“Missionerlik fəaliyyəti ilə məşğul olan mərkəzlərin böyük əksəriyyəti dini radikal vasitə kimi nəzərdən keçirirlər” Layihə

“Missionerlik fəaliyyəti ilə məşğul olan mərkəzlərin böyük əksəriyyəti dini radikal vasitə kimi nəzərdən keçirirlər”

Hikmət Babaoğlu: "Biz burada din vasitəsilə manipulyasiyanın ən bariz nümunəsini görürük"

Əvvəli ötən sayımızda

"...Adından bəlli olduğu kimi, netokratiya "şəbəkə hakimiyyəti" deməkdir və bu gün transmilli media, internet mediası, digər sosial resurslar, "Facebook", "Twitter" və s. qlobal dövlətə, onun məqsədlərinə xidmət edən bir vasitə kimi yaradılıb. Doğrudur, bütün bu vasitələri biz sadəcə qlobal dövlətə xidmət edən bir mexanizm kimi səciyyələndirə bilmərik. Onların ictimai, mədəni, informasiya elmi-kommunikativ rolu danılmazdır. Lakin əsas qayə informasiyaya institusional forma verməklə ondan idarəetmə mexanizmi kimi istifadə etməkdir ki, bunu da netokratiya nəzəriyyəsini yaradanlar və həyata keçirənlər çox yaxşı bacarırlar". Bu fikirləri millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib. O əlavə edib ki, beləliklə, yuxarıda dediyimiz vasitələrlə hər bir milli dövlətin içərisində yeni keyfiyyətdə insan formalaşdırılır: "Bu insanlar artıq şəxsiyyətin formalaşması prosesində daha çox qlobal medianın, sosial medianın təsiri altında yetişirlər. Yəni, ənənəvi olaraq cəmiyyətin özünün adət-ənənələri, milli mentaliteti, ailə tərbiyəsi, cəmiyyətdaxili münasibətlərindən deyil, mediadan aldığı informasiya vasitəsilə formalaşır. Bu təsiri biz şərti olaraq "infogen təsir" adlandırırıq, yəni, yeni insan klassik sosiogen, biogen təsirlərdən daha çox infogen təsir vasitəsilə formalaşır. Bu yeni keyfiyyətdə formalaşan insan isə "homoinformatikus" adlandırılır. Homoinformatikuslar sadəcə olaraq, informasiya ilə idarə olunan varlıqlardır, onların davranışlarında və qərarlarında əql, idrak, məntiqi düşüncə iştirak etmir. Məhz din də bu prosesdə bir vasitədir. Yəni, bu insanları, informasiya ilə yetişmiş homoinformatikusları netokratiya hakimiyyəti bir şəkildə milli dövlətə qarşı yönləndirməklə milli hakimiyyətə qarşı, yəni, milli siyasi iradəyə qarşı bir vasitə kimi istifadə edir. Başqa bir tərəfdən, dini missionerlər cəmiyyəti dini icmalara bölərək, qütbləşdirərək, barışmaz, ziddiyyətli sferalara, radikal, marginal qruplara ayıraraq onlardan vaxtaşırı milli dövlətə və milli iradəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ən son istifadə olunan metod isə belə insanları hakimiyyət strukturlarına yerləşdirmək və onlardan şəbəkə yaratmaq metodudur. Bu, milli dövlətin daxildən işğal edilməsidir. Çünki belə şəbəkələr millətə deyil, idarə olunduqları mərkəzlərə xidmət edirlər".
Millət vəkilinin fikrincə, nəticə etibarilə, dövləti idarə edəcək və milli iradəni müdafiə edəcək hakim elita, yaxud siyasi hakimiyyət bu təzyiqlər altında qlobal dövləti quran mərkəzlərə xidmət etmək məcburiyyətində qalır: "Beləliklə də, missionerlərin formalaşdırdığı, əslində, dinlə, İslamla heç bir əlaqəsi olmayan müxtəlif dini icmalar milli hakimiyyətə təzyiq vasitəsinə çevrilirlər. Qlobal dövlət ilkin mərhələdə milli dövlətdən istədiklərini almaq üçün öz vətəndaşları içərisində yaratdığı bu qruplar vasitəsilə təzyiq edir və istədiyinə nail olur. Bu isə milli dövlətin və milli maraqların ilkin mərhələdə ciddi şəkildə məhdudlaşdırılması deməkdir. Sonrakı mərhələdə isə bu idarə olunan xaos, yəni, ayrı-ayrı missioner mərkəzlər, informasiya mərkəzləri tərəfindən idarə olunan insanlar getdikcə alətə çevrilir və istənilən vaxt, istənilən cəmiyyətdə dini, ideoloji müstəvidə, informasiya müstəvisində və dövlət-vətəndaş münasibətlərində qarşıdurma yaratmaq üçün istifadə olunur.
