Deputat: “Cümhuriyyətin elan olunmasının tarixi əhəmiyyəti məhz müstəqil dövlət qurulması ilə müəyyən olunur" Siyasət

Deputat: “Cümhuriyyətin elan olunmasının tarixi əhəmiyyəti məhz müstəqil dövlət qurulması ilə müəyyən olunur"

""Müstəqillik Günü haqqında" qanun layihəsi həm tarixi proseslərin düzgün qiymətləndirilməsi, həm də dövlət müstəqilliyi anlayışının siyasi məzmununun daha dəqiq ifadə olunması baxımından əhəmiyyətli bir sənəddir. Ötən əsrin əvvəllərində elan edilən Azərbaycan Xalq Cümhuriyyəti mahiyyət edibarilə müstəqil dövlət qurmaq təşəbbüsünün nəticəsi idi".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, SSRİ-nin tərkibində olduğu müddətdə də Azərbaycan Sovet Sosialist Respublikası kimi qəbul olunub:

"Respublika anlayışı daha çox dövlət idarəetmə forması kimi anlaşılır və Cümhuriyyətin elan olunmasının tarixi əhəmiyyəti hansı dövlət idarəetmə formasının seçilməsi ilə deyil, məhz müstəqil dövlət qurulması ilə müəyyən olunur. 1918-ci ilin 28 mayında qəbul edilmiş İstiqlal Bəyannaməsinin 1-ci bəndində də məhz müstəqilliyin elan olunması əksini tapıb. İdarəetmə forması kimi Respublikanın seçilməsi həmin tarixi sənədin 2-ci bəndində göstərilib. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş sənəddə də məhz dövlət müstəqilliyinin bərpası ilə bağlı məsələlər öz əksini tapıb".

Soltan Məmmədov vurğulayıb ki, Azərbaycan xalqı ötən müddət ərzində dünyada kifayət qədər nüfuz və etibar qazanmış, regional proseslərə təsir imkanlarına malik, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməyi bacaran dövlət qurmağa nail olub: "Prezidentin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt tarixdə indiki qədər güclü olmayıb. Ötən 30 il ərzində Azərbaycan xalqı bir daha heç kimdən asılı olmadan yaşamaq, müstəqil dövlət qurmaq bacarığını nümayiş etdirib".

Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqinin ilk parlamentli respublikası, qadınlara səsvermə hüququ verən ilk dövləti olduğunu xatırladan Soltan Məmmədov qeyd edib ki, təqdim olunan qanun layihəsi Azərbaycan xalqının tarixi nailiyyətinin məzmununu daha dolğun və daha dəqiq ifadə edir.