“Azərbaycanın iradəsindən asılı olmayaraq...” Siyasət

“Azərbaycanın iradəsindən asılı olmayaraq...”

Fərəc Quliyev: "Ermənilər işğal etdikləri ərazilərimizdə nüvə tullantıları basdırırsa, dünya dövlətlərinin buna təpkisi olmalıdır"


Məlum olduğu kimi Azərbaycanın işğal olunmuş ərazilərində nüvə materiallarının miqdarı, onların dövriyyəsi və digər məlumatlar tənzimləyici nəzarətdən kənarda qalıb. Bu fonda isə Ermənistan öz nüvə tullantılarını işğal olunmuş ərazilərdə basdırmasına dair dəfələrlə məlumatlar yayılıb. Hazırda zəbt olunmuş ərazilərdə bununla bağıl vəziyyəti araşdırmaq mümkün olmadığından məsələyə beynəlxalq ictimaiyyətin də müdaxiləsi zəruri sayılır. Məsələn, hesab edilir ki, ATƏT və ya BMT bura faktaraşdırıcı missiya göndərə bilər. MDHP sədri, millət vəkili Fərəc Quliyev bununla bağlı dünyanın təpkisinin olmasını məqbul bildi: "Beynəlxalq konvensiyalara görə, nüvə tullantılarının daşınması və basdırılması üçün ölkə və sahələr ayrılıb. Yəni onların daşınması üçün yerlər müəyyənləşdirilib. Belə məsələlərdə Yer kürəsinin hər yerindən zibilxana kimi istifadə edilməsinə icazə verilmir. İkinci bir tərəfdən Azərbaycan özü beynəlxalq konvensiyalara əməl edən dövlətdir. Xüsusən də, nüvə komponentlərinin yayılması, tullantılarla bağlı.
Azərbaycan gizli yolla nüvə komponentləri İrana daşınanda bunun qarşısını aldı və bütün dünya da bunu təqdir etdi. Belə bir dövlətin ərazisində onun iradəsindən asılı olmayaraq, nüvə tullantıları basdırılırsa, dünyanın təpkisi olmalıdır. Çünki, bu ərazilər nəzarətimizdə deyil.
Ona görə hesab edirəm ki, bu məsələdə beynəlxalq qurumların ciddi şəkildə səsi qaldırılmalıdır. Dəfələrlə işğal edilmiş ərazilərdə narkoplantasiyaların olması, terrorçuların burada məşq keçməsilə, nüvə tullantılarının ərazilərimizdə basdırılması ilə bağlı olan məsələləri gündəmə gətirmişəm. Hesab edirəm ki, bu, çox ciddi məsələdir. Mütləq bu məsələyə hər kəsin münasibəti olmalıdır.
İlkin olaraq da özümüz bu sahədə bəzi işləri görməliyik. Buradan Azərbaycanda ekoloji istiqamət üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına səslənirəm. Onlar ən müxtəlif məsələlərə toxunsalar da, bu məsələyə toxunmurlar. Nüvə tullantılarının basdırıldığı yerlər gələcəkdə fəsad verə bilər.
Yerli təşkilatlarımız bu məsələni öncə özləri qaldırmalı və monitorinq aparan beynəlxalq təşkilatlara araşdırma aparmaları üçün çağırış etməlidirlər. Faktaraşdırıcı missiyaların bəzi məsələlərlə bağlı məruzələrinə baxmışam. Azərbaycanın işğal olunmuş ərazilərində başqa yerlərdən gətirilən ermənilərin yerləşdirilməsi məsələsi var.
Xaricilər də bu faktı təsdiqləyirlər. Amma ölçü götürmürlər. Tullantıların işğal olunmuş ərazilərimizdə basdırılmasını gəlib təsdiqləyəcəklərsə, bununla yanaşı sanksiyalar tətbiqi, ölçü götürülməsi ilə bağlı da xüsusi qərarlar olmalıdır. Onlar təkcə faktı təsdiqləməklə kifayətlənməməlidirlər".

Əli