“Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsi üçün göstərdiyi qətiyyəti dəstəkləyirik” Siyasət

“Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsi üçün göstərdiyi qətiyyəti dəstəkləyirik”

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır".
Rumıniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Azərbaycan-NATO Beynəlxalq Məktəbinin təşkil etdiyi "Xəzərə geosiyasi baxış: Azərbaycanın yeni rolu" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
"Ölkəmiz Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (AGRİ) qaz kəməri layihəsinin daimi müttəfiqi və dəstəkçisidir. NATO-ya üzv ölkələrin iqtisadi, siyasi və enerji əməkdaşlığı artıb. Rumıniya Avropa İttifaqına və NATO-ya üzv olan ölkə kimi Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsi üçün göstərdiyi qətiyyəti dəstəkləyir", - deyə o vurğulayıb.
Səfir çıxışı zamanı Rumıniyanın Azərbaycanla birgə icra etdiyi iri layihələr vasitəsilə iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, strategiya Mərkəzi Asiya ilə Qafqaz arasında ticarət əlaqələrə geniş imkan yaradacaq Qara dəniz-Xəzər yük nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.