Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub Siyasət

Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub

İyunun 30-da Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı olub.
Tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində Qələbə qazanaraq 30 il işğal altında olan torpaqları azad edib. “İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin miqyasını çatdırmaq üçün yaradılıb”, - deyə Rəhman Hacıyev vurğulayıb.
Tədbirdə Qarabağda törədilən dağıntıların və vurulan zərərin miqyasından bəhs edən "Qarabağda Urbisid" adlı video da nümayiş olunub.
İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur. “Müharibə bizi bir çox sınaqlardan keçirdi. Biz bu sınaqlardan üzüağ çıxdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən prosesin iştirakçısı olduq. Qarabağ Dirçəliş Fondunun fəaliyyəti müvəqqəti deyil, bu, daimi prosesdir. Çünki biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik və daimi, dayanıqlı inkişafı hədəfləməliyik”, - deyə M.Cabbarov bildirib.
Nazir qeyd edib ki, artıq yeni çərçivədə təqdim olunan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin, sadəcə, qorunub saxlanılması ilə yanaşı, onun inkişaf etdirilməsi prosesini də əhatə etməlidir. Tarixdə Stalinqrad, Sarayevo, Xirosima hadisələri kimi faciələri xatırladan Mikayıl Cabbarov deyib: “Qarabağdakı hadisələr şüurlu şəkildə, onilliklər ərzində həyata keçirilən dağıntı prosesidir. İşğal zamanı təkcə tarixi abidələrimiz, infrastruktur obyektlərimiz, şəhər və kəndlərimiz dağıdılmayıb, regionun gözəl təbiətinə də çox böyük zərər vurulub. İnternet resursunda bu barədə də məlumatlar yer alır. Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir”.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağda bərpa və rekonstruksiya işlərinin sürətlə davam etdiyini diqqətə çatdıran Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri əmin olduğunu bildirib ki, tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq. “Karabakh.Center” internet-resursu Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. “Bu internet resursun müxtəlif dillərdə təqdimatı nəzərdə tutulur. Bu, təkcə onlayn versiya ilə məhdudlaşmamalıdır. Qarabağda baş verən dağıntıların miqyası dünyaya çatdırılmalıdır. Dağıdılmış abidələr bərpa olunacaq. Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu layihələrə dəstək verməkdən qürur duyur”, - deyə Mikayıl Cabbarov vurğulayıb.
Təqdimat mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Fondun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilir. Bu məqsədlə Prezident İlham Əliyev Fondun qarşısında ciddi vəzifələr qoyub.
Qarabağda 30 ildən çox davam edən işğalın nəticələri və hazırda aparılan bərpa işləri barədə dünya ictimaiyyətinə dolğun məlumatın çatdırılmasında müasir informasiya texnologiyalarının rolundan danışan nazir qeyd edib ki, bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet-resursu çox mühüm əhəmiyyət daşıyır.
“Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə ciddi zərər vurulub, təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. “Karabakh.Center” internet platforması bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında, təbiətə belə amansız münasibətin ifşa edilməsində böyük rol oynayacaq. Eyni zamanda, qarşımızda təbiət ərazilərinin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətinə qaytarılması kimi böyük məsuliyyət dayanır”, – deyə M.Babayev vurğulayıb.
Nazir qeyd edib ki, Qarabağ bölgəsi istər təbii sərvətləri, istərsə də biomüxtəlifliyi baxımından çox zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılacaq. Hazırda “Qırmızı Kitab”ın 3-cü nəşrinin hazırlanmasına başlanılıb. Qarabağın fauna və flora növlərinin hazırkı statusunun qiymətləndirilməsi məqsədilə burada elmi tədqiqat işləri aparılacaq. Bu proseslərin platformada geniş işıqlandırılması məqsədəuyğun olardı.
İşğaldan azad olunmuş ərazilərdə həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi istehsalı üçün istifadə edilə bilən zəngin su ehtiyatlarının olduğunu deyən nazir bildirib ki, burada yaradılmış su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa ediləcək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil ediləcək.
Qeyd olunub ki, Azərbaycanın transsərhəd çayları Ermənistan tərəfindən davamlı çirklənməyə məruz qalıb və bu çirklənmələr bu gün də davam edir. Xüsusilə də Oxçuçayın hövzəsi “ölü zona”ya çevrilib. Qarabağın təbiətinə, ekologiyasına vurulan bu və digər zərər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də beynəlxalq səlahiyyətli qurumlar tərəfindən Ermənistana təsir göstərilməsində “Karabakh.Center" internet-resursunun imkanlarından geniş istifadə edilə bilər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” əhəmiyyətindən danışıb. Bildirib ki, “Karabakh.Center” internet-resursunun vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq. Portalın təbliği işinə vətəndaş olaraq hər birimiz, bütün cəmiyyətimiz öz töhfəsini verməlidir. Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərimizin bərpası prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün vahid platformadır.
Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin ərsəyə gəlməsi və əhəmiyyəti barədə fikirlərini bölüşüb, "Karabakh.Center" internet-resursunun videotəqdimatı olub.