““Freedom House” təşkilatının Azərbaycan haqqında yaydığı məlumatlar faktlara əsaslanmır” Siyasət

““Freedom House” təşkilatının Azərbaycan haqqında yaydığı məlumatlar faktlara əsaslanmır”

Faiq İsmayılov:" Çünki bu təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik tədqiqat işlərində, əsasən Ermənistan mətbuatında gedən materiallara istinad edir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədr müavini Faiq İsmayılovun partiyanın mötbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

-2014-cü ilin ilk ayından başlayaraq Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları Azərbaycan ərazilərini demək olar ki, hər gün atəşə məruz qoyurlar. Ermənilər atəşkəs rejiminin posulmasını isə Azərbaycanın diversiyası kimi təqdim edirlər. Sizcə, cəbhə bölgəsində nələr baş verir?
-Son illərdə Azərbaycanın davamlı və müvəffəqiyyətli xarici siyasəti Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanı küncə sıxışdırmağa başlayıb. Xocalı soyqırımının xeyli
sayda dövlətlərin parlamentlərində tanıdılması, bir çox beynəlxalq təşkilatların münaqişənin həllində ədalətli mövqe sərgiləyərək qərar və qətnamələr qəbul etmələri, əlbəttə ki, regionda Ermənistanın nüfuzunun zəifləməsinə səbəb olub. Bütün bunlardan başqa Azərbaycanın sürətli iqtisadi inkişafı, Avropa dövlətlərini Rusiyanın qazı asılılığından xilas etmək üçün Avropaya Transxəzər alternativ boru kəmərlərinin çəkilməsinin təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın Cənubi Qafqazda strateji mövqeyinin kifayət qədər güclənməsinə gətirib çıxarıb.
Bütün bu baş verənlər fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistana gözlədiyi nəticələri əldə etməyə şərait yaratmır. Məhz buna görə də Ermənistan bütün vasitələrdən istifadə edərək, sülh danışıqları prosesində Azərbaycanın mövqelərinə zərbə vuraraq status-kvonun öz xeyirinə saxlanmasına nail olmaq istəyir. Bunun üçün Ermənistanın düşündüyü ən optimal variant, Rusiyanın gücündən həmişə olduğu kimi öz xeyirlərinə istifadə etməkdən ibarətdir. Ermənistanın bu ilin ilk ayından etibarən cəbhə xəttiboyu atəşkəs rejimini pozması, fevral ayının 9-da Rusiyada keçiriləcək Qış Olimpiadası öncəsi regionda sabitliyi pozaraq, Azərbaycanı günahkar
kimi tanıdıb Rusiya tərəfindən cəzalandırılması istəyindən irəli gəlir. Lakin bu hadisələrin gedişində Azərbaycanın böyük səbr nümayiş etdirməsi, Ermənistanı yenidən pis vəziyyətə qoyub. Güman edirəm ki Ermənistan tərəfindən başlanan bu provokasiyalar işğalçı ölkənin istədiyi kimi deyil, nəticəsiz başa çatacaqdır.
-Atəşkəs rejiminin pozulması ATƏT-in Minsk qrupunun həmsədrlərinin də narahatlığına səbəb olub. Bakıda səfərdə olan həmsədrlər münaqişənin sülh yolu ilə nizamlanmasına dair işi davam etdirməyə və iki ölkənin prezidentlərinin görüşünü təşkil etməyə hazır olduqlarını bildiriblər. İllərdir həmsədrlər bu işi həyata keçirirlər və nəticə göz qabağındadır. Yəni hələ də ermənilər işğalçılıq siyasətlərindən əl çəkmirlər. Bundan sonrakı görüşlər nəyi dəyişə bilər?
-Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulması ATƏT-in Minsk qrupunun həmsədrlərini ona görə narahat etmir ki, cəbhədə qan tökülür. Ona görə narahat edir ki, Ermənistanın bu şıltaqlıqlarından təngə gələn Azərbaycan hər an öz torpaqlarını güc tətbiqi ilə azad etməyə başlayar və bununla da mövcud status-kvo pozula bilər. Ermənistan tərəfdən işğal altıda saxlanan Azərbaycan torpaqlarının azad olunması ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin maraqlarına cavab vermir. Belə ki, həmsədr ABŞ Dağlıq Qarabağdakı erməni separatçılarını və Ermənistanın işğalçı siyasətini müdafiə məqsədi ilə, onlara maliyyə yardımları edir və ilbəil bu yardımların miqdarını artırır. Həmsədr Rusiya da eyni ilə Qarabağdakı erməni separatçılarını və Ermənistanın işğalçı siyasətini müdafiə edir və onlara hər il miqdarı milyard dollarlarla ölçülən silah-sursat pay verir. Ermənistanın sərhədlərini qoruyur, ordusunu təlimatlandırır, Qarabağda hərbi manevrlər keçirir. Həmsədr Fransa isə Dağlıq Qarabağın təbii resurslarının talan olunmasında iştirak edir. