“Şarl Mişelin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır”-İlyas Hüseynov Siyasət

“Şarl Mişelin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır”-İlyas Hüseynov

“Bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycan etibarlı tərəfdaş kimi öz nüfuzu və potensialı ilə seçilir. Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlər inkişaf edir. Prezident cənab İlham Əliyevin dünya liderləri səmimi dialoqu və əlaqələri xarici siyasətimizin ən başlıca uğur faktoru və strateji baxımdan əsas istiqamətləndirici qayəsini təşkil edir. Eyni zamanda regional siyasət baxımından bir sıra ölkələrin dövlət başçıları ilə möhkəm dostluğu da bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, Prezident İlham Əliyevin Moskvaya səfərində mühüm razılıqlar əldə olundu: “Prezident İlham Əliyevin “münaqişədən sonrakı dövr” ifadəsini işlətməsi təsadüfü deyil. Bu onu göstərir ki, artıq bu məsələ arxada qalıb. Əsas məsələ bölgənin inkişaf etdirilməsidir. Rusiya ilə hər hansı açıq və ya mübahisəli məsələnin olmamasını, regional məsələlərdə Azərbaycan və Rusiyanın baxışlarının üst-üstə düşməsini də qeyd etməliyik. Rusiya kommunikasiyaların daha tez açılmasında maraqlı görünür. Çünki bu, onlara da daha çox lazımdır. Sözügedən məsələdə Ermənistan Avropa İttifaqına güvənir. Avropa İttifaqı da Qarabağ məsələsində Rusiyanın moderatorluğunu həzm etmək istəmir.
Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri də mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqının Azərbaycanın xarici ticarətində mühüm yeri var. Eyni zamanda Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Enerji tərəfdaşlığından daha geniş tərəfdaşlığa keçid gözlənilir. Şarl Mişel ilə görüşdə “status” və ya münaqişə məsələlərinə toxunulmaması da göstərir ki, hər iki tərəfin bu məsələdə baxışları üst-üstə düşür. Avropa İttifaqı Azərbaycan nəqliyyat infrastrukturuna maraq göstərir və Azərbaycanın qısa müddətdə regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi mühüm əhəmiyyət kəsb edir”.

Əli Zülfüqaroğlu