“Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir” Siyasət

“Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir”

Mübariz Qurbanlı: "Bu çərçivədə də danışıqlar aparılır"
Fazil Mustafa: "ABŞ, Rusiya və İran Qarabağ probleminin Ermənistanın xeyrinə həll edilməsinin tərəfdarıdırlar"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu formatında praktiki məsləhətləşmələrin davamı olaraq martın 12-də Moskvada Rusiya xarici işlər nazirinin müavini - stats-katib Qriqori Karasinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Görüşdə Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələləri müzakirə olunub.
Daha sonra Uorlik "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb ki, Moskvada keçirilən məsləhətləşmələr konstruktiv olub və ABŞ, Rusiya və Fransa sülh prosesinə dəstək göstərmək üçün birlikdə işləməyə davam edirlər.
Onu da əlavə edək ki, həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırırlar.
Politoloq Rüstəm Məmmədov ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Uorlikin "Moskvada həmsədrlərin keçirdikləri məsləhətləşmələrin Dağlıq Qarabağ münaqişəsinin həllində faydası olub" kimi bəyanatına münasibət bildirərkən deyib ki, hər halda münaqişənin ölü nöqtədən tərpənmək imkanı var". Onun sözlərinə görə, son dövrlərdə Rusiyanın apardığı siyasət nəticəsində Dağlıq Qarabağın və işğal olunmuş torpaqlarımızın Azərbaycana qaytarılması söhbətinə bir növ şübhə ilə yanaşılır: "Çünki Rusiya Ermənistanla müəyyən dərəcədə strateji tərəfdaşlıq edir və onun maraqlarını qorumaqla məşğuldur".
Millət vəkili, politoloq Mübariz Qurbanlı deyib ki, qlobal miqyasda gedən indiki proses fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəallaşması və danışıqların davam etdirilməsi müsbət hal kimi qeyd oluna bilər. Mübariz Qurbanl qeyd edib ki, Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi tam açıq olan ölkədir: "Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm ki, həm Prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları danışıqlar prosesə müəyyən təkan verə bilər". Onun fikrincə, buna görə də danışıqların davam etdirilməsi məqbuldur.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib ki, ABŞ, Rusiya və İran Qarabağ probleminin Ermənistanın xeyrinə həll edilməsinin tərəfdarıdırlar və çalışırlar ki, bunun hesabına o ölkənin ərazisi genişləndirilsin: "Bütün uzatmalar, yubatmalar da ordan qaynaqlanır. Hətta Rusiya məsələnin həllinə razılıq versə belə, ABŞ-ın buna maraq göstərəcəyinə əmin deyiləm. Rusiya bir çox hallarda Ermənistana dəstəyini açıq formada göstərir. O biri ölkələrsə ikili mövqe sərgiləyirlər. Mahiyyətcə isə onların heç biri bu məsələdə Azərbaycanın xeyrinə hərəkət etmirlər. İranın da bu məsələdə ABŞ-ın razılığı ilə yer alması düşündürücüdür. İrana başqa ölkələrdə açıq iqtisadi fəaliyyət göstərməyə imkan vermirlər, amma bircə Ermənistana İran açıq formada iş qurub, açıq formada yardım edir. Bu təsadüfi məsələlər deyil. Əminəm ki, Qarabağa Rusiya və ABŞ-ın birgə layihəsi olaraq baxmaq lazımdır".
Onun sözlərinə görə, bu, əvvəldən də belə idi: "Qarabağ problemin yaranması ilk dəfə ABŞ Senatında müzakirə edilib və Rusiyanın əli ilə həyata keçirilib. Bu bilavasitə Rusiya ilə ABŞ-ın birgə layihəsi olaraq düşünülüb. İndiyə qədər erməni diasporunun bu işdə fəaliyyəti, Minsk qrupunun həmsədrlərinin də Azərbaycana düşmən olan məhz bu üç ölkədən olması səbəbsiz deyil. ABŞ-ın marağı orda olan ermənilərin mövqeyini ifadə etməkdir. Bütün hallarda onların istədiyi Qarabağın Azərbaycandan ayrılması proyektinin təmin edilməsinə çalışırlar. Çünki ermənilərin təsir gücünü nəzərə alaraq onlara verilən vədlər var. Hətta ABŞ-ın dövlət katibi birbaşa ermənilərin ən yaxın müdafiəçilərindəndir. Onun dövlət katibi postuna gəlməsi üçün ermənilər kifayət qədər səylər göstəriblər, nəticə də ortadadır".
Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini, politoloq Samir Adıgözəlov ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri Cems Uorlikin "Krım hadisələri Dağlıq Qarabağ münaqişəsi həllinə yeni imkanlar yarada bilər" fikirlərinə münasibət bildirərkən deyib ki, Krımla bağlı məsələlərin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Kırım hadisələrini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlayırlar: "Burada əsas məsələ Rusiyanın postsovet məkanındakı dövlətlərlə münasibətidir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişənin həllində irəliləyiş mümkündür. Rusiya digər dövlətlərin nəzərində başqa bir yanaşma nümayiş etdirməlidir. Çünki Rusiya separatizmi dəstəkləməklə heç bir nailiyyət qazana bilməz. Bu səbəbdən, cənab Uorlikin sözlərini inversiya kimi qəbul edirəm. Onu da qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi hər bir halda mütləq surətdə öz həllini tapmalıdır".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, Minsk Qrupu 22 il ərzində münaqişənin həllində düzgün yanaşma prinsipləri seçmədiyinə, məsələlərə düzgün qiymət vermədiyinə görə Qarabağ məsələsi bu günə qədər həll olunmayıb. QAT sədri Minsk Qrupunun yanaşma prinsipinin dəyişilməli olduğunu deyib: "Minsk Qrupu əvvəldən Dağlıq Qarabağdakı bir ovuc erməninin, orada yaranmış qeyri-qanuni qurumun statusu ilə bağlı məsələni qabardıb. Yerdə qalan məsələlər həmin məsələnin ətrafında cərəyan edib. Ona görə bu günə qədər heç bir nəticə əldə olunmayıb. Ermənistan öz marağına nail olub. Torpaqlar bu gün işğal altında qalır. Məsələnin mahiyyəti bundan ibarətdir. Ona görə burda Azərbaycan cəmiyyətinin mövqeyi ondan ibarət olmalıdır ki, Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinə ya son qoyulmalıdır, ya da formatı dəyişməlidir. Əgər dünya doğrudan da müharibəni istəmirsə, onda yanaşma, prinsip, metodika dəyişməlidir". Akif Nağı bildirib ki, Minsk Qrupunun vasitəçiliyi ilə dünya birliyi Ermənistanı işğalçı tərəf kimi tanımalıdır, sanksiyalar tətbiq olunmalıdır, sülhə məcbur edilməlidir: "Əgər müharibə istəmirlərsə dinc həll yolu bundan ibarətdir. Amma görünür ki, dünya bunu istəmir, dünya işğalçıların, təcavüzkarların qarşısında geri çəkilmə mövqeyi tutur. Ona görə də biz torpaqlarımızı hərbi yolla azad etməyi üstün tuturuq".
Politoloq Aydın Mirzəzadə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak edən beynəlxalq birliyin məsələyə ikili stanrtdan yanşmadığını önə çəkib. Onun sözlərinə görə, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, digər tərəfdən isə Azərbaycanla Ermənistanı ortaq məxrəcə gəlməyə çağırırlar: "Torpaqlarımızın işğal altında olduğu göz qarşısındadır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımadığı hamıya aydındır. Ancaq Ermənistana loyal münasibət bəslənir, ondan beynəlxalq hüquq normalarına riayət edilməsi tələb edilmir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistana şıltaq uşaq kimi yanaşırlar".
Aydın Mirzəzadə hesab edir ki, ABŞ-dan olan həmsədrin çıxışında olan məqamlar hər biri ayrılıqda izahat tələb edir: "Birincisi, Ermənistanın sülh danışıqlarına razı olması hələ onun beynəlxalq hüquq normalarına riayət etməsi demək deyil. Ermənistan bu yolla Azərbaycanın razılığı əsasında işğal etdiyi torpaqları özünə birləşdirməyə çalışır. Bu, sülhə razılıq kimi qiymətləndirilirsə, onda dünya müharibəsi zamanı faşist Almaniyasının torpaqaları işğal edəndən sonra sülh elan etməsi tələb olunmalı idi. Azərbaycanın sülhə razılığı ilə Ermənistanın sülhə razılığı arasında yerlə-göy qədər fərq var. Azərbaycan öz torpağının geri qaytarılması şərti ilə, Ermənistan isə işğal etdiyi torpaqları özünə birləşdirmək üçün sülhə razıdır. Amma burada sülh ifadəsi deyil əməlin hüquqa nə dərəcədə uyğun gəlməsi əsas götürülməlidir.

Əli