İranın Azərbaycanla qeyri-adekvat davranışı onun öz ziyanınadır Siyasət

İranın Azərbaycanla qeyri-adekvat davranışı onun öz ziyanınadır

Nail Cəlil: “Qonşu ölkələrdən, xüsusən, Azərbaycandan İrana təhlükə yoxdur”

“Azərbaycan İrana həmişə ortaq tarixi keçmişə malik, qardaş dövlət kimi yanaşıb, onunla sivil tərəfdaşlığı, yaxın qonşuluq münasibətlərini inkişaf etdirməyə, möhkəmləndirməyə çalışıb. Lakin sözdə “İslam dünyasının təəssübkeşi, lideri” simasında görünməyə çalışan rəsmi Tehranın cavabı heç də həmişə adekvat olmayıb. Bu ölkə Azərbaycanla milli, mədəni, dini baxımdan sıx bağlılığını, ölkə əhalisinin yarısını təşkil edən böyük türk toplumunun – azərbaycanlıların maraqlarına zidd olaraq, daha çox Ermənistanı, işğalçı İrəvan hökumətinin mövqeyini müdafiə edib. Doğrudur, onlar müxtəlif vaxtlarda rəsmi Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüsü ilə çıxış etməyə çalışıblar. Hətta ilk belə təşəbbüsün nəticəsi olaraq, Tehranda imzalanan saziş zamanı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü də tanıyıb, lakin sazişin mürəkkəbi qurumamış, ertəsi gün Şuşa ermənilər tərəfindən işğal edilib. Vasitəçilik missiyasını öz üzərinə götürən İran isə baş verənləri laqeydliklə seyr etməklə kifayətlənib”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında son günlər İranla Azərbaycan arasında yaşanan fikir ayrılıqlarını, gərginliyi şərh edən politoloq Nail Cəlil səsləndirib.
Siyasi ekspert qeyd edib ki, İran uzun illər ərzində, faktiki olaraq, işğalçı Ermənistanı dəstəkləyib, rəsmi Bakının etirazlarına baxmayaraq, işğal olunmuş ərazilərdə ermənilərlə qanunsuz təmaslar, əlaqələr qurub, hətta Azərbaycanın burada mövcud olan varidatı, əmlakı işğalçı tərəflə birgə talan edilərək, İrana daşınıb: “Ən çox maraq, təəccüb, eləcə də təəssüf doğuran odur ki, işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində, uzun müddət ermənilərin nəzarətində qalmış 132 kilometrlik sərhəd zolağında İran hər hansı hərbi təlim keçirməyib, sərhədlər əslində, açıq, nəzarətsiz olub. Bu müddət ərzində İran Ermənistandan işğal olunmuş ərazilərin azad edilməsini, Azərbaycana qaytarılmasını da tələb etməyib. Əksinə, işğalçı mövqeyi səbəbindən Güney Qafqazda təcrid vəziyyətinə düşmüş Ermənistanla əlaqələri sıxlaşdırmaqla, genişləndirməklə ermənilərin ayaqda durmasına, uzun müddət işğalı davam etdirməsinə yardımçı olub”.
Politoloqun sözlərinə görə, bu faktı Ermənistanın rəhbəri olmuş bütün şəxslər dəfələrlə dilə gətiriblər, kövrək atəşkəs dönəmində İranla 40 kilometrlik sərhədin, eləcə də işğal edilmiş ərazilərin onlar üçün xilas, nəfəs yolu olduğunu vurğulayıblar: “Bənzər açıqlamalar müxtəlif vaxtlarda Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, nəhayət, hazırkı baş nazir Nikol Paşinyan tərəfindən verilib. Ermənistan hökuməti İranla əlaqələrin Ermənistan üçün həyati əhəmiyyət daşıdığını hər zaman etiraf edib. Təsadüfi deyil ki, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsini ilk dəfə məhz Tehranda, yerli erməni icması ilə görüşündə dilə gətirmişdi. Yeri gəlmişkən, 150 minlik ermənilərin İranda məktəbləri, geniş milli hüquqları olduğu halda, 42 milyonluq Azərbaycan türklərinin öz ana dilində təhsil almasına icazə verilmir. Bununla, İran İslam Respublikası konstitusiyasının 15-ci maddəsinin təmin etdiyi təməl haqlar pozulmuş olur. Azərbaycan istənilən halda nə açıq, nə də dolayı vasitələrlə İranın daxili işlərinə qarışmayıb. Əksinə, bütün qonşularına cəfəng ərazi iddiaları irəli sürən Ermənistandan fərqli olaraq, bu ölkəyə qarşı sərt sanksiyalara qoşulmayıb, hətta İranla Azərbaycan arasında iki dövlətin öz ərazisindən qarşı tərəfə hərbi məqsədlərlə istifadə etməməklə bağlı müqaviləsi də var. Müqavilə hələ də qüvvədədir, tərəflərdən heç biri onu ləğv etməyib”.
