Sabah bu gündən başlayır - Elçin Mirzəbəyli yazır Siyasət

Sabah bu gündən başlayır - Elçin Mirzəbəyli yazır

“İslahatçılar qanunlarını təlatümlü dövrlərdə ictimailəşdirməyə məvbur olurlar, cünki dinc dövrdə ehkamçı-gerilikçilər buna imkan vermirlər”.
Bu sözləri XIX əsrdə Britaniyanın dövlət xadimi, 5 cildlik “İngiltərənin tarixi” kitabının müəllifi Tomas Babinqton Makoley yazıb. Bu gün və bəlkə də bütün dövrlər üçün keçərlidir.
Hər dəfə ölkəmizdə islahatların nə üçün məhz 2019-cu ildən etibarən daha sürətli, daha dinamik, daha açıq və fundamental kadr dəyişikləriylə həyata keçirilməsinə başlanıldığı barədə suala cavab axtaranda, Makoleyin yuxarıda iqtibas gətirdiyim deyimini xatırlayıram. Şübhə etmirəm ki, Tomas Babiqton “təlatümlü” ifadəsinin altında bir çox məqamları nəzərdə tutub və bu məqamlardan biri, qənaətimə görə, ictimaiyyətin və onun, əsasən aparıcı hissəsinin, xüsusilə də gənclərin dəyişikliklərə hazır olması ilə bağlıdır.
Lakin Tomas Babinqton Makoleyin, Frensis Bekonun, Nikolay Berdyayevin və əksər islahatçı filosof və dövlət xadinlərinin əsərlərinin, fikirlərinin içərisindən qırmızı xətt kimi keçən mühüm bir xatırlatma da var: Yalnız güclü liderlər təlatümlü dövrlərdə yuxarıdan aşağı islahatlar həyata keçirə bilir, nümunə yaradır və cəmiyyəti dəyişikliklərə hazırlamağı bacarırlar. Bu yerdə yenə də Tomas Makoleyin fikirlərinə müraciət etmək istəyirəm. Makoley «İngiltərənin tarixi” əsərində yazır: “Biz qanunları övladlarımız üçün yaratmırıq. Onlar üçün atmalı olduğumuz yeganə addım böyük islahatların necə həyata keçirildiyi barədə nümunələr yaratmaqdır”.
...İlham Əliyev də islahatlara, bütün istiqamətlər üzrə və ilk növbədə dövlət başçısı kimi nümunə yaratmaqla başladı. Əslində bu proses xeyli öncədən başladılmışdı, yarıqapalı, yarıməxməri bir şəkildə. Çünki uzun illərdən bəri dövlət idarəçiliyinin müxtəlif pillələrində lövbər salmış, bir çox şərtlərin, o cümlədən dövlətin mənafeyinin tələb etdiyi səbəblərdən faəliyyətlərini davam etdirməkdə olan gerilikçilər islahatları ilk növbədə özlərinə, ayrılmaz tərkib hissəsi olduqları reqressiv oliqarxik mirasa real təhlükə kimi görür, dəyişikliklər barədə açıq mesajları şüara çevirməklə gözdən salmağa, əngəlləməyə çalışırdılar. Bu baxımdan, ilk növbədə illərdən bəri düşüncələrdə kök salmış saxta streotiplərin, vətəndaşla məmur arasındakı süni maneələrin ictimai maraqlara zərbə vurmadan, dövlətin təhlükəsizliyini təhdid altına almadan, ölkə həyatının taleyüklü məsələlərini öz üzərində götürə biləcək cazibədar və real alternativlər yaratmaqla sıradan çıxarmaq lazım gəlirdi... Bunun üçün isə islahatların yaradıcı ruhu önə çıxmalı, insanlar dəyişikliklərin onların həyatına, bəzilərinin uzun illərdən bəri formalaşdırdıqları şaiyə şəbəkələri vasitəsilə ictimai rəyə ötürdükləri dağıdıcı mesajlarda “vəd edildiyi” kimi deyil, müsbət təsir göstərəcəyinə əmin olmalıydılar.
...Prosesi əngəlləməyə çalışanlar isə təkcə “beşinci kolon”un ənənəvi təmsilçiləri, xərçəng kimi hər tərəfə kök atmış antimilli qruplar, rəngdən-rəngə düşən premodern post və partnomenkluatura tör-töküntüləri deyildilər. Buqələmun kimi rəng və mövqe dəyişən mənafe ovçularının “ov tula”ları da, özləri kimi yeni dövrün çağırışlarına uyğunlaşmağa çalışır, gerçək xəyanətlərinin izini virtual dünyaya, virtual dünyadakı rəzilliklərini isə real həyata daşımağa cəhd göstərirdilər.
...Belə bir şəraitdə ölkə müharibə aparmaq, vətəndaşlarının həyati təhlükəsizliyini təmin etmək və 30 ilə yaxın bir zaman kəsiyində davam edən işğala son qoymaq üçün ölüm-dirim savaşına başladı...
Bu gün hərəkət etdiyimiz nöqtədən geri boylananda 44 günlük Vətən Müharibəsi də daxil olmaqla, qəbul edilən qərarların, atılan addımların risk yükünün nə qədər böyük olduğunu müəyyənləşdirə bilərik. Lakin tarixin ən nəhəng dövlət xadimlərindən və filsoflarından birinin – Mark Avrelinin dediyi kimi, “risk etməyən 100 dəfə daha çox risk edir” fəlsəfəsinin mahiyyətinə söykənilməklə həyata keçirilən siyasət, qəbul edilən çevik qərarlar, nümayiş etdirilən iradə və qətiyyət, həmçinin proseslərinin inkişaf temporitminin öncədən və zərgər dəqiqliyi ilə hesablanması riskləri üstünlüyə çevirdi... Bu gün biz gözümüzün önündə tamamilə və mahiyyət etibarilə dəyişən, yenilənən Azərbaycanın açıq, şəffaf və gerçək obrazının necə canlandığının şahidi oluruq.
...Bu obraz Prezident İlham Əliyevin gənclərlə görüşündə özünü daha qabarıq, daha aydın şəkildə büruzə verdi. Dövlət başçısının nitqi, gənclərin suallarına cavabında səsləndirdiyi fikirlər Azərbaycanın məhz həmin andan başlayan gələcəyinin işıqlı, islahatların yaradıcı ruhu ilə bütövləşmiş simasını ortaya qoydu.
Bu baxımdan, ətrafımızda cərəyan edən sürətli hadisələrin içərisində yer aldığımız üçün bəzən hiss etməsək də, artıq gələcəyin, sabahın Azərbaycanın sakinləri olduğimizi düşünürəm.
Sabah bu gündən başlayır!

Elçin Mirzəbəyli