“Qarabağın işğaldan azad olunmuş digər bölgələri də tədricən məskunlaşacaq” Layihə

“Qarabağın işğaldan azad olunmuş digər bölgələri də tədricən məskunlaşacaq”

Elman Cəfərli: “Çox yaxın illərdə Qarabağın rayonları iqtisadi baxımdan ən inkişaf etmiş bölgəyə çevriləcək”

58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək.

Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürülməsi nəzərdə tutulub. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Hazırda ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlarda 1357 nəfər bu kəndə yaşamaq niyyətini bildiriblər.

İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Evlərin bölgüsü püşkatma ilə aparılıb.

Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək.

Kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsində olacaq.

4 mərhələdə keçiriləcək prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onların arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Onu da əlavə edək ki, “Qarabağa Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçürülən əhali üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilməyə başlanılıb.

ANAMA-dan verilən xəbərə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimlərin məqsədi Ağalı sakinlərinin kəndin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz davranış qaydaları ilə tanış etməkdir.

2022-ci il 1 iyul tarixindən Bakı şəhərində mərhələli şəkildə başlayan təlimlər ənənəvi olaraq Zəngilan rayonunda davam etdirilir. Təlimlərdə vətəndaşlara mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də təhlükə haqda məlumat vermə istiqamətləri barədə təlimatlar verilir. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşur və posterlər paylanılır.

Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək bəxbəxt hadisələrdən həm özünü, həm də yaxınlarını qorumuş olacaq.

Millət vəkili Sahib Alıyev bildirib ki, ağalılılar bilmirəm fərqindədirlər ya yox, onlar öz kəndlərinə azərbaycanlıların işğal altındakı torpaqlarının itirilməsi ilə barışacaqlarını, bizi buna zorlayacaqlarını düşünən yırtıcıların məkrli niyyətlərinin üstündən keçərək gedir: “Bu köç "Siz savaş yoluyla torpaqlarımızı qaytara bilməzsiniz" deyən, işğalçı Ermənistana havadarlıq edən böyük güclərin qətiyyən bunu arzulamadıqları və istəmədikləri halda baş verir.

Demək, biz ruhumuz, əzmimiz, torpağa bağlılığımız, qətiyyətimiz və vətənpərvərliyimizlə onlardan da böyüyük. Canlarından keçməklə bu böyüklüyü göz önünə sərən şəhidlərimizin ruhu qarşısında baş əyirəm!”.

Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Xalq Cəbhəsi”nə bildirdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb. Onun sözlərinə görə, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib: “Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb.Zəngilan sakinlərinin Ağalıya köçürülməsi 30 illlik həsrətin bitməsidir. 30 il insansız qalmış doğma yurdlarımız yenidən dirçəlir. Azərbaycanlıların qısa zaman kəsiyində Ağalı kəndini qurub orada məskunlaşması dünyaya verilən mesajdır. Bu torpaqlar bizimdir, hər zaman bizim olub və bundan sonra əbədiyyətə qədər bizim olacaq. Bəzi dostlar “Ağalıda iş yerləri yoxdursa, insanlar orada necə yaşayacaq”,- deyə bu məsələdən narahatdır. Dövlət ağıllı kənd salıb. İnsanlara ev, həyətyanı sahə verib.

Məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün artıq biznes təlimləri təşkil edilib. Ərazidə xidmət qurumlarının yerli bölmələri fəaliyyətdədir. Zəruri infrastruktur yaradılıb. Ağalı sakinlərinə kommunal xidmətlərlə bağlı güzəştlər nəzərdə tutulur. Yəqin ki, çox qısa zamanda bölgədə həyat canlanacaq. İnsanlar əkib-becərəcək. Qarabağın işğaldan azad olunmuş digər bölgələri də tədricən məskunlaşacaq. Bölgədə 1 beynəlxalq aeroport var. İkincisi də Zəngilanda inşa olunur və sentyabrda işə düşəcək. İlk illər çətinliklər olacaq. Amma əsas odur ki, müzəffər ordumuzun, qəhrəman əsgərlərimizin sayəsində torpaqlarımın işğaldan azad olunub. Şəhid qanı ilə suvarılan o torpaqlarda yaşamaq hər bir azərbaycanlı üçün qüuruvericidir. İkinci dünya müharibəsində də minlərlə şəhər, kənd yerl üzündən silinmişdi. Lakin ağıllı siyasət və insan zəhməti hesabına o yerlər yenidən bərpa edildi. Şükür ki, dövlətimiz tədbirli, insanımız zəhmətkeşdir. Azərbaycan tarixində bu cür hallar çox olub. Dağıdıcı müharibələr, təbii fəlakətlər insanları yerindən-yurdundan didərgin salıb. Lakin gec-tez o yurdlara dönmüşük, qurub-yaratmışıq. Bu dəfə də belə olacaq. Çox yaxın illərdə Qarabağ rayonları iqtisadi baxımdan ən inkişaf etmiş bölgəyə çevriləcək”.

Əli Zülfüqaroğlu