Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası və məqsədi Siyasət

Ələt Azad İqtisadi Zonasının yaradılması ideyası və məqsədi

Prezident İlham Əliyev iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Ələt Azad İqtisadi Zonası Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək.

Prezident İlham Əliyev 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq sərəncam imzaladı, 2018-ci ildə qanun qəbul edildi. 2018-ci ildə isə artıq praktiki işlərə başlanılıb, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilib, işçi qrup yaradılıb və artıq işlər praktik müstəviyə keçib. Pandemiya planlarımızı bir qədər təxirə salsa da, indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Bu gün bu təməlqoyma mərasiminin keçirilməsi də artıq Azərbaycanın buna tam hazır olduğunu, bu istiqamətdə görülən işlərin vaxtında başa çatacağını ortaya qoyur. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Ələt Azad İqtisadi Zonasının ölkə iqtisadiyyatına daha çox fayda verəcəyi nəzərdə tutulur. Burada fəaliyyət göstərən müəssisələr, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün mənfəət vergisi, gəlir vergisi, əlavə dəyər vergisi, aksiz, əmlak vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi və sadələşdirilmiş vergidən azadolma üstünlüklərini verəcəkdir.
Belə ki, bu iqtisadi zonada fəaliyyət göstərən sahibkarlar tərəfindən yeni texnologiyaların gətiriləcəyi, yeni iş yerlərinin yaradılacağı, rəqabətqabiliyyətli məhsulların istehsal ediləcəyi və nəticədə, qeyri-neft sektoruna aid məhsulların dünya bazarına çıxarılması imkanının genişlənəcəyi gözlənilir.

Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində dövlətin siyasəti dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir.

Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır, bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əsas şərtlərdən biridir. Digər vacib məsələ müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq.

Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir.

Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət proqramları çərçivəsində dövlət xətti ilə minlərlə gənc dünyanın aparıcı ali məktəblərində oxuyub, onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Yəni kadr potensialı var, bu da investorları cəlb edəcək. Eyni zamanda Azərbaycanda təhlükəsizlik təmin edilir, investorlar üçün bu amil də çox önəmlidir. O da nəzərə alınmalıdır ki, Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Bu sahəyə xüsusi diqqət göstərilir. Dövlət xətti ilə minlərlə gənc dünyanın aparıcı ali məktəblərində oxuyub. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Azərbaycanda təhlükəsizlik təmin edilir.

Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək.. Bununla bərabər, Prezident İlham Əliyev tərəfindən bütün xarici ölkələrdəki səfirliklərə öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat vermək göstəriş verilib. Bir çox ölkələrlə hökumətlərarası komissiyalar var.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq yeni bir vəziyyət yaradıb. Uzunmüddətli sabitlik, sülh, bütün bu amillərin mövcudluğu və Azərbaycanın gələcəyinə olan inam xarici sərmayədarları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək.

Ancaq birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, Azərbaycana xaricdən vəsait gətirməkdir. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirilən layihələr uğurla başa çatıb. Ona görə, bu zonanın yaradılması Azərbaycanın uğurunun növbəti addımı olacaqdır.

Pənah İmanov

Siyasi şərhçi