Soçi görüşü nə vəd edir? Siyasət

Soçi görüşü nə vəd edir?

İlyas Hüseynov: “İrəvan regionda Rusiyanın hegemonluğuna son qoyulmasını istəyir”

Mütəllim Rəhimli: “Sülh sazişi ilə bağlı sənədin imzalanacağına inanmıram”

Teymur Qasımlı: “Azərbaycan-Ermənistan sərhədlərinin rus əsgərlərinin qoruması müzakirə mövzusu ola bilər”

Soçidə noyabr ayının 26-da Rusiya Prezidenti Vladimir Putinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirəcəyi bildirilib.
Qeyd edək ki, bu ayın 16-da Azərbaycan-Ermənistan sərhədində toqquşma yaşanıb. Azərbaycan ordusu sərhəd toqquşmasında 7 əsgər şəhid verib. Mütəmadi olaraq atəşkəsin pozulması və Ermənistan tərəfində təxribatlar Bakı ilə İrəvan arasında ciddi gərginlik yaşadıb.
Bu gərginlikdən sonra Avropa İttifaqı dekabrın 15-də Brüsseldə baş tutacaq Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın qarşılıqlı görüşü üçün təşəbbüs irəli sürüb. Bu gün isə Kreml iki liderin Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Bəs bu görüşlər hansısa nəticələr verə bilərmi? Gərginlik bundan sonra azala bilərmi?
“Xalq Cəbhəsi” bu sualla bağlı bir neçə siyasi analitikə müraciət edib.
Siyasi analitik İlyas Hüseynov mövzu ilə bağlı bildirib ki, bu görüşün keçirilməsi ilə bağlı razılıq ilk dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Tvitter səhifəsində yazıb. Görüşün Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində planlaşdırıldığı gözlənilir: “Maraqlıdır ki, Ermənistanda Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da üçtərəfli görüşün keçirilməsi ilə bağlı təşəbbüslər rədd edilib. Gözlənilirdi ki, üçtərəfli birgə bəyanatın bir ili tamam olanda yeni yaranmış geosiyası reallıqlar əsasında toplanan problemlərin müzakirəsi hər hansısa yeni bəyanatın imzalanması baş verəcək. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Peskov da anons etmişdi. Mətbuata müzakirə edilən mövzular da sızdırılmışdı. Birinci tezis sərhədlərin delimitasiyası və demarkasiyası, ikinci tezis isə nəqliyyat və kommunikasiya xətlərinin açılması haqqında müzakirələrin keçirilməsi planlaşdırılırdı. Lakin görüş baş tutmadı. Brüssel görüşü ilə bağlı razılaşmadan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında görüş mütləq keçiriləcək. Maraqlıdır ki, Lavrovun bu bəyanatından sonra Brüssel görüşü haqda məlumatlar daha çox paylaşıldı, hər iki ölkənin ictimaiyyəti, siyasi çevrələri arasında müzakirələr aparıldı. Noyabrın 26-da Soçidə bu görüşün keçiriləcəyi ilə bağlı razılaşmanın əldə olunması onu göstərir ki, rəsmi Kreml öz meydançasından kənarda, Avropa İttifaqının siyasi paytaxtı Brüsseldə görüşün keçirilməsindən çox narahatdır. Rusiya üçün əsas məsələ müzakirənin birbaşa olaraq özünün nəzarətində, öz imkanları çərçivəsində tərəflərə verilən məsuliyyət intervalında keçirilməsidir. Təbii ki, Rusiya burada öz strateji maraqlarını güdür, Cənubi Qafqazı əlində saxlamağa çalışır. Buna görə də onun əsas istəyi odur ki, tərəflər arasında görüşlərin keçirilməsi birbaşa Moskvanın nəzarəti və məsuliyyəti altında olsun”.
İ.Hüseynovun fikrincə, tərəflər gözlənilir ki, gələcək siyasi perspektivlər, iqtisadi prioritetlər müstəvisində yeni imkanlar tanınsın. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yaranan problemlərin aradan qaldırılması da gözlənilir.
Analitik onu da qeyd edib ki, noyabrın 16-da Azərbaycan Ermənistan sərhəddində genişmiqyaslı hərbi təxribat Ermənistan tərəfindən törədildi və bu məsələdə Rusiyanın susqunluğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışmaması ilkin belə bir təəssürat formalaşdırdı ki, məsələ Rusiyanın nəzarəti altındadır və prosesləri kənardan izləyir. Lakin dərhal sonra Brüssel görüşü ilə bağlı məlumatlatın sızması ilə siyasi analitiklər yeni fikirlər formalaşdırmağa başladı. Həmin fikirlər ondan ibarətdir ki, baş verən gərginlik Qərbdən idarə olunur və Ermənistanın əsas istəyi regiona əlavə oyunçular cəlb etməsi, Minsk Qrupunun fəaliyyətinin dirçəldilməsidir: “İrəvanın əsas istəyi odur ki, regionda Rusiyanın hegemonluğuna son qoyulsun, bura əlavə yeni oyunçular cəlb olunsun və məsələlər Ermənistanın maraqlarına uyğun həll edilsin. Kənar oyunçuların regiona cəlb olunması müxtəlif maraq və ziddiyyətlərin toqquşmaslna gətirib