Deputat: "Aranlı-dağlı Qarabağ kimi gələcəkdə şərqi-qərbi Zəngəzuru da vahid, bütöv görəcəyik" Siyasət

Deputat: "Aranlı-dağlı Qarabağ kimi gələcəkdə şərqi-qərbi Zəngəzuru da vahid, bütöv görəcəyik"

"Avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim edilməsi mərasimində iştirak etdilər. Bu şəhid və qazi ailələrinə dövlətimizin diqqət və qayğısının təzahürü olmaqla sosial-mənəvi kontekstdə mühüm bir hadisə idi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ancaq tədbirdə Azərbaycan Prezidentinin söylədiyi nitq və verdiyi mesajlar tarixi-strateji müstəvidə olduqca əhəmiyyətli sayılmalıdır: “Əslində Azərbaycan Prezidenti milli yaddaşımıza müraciət edərək əsrlər boyu xalqımıza qarşı necə məkrli siyasətin həyata keçirilməsi kontekstində son 101 ildə baş verən hadisələrin üstündə ayrıca dayandı. İlk dəfə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsindən və tarixi vətənimiz olan Zəngəzurun bölünməsinədək olan məsələlərə toxunaraq qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra həmin bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. 1923-cü il iyul ayının 7-də isə bizim ərazimizdə süni bir qurum “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldı. Hazırkı reallıq isə ondan ibarətdir ki, müzəffər Ali Baş Komandanımız tərəfindən bu acı gerçəklik dəyişdirildi. Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı sərəncamla tarixi ədalət bərpa edildi. Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipulyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevrilən “Dağlıq Qarabağ” termini yoxdur. Azərbaycan ərazisində dağı və aranı ilə bütöv olan vahid Qarabağ iqtisadi rayonu və Qarabağ mahalı, eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonu var. Bu isə o deməkdir ki, Zəngəzurun qərbi ermənilərin nəzarətindədir. İndi aranlı-dağlı Qarabağı vahid gördüyümüz kimi gələcəkdə şərqi-qərbi Zəngəzuru da vahid, bütöv görəcəyik”

Deputat qeyd edib ki, hazırkı tarixi mərhələdə isə Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan Prezidenti İlham Əliyev sözün həqiqi mənasında cənnətə çevirməkdədir: “Hər iki iqtisadi rayonda görülən böyük logistika və kommunikasiya işləri, yol-nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan iqtisadi potensialın milli iqtisadiyyatımıza qazandırılması ilə nəticələnəcək. Buna paralel olaraq məcburi köçkün olan vətəndaşlarımız öz ana yurdlarına qayıdacaq. İllərdir həsrətilə yaşadığımız Böyük Qayıdış arzusu reallığa çevriləcək”.