“Azərbaycan xalqı və onun siyasi rəhbərliyi sübut etdi ki...” Layihə

“Azərbaycan xalqı və onun siyasi rəhbərliyi sübut etdi ki...”

Şölət Zeynalov: "Sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətindəki uğurlar müasir praktik nümunədir"

"Bu gün həm Şərq, həmçinin Qərbdəki hadisələrin inkişafı bizə onu qeyd etməyə əsas verir ki, tarixin dərin qatlarından süzülüb gələn arxaik mənfi refleksiyalara xarakterik olaraq yenidən lokal, regional bəzən də sivilizasiyalar kontekstində konfrontasiyalar geriyədönməz xarakter almağa başlayıb". Bunu AMEA Fəlsəfə və Hüquq İnstitutu, "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin elmi işçisi Şölət Zeynalov qeyd edib. O bildirib ki, "Sivilizasiyaların toqquşması" təliminin dini-siyasi və ideoloji istiqamət almasından danışan amerikalı politoloq S.Hantinqton yazır: "İslam sivilizasiyası bir çox əsrlər boyu "yəhudi-xristian dəyərlərinin" düşməni olmuş və bu gün də onların düşməni olaraq qalır". "Biz bu tezisi təkzib edə biləcək onlarla antitezisi S. Hantinqtonun bu fikrinə qarşı fakt kimi göstərə bilərik",- deyən Ş.Zeynalov diqqətə çatdırıb ki, lakin bütövlükdə bu nəzəriyyənin naqisliyi (baxmayaraq ki, orada bir sıra ümumbəşəri əhəmiyyətli tezislər vardır) və sivilizasiyaların qarşı-qarşıya qoyulması qüsurlu olduğundan ona böyük önəm verməyi lazım bilmirik: "Sözün həqiqi mənasında reallıqda bu gün Ukraynada baş verən hadisələr göstərir ki, artıq təkcə xristian-islam qarşıdurmasından deyil, bütövlükdə dünyada mövcud sistemlərin böhranından, monoteist dinlərin daxildən parçalanmasından, məzmunca müqəddəs kitabların ümumbəşərilik kontekstindən deformasiyaya uğradılmasından danışmaq daha məntiqli olardı. Deməli tarixən olduğu kimi, din, o cümlədən dini fəlsəfə və fəlsəfə siyasiləşdirildiyindən əslində yüz illər boyu davam edən "tarixi çağırışlar" siyasiləşdirilmiş inanc sistemlərinin faciəsi olub.
Dinlərin dialoqu əvəzinə dinlərin tarixi monoloqa meylləndirilməsi hansı meyara xidmət edir? - sualı tarix boyu açıq qaldığı kimi bu gün də cavabsızdır. Məlum olduğu kimi, bəşər tarixində erkən sinfi münasibətlərin meydana çıxdığı dövrdə hüquqi idarəetmə sistemləri və iqtisadiyyatın inkişafı genişləndikcə həmin dövrdə mövcud olan dövlətlərdə əhalinin sayı artmağa başladı. Eyni zamanda bu inkişaflar öz növbəsində dövlətlərarası və sivilizasiyalararası münasibətləri daha çox siyasi sahədəki mübarizələrə, hərbi münaqişə və toqquşmalara sövq etməyə başladı. Lakin bütün bu qanlı toqquşmalar belə heç də həmin dövrdə sivilizasiyalararası münasibətlərdə dialoqun, qarşılıqlı anlaşmanın olmadığını təsdiq edə bilməz. Belə ki, tarix sübut edib ki, hətta ən uzun və qanlı müharibələrin sonu sülhlə qurtarıb. Əbədi müharibələr olmadığı kimi əbədi sülhün də olmadığına tarixən şahidlik etmiş insan tarixi bir çox hallarda həyati problemlərdən xilas olmaq, yaxud onu daha da yüngülləşdirmək üçün müxtəlif vasitələrlə təşəbbüslərdə çıxış edib. Bu anlamda tarixən ayrı-ayrı dövlətlər və müxtəlif lokal sivilizasiyalar arasındakı münasibətlər müxtəlif proseslərlə bəzən isə müstəsna hallarda olsa da, daha irəli gedib tərəfdaşlıqla nəticələnib. Fikrimizi əsaslandırmaq üçün Qədim Roma imperiyası dövründə ellinlərlə barbarlar arasında fərqlərin və qismən də olsa qarşıdurmaların aradan qaldırılmasına yönəlmiş kosmopolit ideyaları, dini sinkretizmi və s. müxtəlif barışdırıcı cəhətləri misal göstərə bilərik. Lakin tarixdən məlum olduğu kimi, hələ o dövrdə də bütün bunlara baxmayaraq, ellinizm mədəniyyətində Şərq və Qərb dilemmasını "ləğv etmək" mümkün olmayıb. Bu anlamda fikrimizcə problemin özəlliyi ondadır ki, ellinizm mədəniyyətinin özü müxtəlif mədəniyyətlərin dialoqundan daha çox antik mədəniyyətin hegemonluğuna əsaslanmış tarixi proses kimi çıxış eşdib. Belə ki ellin