çıxaracaq və bu regionu bir neçə ildə geriyə ata bilər. Kənar oyunçuların əsas istəyi öz maraqlarını regionda həyata keçirməkdir. Onlar bölgə xalqlarının rifahını sonda olaraq düşünürlər və regionun inkişafı siyasi gündəliklərində sonuncu səhifələrindədir. Əsas məsələ regionda təmsil olunmaq, nüfuz əldə etmək, geosiyasi savaşda öz imkanlarını daha da dərinləşdirməkdir. Ona görə də kənar oyunçuların bölgəyə cəlb olunması Ermənistan üçün də maraqlıdır. Hərbi potensialını genişləndirilmək, Silahlı Qüvvələrini modernizə etmək, müasir informasiya və hərbi texnologiyalara çıxış imkanları əldə etmək üçün vaxt qazanmaq niyyətindədir. Azərbaycan isə başladığı məsələləri sona çatdırmaqda israrlıdır. Azərbaycan çətin bir regionda məntiqi nəticəni görüb məqsədyönlü addım ataraq Vətən müharibəsinə başladı. Azərbaycanın istəyi budur ki, regionda bütün məsələlər onun ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı şərtləri altında həyata keçirilsin. Beynəlxalq hüququn fundamental əsasları icra olunsun, siyasi təmaslar, konstruktiv əlaqələr qurulsun. Ona görə də Azərbaycan üçün siyasi dialoqun harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ regionda sülhün bərqərar olması, müharibə təhlükəsini aradan qaldırmaq, bölgədə dinc, birgəyaşayış qaydalarının formalaşdırılması və müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilən sülhməramlılatın nəzarət zonasında olan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır”.
Politoloq Müəllim Rəhimli isə bildirib ki, dövlət başçılarının görüşləri o zaman baş tutur ki, artıq ortada razılaşdırılmış müəyyən nüanslar var. Həmin məsələlərin təsdiq edilməsi üçün yüksək səviyyəli bir görüş keçirilir: “İndiki halda sərhədlərin delimitasiyası məsələsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşdırımış məqamların olduğunu söyləmək olar. Ən azı sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prinsiplər müəyyənləşdiriləcək. Zəngəzur dəhlizinin açılması ilə bağlı maraqlı qüvvələrin çoxluğu bu işin də təxirə salınmasını əngəlləyir. Ona görə də bu iki məsələ ilə bağlı Azərbaycan və Ermənistan tərəfi qərar verə bilər. Bundan başqa Qazaxın yeddi kəndinin qaytarılması, əsirlərin təhvil verilməsi, Qarabağın azad edilməmiş hissəsinin gələcək taleyi, Rusiya sülhməramlılarının fəaliyyət sferası, Türkiyə və digər ölkələrin prosesə müdaxiləsi məsələləri isə danışıqlar zamanı müzakirə predmetinə çevrilə bilər. Doğrudur, bu görüş zamanı sülh müqaviləsinin imzalanacağı ilə bağlı fikirlər səsləndirənlər də var. Amma düşünürəm ki, bu sənəd indi imzalanmayacaq və əgər belə bir razılaşma masaya yatırılsa da o, olduqca ümumi xarakter daşıyıacaq və ictimai fikrə adekvat olaraq onu təmin etməyəcək”.
Siyasi analitik Teymur Qasımlı isə deyib ki, noyabrın 10-da liderlərin görüşəcəyi iddiası vardı. Bu görüşü Rusiya təşkil etmək istəyirdi. Azərbaycan və Ermənistan tərəfi istəmədi. Bundan başqa son zamanlar Qərb bu iki dövlətlə pərdəarxası danışıqlar aparırdı: “Bunu Rusiya bildi və qəsdən sərhədə gərginlik yaratdı. Nəticədə hər iki tərəf itikilər verdi. Sonra gərginliyi dayandırdı. Sonra Azərbaycan və Ermənistan liderlərinin Belçikada görüşəcəyi xəbəri yayıldı. Rusiya buna qarşı Soçidə təcili görüş təşkil etmək qərarına gəldi. Sual ortaya çıxır Rusiya bu görüşü niyə bü günə qədər etmirdi. Çünkü öz şərtlərini irəli sürürdü, bu şərtlər Azərbaycan maraqlarına xidmət etmirdi.Ona görə Azərbaycan tərəfi dövlət maraqları çərçivəsində Qərblə danışıqlar aparırdı. Digər tərəfdən Ermənistan tərəfinə də Rusiyanın şərtləri qane etmirdi. Ancaq sərhəddə baş verən gərginlikdən sonra Rusiyanın irəli sürdüyü şərtlərə razıyam dedi. Ancaq bu şərtlər nədir, hələki bilinmir”.
Analitik onu da qeyd edib ki, Rusiya tərəfindən Soçi görüşü Belçikada olacaq görüşə qarşı təşkil olunub.Görüşdə hər hansı sənədin imzalanacağına hələ ki görsənmir: “unu Ermənistan baş nazirinin müavini təsdiqləyir. Düşünürəm ki, bu görüşdə Rusiyanın irəli sürdüyü şərtlər müzakirə oluna bilər.Əsirlərin Ermənistana verilməsi gьndəmdə olacaq. Zəngəzur dəhlizi, sərhəd delmitasiya məsələləri müzakirə oluna bilər. Ən önəmlisi, görüşdə Azərbaycan-Ermənistan sərhədlərinin rus əsgərlərinin qoruması müzakirə mövzusu ola bilər”.

Cavid