“Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil”- Sahibə Qafarova Siyasət

“Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil”- Sahibə Qafarova

Milli Məclisin sədri Sahibə Qafarova Litva Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Seym) sədri Viktoriya Çmilite Nielsen ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, Viktoriya Nielsen Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, qeyd edib ki, Azərbaycan və Litva yaxın tərəfdaşdırlar. O, ölkələrimiz arasında münasibətlərin yüksək inkişafından məmnunluğunu ifadə edib. Bildirib ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanlar mövcuddur. O cümlədən, İnformasiya-kommunikasiya texnologiyaları, qida, aqrar, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar var. Seymin sədri deyib ki, Azərbaycan Litvanın tvininq proqramı çərçivəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Viktoriya Nielsen regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
O, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Şərq Tərəfdaşlığı sammitinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakını xüsusi vurğulayıb.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın hazırkı yüksək səviyyəsini təqdir edən Viktoriya Nielsen bu səfərlərin və parlament dostluq qruplarının fəaliyyətinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini deyib.
Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Litvaya ilk rəsmi səfəri olduğunu söyləyib və inamını ifadə edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. Azərbaycan və Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirən spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayıb. O, bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya 1 rəsmi və 2 işgüzar səfərini, həmçinin Litva Respublikası prezidentlərinin Azərbaycana 2 rəsmi və 3 işgüzar səfərini xüsusilə qeyd edib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Litva arasında əməkdaşlıq siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edir. Onun sözlərinə görə, Azərbaycan ilə Litva arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bu gün qanunvericilik orqanlarımız arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Spiker parlamentarilərimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin müsbət təcrübəsini qeyd edib. Həmçinin, iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyətini tədqir edərək, bu qrupların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynadığını söyləyib. O, Litva parlamentində dostluq qrupunun Xocalı soyqırımı ilə bağlı bəyanatlarını yüksək qiymətləndirib. Spiker həmkarına Ermənistan tərəfindən törədilən bu soyqırımı haqqında geniş məlumat verib.
Daha sonra spiker Litva Respublikasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi qeyd edərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında danışıb. Milli Məclisin sədri deyib ki, bu qələbə sayəsində Azərbaycan öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib.
Spiker Sahibə Qafarova hazırda regionda yeni yaranmış vəziyyət və şərtlər haqqında da danışaraq, deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb. Üçtərəfli 10 noyabr 2020-ci il tarixli Bəyanat münaqişəyə son qoyub.
Görüşdə Milli Məclisin sədri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, regional kommunikasiyaların bərpa olunmasının vacibliyi, Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyi ilə reallaşan nəqliyyat layihələri, Zəngəzur dəhlizi haqqında da məlumat verib.