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağ problemində hazırkı status kvonun saxlanması supergüclər tərəfindən həm Azərbaycana, həm də Ermənistana təzyiq imkanlarını daha da asanlaşdırır.
-BAXCP-nin bu məsəslədə mövqeyi birmənalıdır-ordu gücləndirilməli və torpaqlar güc yoluyla azad olmalıdır.
-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində, işğalçı ölkə dünyaya öz adıyla təqdim olunmayınca, zərərçəkənin isə itirdikləri tanınaraq qəbul olunmayınca haqq-ədalət öz yerini tapmayacaq. Bu isə nə supergüclərin, nə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin maraqlarına cavab vermir. Belə olduğu halda Azərbaycanın yeganə çıxış yolu öz torpaqlarını silaha sarılaraq azad etməsidir. Buna isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsi hüquqi əsas yaradır. BAXCP-nin bu məsələdə birmənalı mövqeyi "ordu gücləndirilməli və torpaqlar güc yoluyla azad olmalıdır", ideyası heç də təsadüfən meydana gəlməyib. Mövcud reallıq bunu tələb edir.
-"Freedom House" təşkilatının öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi İrəvan tərəfindən qondarma rejimə yer verməsi, hətta bu rejimi "qiymətləndirmə cədvəli"nə daxil etməsini necə dəyərləndirərdiniz?
-"Freedom House" təşkilatının Azərbaycan haqqında yaydığı məlumatlar faktlara əsaslanmadığından bu məlumatların heç bir hüquqi əsası yoxdur. Bu təşkilatın maliyyə dəstəyinin böyük bir hissəsi erməni diasporaları tərəfindən ödənildiyinə görə, onların Azərbaycan haqqında mövqeləri qərəzli və ədalətsizdir. Bu təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik tədqiqat işlərində, əsasən Ermənistan mətbuatında gedən materiallara istinad edir. Ermənistan mətbuatında isə Azərbaycan əleyhinə yüz
minlərlə bu səpkili yazılara rast gəlmək mümkündür. Mən "Freedom House" təşkilatının Azərbaycanla bağlı mövqeyini ciddi saymıram.
-Siz həm də Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədrisiniz. Bugünə kimi gördüyünüz işlər və bundan sonra planlaşdırdığınız işlər barədə məlumat verərdiniz.
-Bizim bir təşkilat olaraq Azərbaycanın ərazi bütövlüyü istiqamətində apardığımız araşdırmalar, tədqiqatlar və digər işlər Azərbaycanın mətbuat və informasiya orqanları
tərəfindən mütəmadi olaraq işıqlandırılır. Əsas məqsədimiz işğal altında olan ərazilərdə dövlətimizə və xalqımıza ermənilərin vurduqları zərərlərin qiymətləndirilməsini yaxın bir-iki ildə tamamlamaqdır. 2014-cü ildə biz 2013-cü ilin sonlarında başa çatdırdığımız "Münaqişə zonalarındakı milli-
mədəni dəyərlərə dəyən zərərlərin beynəlxalq qiymət standartlarına uyğun qiymətləndirilməsi metodologiyası"nın Azərbaycan modelini YUNESKO-nun dəstəyi ilə İngiltərə, Almaniya və Türkiyədə təqdimatının keçirilməsini, eyni zamanda, adı çəkilən ölkələrin mütəxəssislərinin rəylərini almağı planlaşdırırıq. Düşünürük ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycana yönəldilən ikili standartlar fonunda, təxirə salınmadan bu sənədi ən azı Avropa ölkələrində müzakirəyə çıxarıb, xarici dövlətlərin ictimai dəstəyini qazanaq və mütəxəssis rəyləri alaq. Çünki bu fəaliyyəti həyata keçirsək, dünyada erməni vandalizminin tanıdılmasına nail olar, Ermənistandan təzminat almaq hüququ qazanar, eyni zamanda, ölkəmizə yönəlik ikili standartlara zərbə vurmuş olarıq.