Politoloq Nail Cəlil daha sonra bildirib ki, buna baxmayaraq, İran Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən bir il keçməmiş elit silahlı qüvvələrini ölkəmizin azad edilmiş əraziləri ilə kəsişən sərhədlərə toplayıb “sərhədlərin dəyişməsinin yolverilməzliyindən” (?!) danışır. Maraqlıdır ki, Azərbaycanın torpaqlarının işğalda qaldığı 30 ilə yaxın müddətdə İran Ermənistana işğal etdiyi torpaqları azad etməli olduğunu adi sözlə belə xatırlatmayıb. Azərbaycan tərəfi ilə rəsmi təmaslar zamanı isə Tehran təmsilçiləri İranın guya Azərbaycanın ərazi bütövlüyünü tanıyan azsaylı dövlətlərdən olduğunu vurğulayaraq, minnət qoymağa çalışıblar: “İran gerçəkdən ərazi bütövlüyü, sərhədlərin dəyişməzliyi prinsipinə sadiqdirsə, niyə Azərbaycan torpaqları işğal qalan müddətdə öz qəti mövqeyini ortaya qoymurdu, Ermənistanla sərhəddini bağlamırdı və ya israrla, elə sərhədə ordu yığaraq, ərazilərin dərhal, qeyd-şərtsiz azad edilməsini tələb etmirdi? Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü bərpa edirsə, tərəfdaşları, müttəfiqləri ilə birlikdə suverenliyini, müstəqilliyini təminat altına almağa çalışırsa, bu, üçüncü bir tərəfə, xüsusən, İrana qarşı yönəlməyibsə, rəsmi Tehran niyə narahat olur? Vaxtilə “Azərbaycanın inkişafı İranın inkişafıdır” deyənlər indi hansı səbəbdən bizi bəyənmədikləri, “şeytan yuvası” adlandırdıqları ABŞ-a məxsus sosial şəbəkələrdə tvit ataraq, “öz qardaşına quyu qazmaqda ittiham edirlər? İran öz səhvlərini, yanlışlıqlarını aradan qaldırmaq əvəzinə niyə özünün köhnəlmiş, yeni texnologiyalarla uzlaşmayan silahlarını nümayiş etdirir? Göründüyü kimi, yetərincə çoxsaylı, cavabları birmənalı olmayan suallar yaranır”.
Politoloqun fikrincə, əgər İran rəsmiləri ölkə əhalisinin və ərazisinin yarısını əhatə edən Güney Azərbaycan amilindən çəkinirlərsə, bu səbəbdən, bizimlə qərəzli, az qala, düşməncəsinə davranırlarsa, bu onların öz günahıdır, qərəzli, birtərəfli, millətçi-şovinist siyasətlərinin iflasıdır: “Bu prosesdə İrana qardaşcasına yanaşan Azərbaycan Respublikası iştirakçı deyil və hər hansı məsuliyyət daşımır. Əgər İranda yerli Azərbaycan türkləri sistemdən, idarəçilikdən, hüquqlarının tapdalanmasından, qurduqları, ana vətən saydıqları İranın rəsmi şovinist, fars yönümlü siyasətindən, ana dilində təhsillərinin olmamasından, Azərbaycanın yerli mədəni irsinin tədricən dağıdılmasından, farslaşdırma siyasətindən ciddi narazıdırlarsa, çalışıb səbəbləri aradan qaldırmaq vacibdir. 200 ildən artıqdır, güneydən ayrı olan, 103 ildir, müstəqil dövlət kimi formalaşmış Azərbaycana qərəzli münasibət yaranmış problemləri həll etmir, əksinə, daha da dərinləşdirir”.
Nail Cəlil əlavə edib ki, Azərbaycan bütün hallarda öz təbii, milli maraqlarını müdafiə edir, bu maraqları anlayıb qəbul edən, hər zaman Azərbaycanın yanında olan Türkiyə, Pakistan, İsrail, eləcə də hazırda Azərbaycana münasibətdə konstruktiv mövqe tutan Rusiya ilə strateji tərəfdaşlıq, əməkdaşlıq edir: “Ortada Rusiyanın iştirakı və zəmanəti ilə imzalanan, əhəmiyyətli dərəcədə yerinə yetirilən 10 noyabr sazişi var. Qarabağda müddətli rus sülhməramlıları, Ermənistan ərazisində Rusiya qoşunları var. İran rəsmiləri isə hətta “Ermənistandan soruşmadan daxil olub sərhədləri (?!) müdafiə edəcəyik” deyirlər, Azərbaycanın erməni icmasına Qarabağda qanunsuz yüklərin daşınmasının qarşısının alınmasını həzm edə bilmirlər. Necə müdaxilə edəcəklər, eyni vaxtda Rusiya, Türkiyə, Pakistan, Azərbaycanla müharibə edəcəklər? Qeyri-ciddi, reallıqdan uzaq yanaşmadır, hətta bu, Ermənistanın da milli maraqlarına zidd açıqlama və davranışdır”.
Siyasi ekspert sonda onu da əlavə edib ki, İranın qeyri-adekvat davranışı istənilən halda, onun öz ziyanınadır: “Qonşu ölkələrin heç birindən, xüsusən, Azərbaycandan İrana təhlükə yoxdur. İran indiki halda şərti güc nümayişi ilə diqqəti özünə çəkməyə çalışır. Lakin bu, əks nəticə verəcək”.

Cavid