“Azərbaycan Sənaye Korporasiyası”nın bəzi müəssisələri və balansında olan obyektlər özəlləşdirilir - SƏRƏNCAM Siyasət

“Azərbaycan Sənaye Korporasiyası”nın bəzi müəssisələri və balansında olan obyektlər özəlləşdirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) aşağıdakı müəssisələri və balansında olan obyektlər (bundan sonra – müəssisə və obyektlər) özəlləşdirilməyə açıq elan edilsinlər:

1.1. bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;

1.2. siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:

2.1. özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;

2.2. özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirsin;

3.2. özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Cəmiyyət:

4.1. müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.