Bu azmış kimi, bir də müxtəlif ideyalar, informasiyalar, yaxud dini cərəyanlar əsasında formalaşdırılmış, amma eyni mərkəzdən idarə olunan həmin qruplar həm də bir-biri ilə qarşıdurmaya cəlb edilir. Beləliklə, biz idarə olunan xaos nəzəriyyəsinin nə qədər praktik və effektli bir nəzəriyyə olduğunu aydın görürük. Biz artıq qlobalistlərin, qlobal dövlətin laboratoriyasına çevrilmiş ayrı-ayrı ölkələrdə, Yaxın Şərqin və Şimali Afrikanın bəzi ölkələrində bu durumu müşahidə etdik, gördük ki, milli dövlət, bütöv bir cəmiyyət, netokratiyanın və idarə olunan xaosun laboratoriyasına necə çevrilir".
H.Babaoğlu qeyd edib ki, Azərbaycanda da buna cəhd edənlər var: "Lakin hələlik Azərbaycan cəmiyyətinin və dövlətinin buna müqaviməti effektivdir. Çünki Azərbaycan cəmiyyəti intellektualdır və yeni əsaslarda formalaşıb, eyni zamanda, Azərbaycanda hakimiyyətlə xalq arasında ümumi ictimai etimad mühiti mövcuddur. İndiki hakimiyyət Azərbaycan Respublikası Prezidentinin də qeyd etdiyi kimi, xalqa xidmət etmək üçün yaradılmış bir hakimiyyətdir və Prezident İlham Əliyev bəyan edib ki, "Xalqın birinci xidmətçisi mənəm". Məhz bu yanaşma, Azərbaycan hakim elitasının zirvəsindən səslənən bu fikirlər Azərbaycanda qlobalistlərin, neoimperialistlərin, infoimperialistlərin məqsədlərinin qarşısına sədd çəkir. Ancaq bununla bərabər, Azərbaycanın milli mətbuatı bu prosesdə üzərinə düşən tarixi missiyanı və vəzifəni dərk edərək funksional vahid kimi bu mübarizədə dövləti və milli maraqları müdafiə edən bir instituta çevrilməlidir. Azərbaycan mətbuatında bu proses gedir və əminik ki, milli mətbuatımız bu məsələdə öz tarixi missiyasını yerinə yetirəcək.
Məhz bu məqamda medianın rolu, funksionallığı və effektiv işləmə məsələsi aktuallaşır. Çünki qlobal dövlət nəzəriyyəsinə paralel olaraq beynəlxalq münasibətlər nəzəriyyələrində mövcud olan netokratiya - şəbəkə hakimiyyəti nəzəriyyəsini qeyd edə bilərik. Şəbəkə isə artıq birbaşa olaraq mediadır. Belə olan halda, biz medianın dünyada və ölkədə baş verən proseslərdə nə qədər mühüm rol oynadığı gerçəkliyilə üzləşirik. Ona görə də, hər bir ölkənin milli mətbuatı və milli mediası milli maraqlara xidmət etməzsə, deməli, nəticə etibarilə milli dövlətin zəifləməsinə və milli siyasi iradəni idarə etmədə və millətin gələcəyinin təmin olunmasında iştirakının məhdudlaşmasına səbəb olur. Bu gün əgər biz medianın vəzifələrini məhz dini-missionerlik kontekstində nəzərdən keçiririksə, əlbəttə ki, mütləq istər elektron media, istərsə də yazılı medianın hansı məsuliyyəti daşıdığını nəzərə almalıyıq".
