İraq Zəngəzur dəhlizinin nəqliyyat potensialından istifadə edə biləcək - Nazir müavini Siyasət

İraq Zəngəzur dəhlizinin nəqliyyat potensialından istifadə edə biləcək - Nazir müavini

İraq Zəngəzur dəhlizinin nəqliyyat potensialından istifadə edə biləcək.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan-İraq Hökumətlərarası birgə komissiyasının ikinci iclası zamanı deyib.

O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri regionda yeni imkanlar yaradır:

"Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirəcək və İraq yükdaşımaları üçün bu dəhlizdən yararlana biləcək. Əminəm ki, birgə komissiya ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində vacib rol oynayacaq".

Nazir müavini vurğulayıb ki, bugünkü iclasın yekununda imzalanacaq əməkdaşlıq haqqında protokol Azərbaycanla İraqın münasibətlənin inkişafı üçün çox vacibdir.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-İraq Hökumətlərarası birgə komissiyasının ikinci iclası keçirilir.

​İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanacaq.

Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilib.