə edərək, bildirmək istəyirəm ki, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla səmimi görüşlər keçirmişəm".
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycana səfərinin yekunları ilə bağlı deyib.
V. Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdüyünü bildirib: "Bütün görüşlərdə eyni mesajı çatdırmışıq ki, ABŞ Azərbaycanla 20 ildən artıq dövrdə quruduğu əməkdaşlığı yüksək dəyərləndirir. Biz Azərbaycanı müstəqil, demokratik ölkə kimi görmək istəyirik. Biz istəyirik ki, ötən iyirmi ildə qurduğumuz əlaqələri davam etdirək. Mən 1993-cü ildən Bakıya səfərlər etdirəm. Ölkələrimiz arasında üç sahə - təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq var.
Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstan və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq".
ABŞ rəsmisi onu da deyib ki, onunla birgə Azərbaycana ölkəsinin Müdafiə Nazirliyinin, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də gəlib: "Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin öyrədilməsi, gücləndirilməsi sahəsində müzakirələr aparılır".
V.Nulənd təmas xətində son altı ayda baş verən gərginliklərdən narahat olduqlarını da dilə gətirərək Vaşinqtonun münaqişə ilə bağlı mövqeyini bir daha açıqlayıb: "Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər. Minsk qrupu çərçivəsindəki prosesi dəstəkləməyinizi istəyirik".
O, həmçinin bildirib ki, Ermənistan humanitar jest olaraq girovları qaytarmalıdır: "Sabah bunu Ermənistanda da deyəcəyəm".
V. Nuland Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağla problemi ilə də bağlı müzakirələr apardıqlarını deyib.
ABŞ dövlət katibinin köməkçisi Cənub Qaz Dəhlizi layihəsinə də toxunaraq bildirib ki, bu, Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidir. O əlavə edib ki, ABŞ-la Azərbaycan arasında enerji sahəsində işlər əla vəziyyətdədir.
V. Nuland bildirib ki, yeni layihələrin həyata keçirilməsinə çalışılır. O, iki ölkə arasında həyata keçirilən ilk layihənin Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi olduğunu açıqlayıb: "Hazırda Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün birlikdə çalışırıq. Bu layihə tək Azərbaycan deyil, enerjisi bir mənbədən olan ölkələr üçün də əhəmiyyət kəsb edir. Bu, Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidir. Biz istəyirik ki, bu layihənin gücləndirilməsi istiqamətində Avropa İttifaqı ilə sıx əlaqə quraq. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası məsələsini Azərbaycan prezidenti lə müzakirə etdik. Prezident bu məsələdə çox maraqlıdır. Həmçinin, informasiya texnologiyaları, nəqliyyat və kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi məsələri müzakirə olundu".
ABŞ rəsmisi deyib ki, Azərbaycanda keçirdiyi görüşlərdə demokratiya, insan haqları sahəsində vəziyyət də müzakirə olunub: "Azərbaycan prezidenti İlham Əliyev mənimlə görüşdə korrupsiya ilə mübarizəyə çox sadiq olduğunu qeyd etdi. Biz nəinki burda, Avropada, Baltikyanı ölkələrdə, dünyanın hər yerində korrupsiya ilə mübarizə məsələsinə diqqət yetirik. Biz bu gün razılığa gəldik ki, daha güclü, demokratik, şəffaf Azərbaycan naminə ölkə bu yolda tutduğu mövqeni inkişaf etdirəcək, biz də bütün vətəndaşların faydalanıb bəhrələnməsi naminə bu sahədə əməkdaşlığı davam etdirəcəyik".
V. Nuland qeyd edib ki, hökumətlə vətəndaşlar arasında sıx güclü təmasların olması gələcək baxımından çox vacibdir: "ABŞ Azərbaycanın firavan gələcəyi naminə hökumətlə vətəndaş cəmiyyəti arasında bu təşəbbüs və dialoqları 20 ildən artıqdır ki, dəstəkləyir. Bundan başqa, biz münasibətlərdə narahatlıq yaradan məsələlərə də toxunduq. Razılığa gəldik ki, ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və hökumət arasında dialoq qurmaqla azad media və demokratiya sahəsində işimizi daha da gücləndirək".
Xalqlar və vətəndaşlar arasında münasibətlərə gəlincə, V. Nuland vurğulayıb ki, tələbə mübadiləsi istiqamətində də söhbətlər aparılıb. Onun sözlərinə görə, Fullbright, İREX, FOREX proqramları çərçivəsində gənclərin ABŞ-da, gənc amerikalıların isə bura gələrək mədəniyyət və digər sahələr barədə məlumatlandırılması istiqamətində danışıqlar olub: "Əlaqələrimiz son sütunu da ümumi əlaqələrimizin ümumi bir komponentidir".
V. Nuland qeyd edib ki, strukturlu dialoq olması zamanın tələbidir: "Məhz bu baxımdan mən çox məmnunam ki, vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoqun qurulmasına razılıq verildi. İnanıram ki, bu dialoq imkan verəcək ki, bəzi məsələlərə aydınlıq gətirilsin, öz həllini tapsın. Bir daha yaradılan imkanı və verilən razılığı yüksək qiymətləndirirəm".