
"Stratfor": "Azərbaycan Şərqi Avropa və Qafqaz regionunda neytrallığını qoruyan yeganə ölkədir"
Cavid
Kütləvi informasiya vasitələrində diqqətdən kənarda qalsa da, son vaxtlar Azərbaycan diplomatik bir fəallıq içində olub. Belə ki, Azərbaycan rəsmiləri ilə Rusiya və Avropa rəsmiləri arasında görüşlər keçirilib. Mayın 24-ü və 26-sı Moskvada rusiyalı həmkarı Sergey Lavrov və eyni zamanda Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazir müavini Dmitri Roqozinlə görüşən xarici işlər naziri Elmar Məmmədyarov digər tərəfdən ayın 22-si və 23-ü Aİ-nin Riqada keçirilən, Aİ rəsmilərinin Azərbaycanın ittifaq üçün əhəmiyyətini vurğuladığı Şərq Tərəfdaşlığı sammitində iştirak edib. "Stratfor" yazır ki, Azərbaycanın həm coğrafi mövqeyi, həm də zəngin enerji ehtiyatları baxımından Avropa və Avrasiya sərhədlərində nüfuz uğrunda gedən rəqabətdə sahib olduğu əhəmiyyətə uzun müddət yüksək qiymət verilib. Ancaq Ukraynaya görə Moskva və Qərb arasında yaranan və Rusiya ilə Qərb arasındakı əlaqələri soyuq müharibədən bu yana heç olmadığı qədər ən kəskin dərəcəyə çatdıran qarşıdurma nəticəsində Azərbaycanın əhəmiyyəti daha da artıb. Bu münaqişə ərzində Azərbaycan Şərqi Avropa və Qafqaz regionunda neytrallığını qoruyan yeganə ölkədir. Ukrayna, Moldova və Gürcüstan Qərb, Belarus və Ermənistan isə Rusiya meyllidir. Şərqi Avropa parçalandıqca Bakı da hər iki tərəfin hədəfinə çevrilir. Azərbaycan tərəflər arasında balansı qorumaq məqsədilə həm Rusiya, həm də Qərb rəsmiləri ilə fəal şəkildə danışıqlar keçirsə də, son görüşlər göstərir ki, rəsmi Bakının Qərbə inamı əvvəlki kimi deyil. Bu dəyişikliyin bir göstəricisi Azərbaycan prezidenti İlham Əliyevin Qələbə günü münasibətilə Moskvada keçirilən və Qərb liderlərinin boykot etdiyi, Rusiyanın ən sadiq müttəfiqlərinin toplandığı bildirilən tədbirdə iştirak etməsidir. Münasibətlətin irəliləməsinə qarşılıq verməkdə gecikməyən Rusiya prezidenti Vladimir Putin də iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcəyini bildirib. Putin eyni zamanda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Rusiya və Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəyə görə "Şərəf" ordeni ilə təltif edib. "Stratfor"a görə Azərbaycan və Rusiya arasında bu cür qarşılıqlı dostluq münasibətlərinin ictimai şəkildə göstərilməsinin əksini Azərbcayan və Avropa arasında görə bilərik. Şərq Tərəfdaşlığı sammitində iştirakını tədbirdən bir neçə gün əvvəl ləğv edən prezident Əliyev səbəb kimi Avropa Oyunlarına hazırlıq mərhələlərində iştirak etməli olduğunu bildirib. Avropa Oyunlarının keçirilməsinə hələ həftələr olduğunu nəzərə alsaq, bunun səbəb kimi göstərilməsi maraqlıdır.
Mərkəzə görə Azərbaycana xas olmayan bu davranışın bir neçə mümkün səbəbi var. Rəsmi Bakının diplomatiyasındakı dəyişikliyin ən mühüm səbəbi güman ki, də Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. Ötən il ərzində sərhəddə atışmaların və təmas xəttində hücumların artması ilə donmuş münaqişə kəskinləşib. Ermənistana məxsus helikopterin vurulmasından və Ermənistan qüvvələri arasında həlak olanların sayının artmasından da göründüyü kimi Azərbaycan hərbi baxımdan daha da fəallaşıb. Ermənistanın təhlükəsizlik təminatçısı rolunu oynayan və ölkədə çoxlu sayda hərbi qüvvə yerləşdirən Rusiya da bu durumda təmkinli davranıb. Bu, Rusiyanın diqqətinin Şərqi Ukraynada olması, ya da Moskvanın mövcud gərginliyi saxlamaqla Ermənistan və Azərbaycan üzərindəki təsirini qorumağa çalışması ilə izah oluna bilər. Yenə də Azərbaycanın bu fəaliyyətini istiqamətini Rusiyaya doğru dəyişməsi kimi dəyərləndirmək düzgün olmaz, ən azından hələlik. Azərbaycan hələ də Moskva və Qərb arasında balansı qorumaqla enerji ehtiyatlarını Avropa bazarlarına çıxarbaqda maraqlıdır. Amma ümumən Ukrayna qarşıdurması Azərbaycanın təbii qaz tədarükçüsü kimi Rusiyaya alternativ olaraq Avropaya meylliyini artırıb. Ölkə Şərq Tərəfdaşlığı sammitində iştirak etməsə də, enerji üzrə gələcək əlaqələr haqqında gedən müzakirələrdə aktiv şəkildə iştirak edib. Bu sahə üzrə həyata keçirilən layihələr təkcə ölkənin iqtisadiyyatı üçün yox, eyni zamanda diplomatik və geosiyasi mövqeyi üçün də faydalı olacaq.
Rusiya rəsmiləri isə bildiriblər ki, Moskva Xəzər dənizində sərhədlərlə bağlı yaranan və Transxəzər qaz kəməri kimi bir layihəyə maneə olan hüquqi fərqləri aradan qaldırmağa daha açıqdır. Zahirən bu da Rusiyanın Azərbaycanı öz tərəfinə çəkmək üçün Dağlıq Qarabağ kimi həssas bir məsələ olan başqa bir sahədə gərginlikləri aradan qaldırmağa çalışdığının göstəricisi ola bilər.Amma görünən odur ki, Moskva hələ də bu layihəyə təsir göstərməyə çalışır, çünki Transxəzər qaz kəməri məhz Rusiyanın enerji tədarükçüsü rolunu əlindən almaq üçün nəzərdə tutulub. Bunlara baxmayaraq, Azərbaycan neytrallıq strategiyasından uzaqlaşmaqla bağlı hələ konkret qərar verməyib. Ancaq Bakı və Moskvanın verdiyi qərar və bəyanatlar da yaxından izlənilir. Bu qərar və bəyanatlar təkcə Azərbaycana yox, eyni zamanda Rusiya və Qərb arasında daha geniş regional və qlobal qarşıdurmalara təsir göstərəcək.