Onun fikrincə, cəmiyyət, din və media üçbucağını təhlil edərkən bu məsələnin nə qədər aktual olduğunu görürük: "Məsələ ondadır ki, din həmişə siyasi vasitə, manipulyasiya vasitəsi, eyni zamanda, bəzi hallarda dağıdıcı vasitə, bəzən isə birləşdirici vasitə kimi istifadə olunub. Missionerlik fəaliyyəti ilə məşğul olan mərkəzlərin böyük əksəriyyəti milli dövlətə və milli iradəyə qarşı olduğu üçün bu prosesdə dini birləşdirici vasitə kimi yox, dağıdıcı, qütbləşdirici, radikal vasitə kimi nəzərdən keçirirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə çoxsaylı dini missionerlər daxil olmağa başladı. Onların bir qismi leqal, digər qismi isə qeyri-leqal fəaliyyət göstərir. Bu prosesdə isə ən qorxulu məsələ məhz Azərbaycandan xaricdə olan, bəzi hallarda radikal islamçı, bəzən isə islamofob dairələrə xidmət edən missionerlərin fəaliyyətini müşahidə etməkdəyik. İlk baxışdan İslama xidmət edən, yaxud İslam ölkələrindən gəldiyi güman edilən ayrı-ayrı missionerlərin fəaliyyətinin alt qatlarında da islamofob dairələrə və mərkəzlərə xidmət edən məqsədləri müşahidə edirik. Bəlli olur ki, tutaq ki, hər hansı müsəlman ölkəsindən gələn, missioner fəaliyyəti ilə məşğul olan qrup və cərəyan ilkin mərhələdə İslamı, dini, yaxud dünyəvi maariflənməni təbliğ edən bir cərəyan kimi görünsə də, onun alt qatlarında kodlaşdırılmış antiislam və antimilli ideoloji fəaliyyət gizlənir. Biz burada din vasitəsilə manipulyasiyanın ən bariz nümunəsini görürük. Ona görə də, Azərbaycan mətbuatı bu məsələlərə daim diqqət yetirməli, cəmiyyətin birliyinin, bərabərliyinin, eyni zamanda, milli maraqlarının qorunması üçün bu istiqamətdə öz fəaliyyətini daha da genişləndirməlidir. Bunun üçün biz hesab edirik ki, aşağıdakı təklifləri nəzərdən keçirmək faydalı olardı:
1) Media kütləvi təbliğat vasitəsi olduğu üçün media vasitəsilə dinin kütləvi təbliğinə diqqətin ayrılması;
2) Dini biliklərə və dini informasiyalara malik olan mənbələrin media üçün açıq və əlçatan olması;
3) Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun layihələri içərisində dini maariflənmə ilə bağlı xüsusi layihələrin həyata keçirilməsi;
4) Azərbaycanda fəaliyyət göstərən leqal, yəni, Dini İşlər üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş sekta və cərəyanlar arasında mətbuat vasitəsilə daimi əlaqənin yaradılması və onların fəaliyyətinin mütəmadi olaraq işıqlandırılması və qəbul etdikləri nizamnaməyə uyğun olaraq fəaliyyətlərinə media vasitəsilə ictimai nəzarətin təşkil olunması.
5) Bütövlükdə, dini maarifləndirmə işinin daimi proses kimi həyata keçirilməsi.
Hesab edirik ki, bu gün Azərbaycanda leqal, yaxud qeyri-leqal dini sektaların fəaliyyəti ölkənin müvafiq icra strukturlarının və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Milli media da bu prosesdə üzərinə düşən məsuliyyəti və vəzifənin layiqincə yerinə yetirməlidir. Əgər hər üç mediaya elektron, internet və çap mediasına nəzər salsaq görərik ki, Azərbaycanda ən az işıqlandırılan mövzulardan biri din mövzusudur. Üstəlik, bu mövzular işıqlandırılarkən keyfiyyətsiz, mahiyyət təhrif olunaraq işıqlandırılır. Əksər hallarda dini və onun cəmiyyətdəki yerini özü belə dərk etməyən ayrı-ayrı adamlar cəmiyyətə ekspert, ilahiyyatçı və ya din xadimi kimi təqdim olunur. Onların fikri dini şüuru obyektiv əsaslarda formalaşdırmaq əvəzinə, onu daha da korlayır. Buna görə də, belə bir təklif də irəli sürürük ki, müvafiq dini qurumlarla Azərbaycanda dini mövzularda yazan jurnalistlərin vaxtaşırı seminarları təşkil edilsin. Əgər belə olarsa, Azərbaycanda din, cəmiyyət və dövlət üçbucağında cərəyan edən hadisələr milli və dövlət maraqlarımızın xeyrinə olar. Missionerlərin fəaliyyətinə isə mütləq media vasitəsilə ictimai nəzarət həyata keçirilməlidir".

Əli