mədəniyyəti öz texnikasını estetikadan götürə bilsə də o eyni zamanda monoloji bir başlanğıca daha cox meyl edirdi. Deməli, başqa formada desək monoloqdan qaynaqlanan tezislər dialoqda platforma təşkil etmək üçün mütləq bir şəkildə zamanca uzun maariflənmədən və reformalardan keçməlidir. Müasir anlamda bu məsələləri bir çox hallarda Qərbin "özü" və "başqa"ları üçün müəyyən etdiyi standartlarla da müqayisə etmək olar. Belə vəziyyətin başlıca səbəbi isə, fikrimizcə, dialoqun müqəddəm şərtlərindən biri olan tərəflərin bərabərhüquqluğuna riayət edilməməsi hesab edilə bilər. Obrazlara müraciət etsək monoloq və dialoqun fitrətlərindəki fərq onların əsl mahiyyətini ortaya qoya bildiyindən "monoloq" termini "dialoq" terminini əvəz edə onun məna yükünü özündə ehtiva edə bilməz. Nəticədə, bu səbəbdən əksər tarixi proseslərdə olduğu kimi, qərbli mədəniyyətinin daşıyıcılarının başqaları üzərində "üstünlüyü" və ya başqa sözlə, bir sivilizasiyanın başqa bir sivilizasiya üzərində monoloqu əsas yer tutur". Onun sözlərinə görə, tarixə müraciət edərkən yunan-roma varlığına hakim kəsilmiş monoloji ruhu özündə müxtəlif formada ehtiva edərək yaşadan "xristianmərkəzçiliyinin" onu hətta orta əsrlərin ziddiyyətləri içərisindən keçirərək, bilavasitə sanki yaşadaraq, nəfəs verərək, bu ruhu Yeni intibah və daha sonra indisturial dövrə ötürdüyünün şahidi oluruq: "Rus alimi A. B. Juravski haqli olaraq yazırdı: "Orta əsrlərdə xristianmərkəzçilik formasında təzahür etmiş xristianlıq avropamərkəzçiliyin ideoloji əsası olmuşdur". Yuxarıdakı A. B. Juravskinin bu tezisindən belə bir qənaətə gəlmək olur ki, Qərb mədəniyyətinin kökündə dayanan monologizm ideyası müxtəlif zamanlarda transformasiyalara uğrayaraq bu günə qədər öz ruhunu qoruyaraq saxlamaqdadır. Bütün deyilənlərə rəğmən Jak Derridanın təbirincə, indi artıq "yaxşı və pis" anlayışlarına ənənəvi tarixi baxış aradan qalxdığından və ya o dünyada müasir anlamda müxtəlif formada dərk edildiyindən və özündə daha çox nihilizmi və monoloji şüuru cəmləşdirdiyindən yeni "yaxşı və pis" lərin aktuallaşması müasir həyatımıza daha çox adekvat hesab edilə bilir. Bu isə məhz dialoq və qarşılıqlı mövcudluq anlayışının ana xəttinə qarşı fikir kimi də dəyərləndirilə bilsə də, o artıq reallıq kimi qəbul edildiyindən biz bu yeni "yaxşı və pis"lərlə paralel yaşamaq məcburiyyətindəyik. Burada müasir Qərb dünyasının nəhəng sosioloqu S. Hantinqtonun sivilizasiya anlayışına verdiyi tərifin nə qədər günümüzlə səsləşdiyi özünü göstərə bilir. Belə ki, onun təbirincə "Sivilizasiya insanların ali mədəni birliyi və mədəni identikliiyinin ən geniş səviyyəsi olub, insanları başqa bioloji varlıqlardan fərqləndirir". Biz burada görürük ki, S. Hantinqton müasir dünya insanını məhz intelektual və idrak səviyyəsinin müxtəlif aspektləriylə deyil onu başqa varlıqlarla (şüursuz məxluqlarla) müqayisə obyektinə çevirir. Deməli belə qüsurlu müqayisələrin müasir dünya təfəkkürünə uyğun gəldiyini hesab edən sivilizasiyanın bu anlamda qüsurlu "yaxşı və pis"lərə uyğun olduğu da qəbul edilməlidir.
Müasir dünyada, xüsusilə Şərq-Qərb münasibətlərindəki konfrontasiyalara tarixdən qaynaqlanan "əbədi sevgi" meyllərinin aşırı istiqaməti və tarixdəki üstünlüklərə varislik ambisiyası bizə bir mühüm faktı qeyd etməyə əsas verir ki, həqiqətən də fəlsəfi təfəkkürdə gedən böhran artıq həyatın bütün təbəqələrində öz pik həddinə çatmaqdadır. Bu isə öz növbəsində dünya üçün daha qorxulu bir hadisənin – nüvə təhlükəsinin aktuallaşdığını xəbər verməkdədir. Nəhayət nəzəri fikir və bütövlükdə fəlsəfə ən müxtəlif vasitələrlə qütbləşmiş və konfrontasiyaları "əzəli və əbədi" hesab edən insanı yeni anlamda dərkə istiqamətləndirməli və zamanın Herodot dövrünə yox; ümumbəşəri vəhdət kontekstinə adekvat olduğunu israrla sübut etməyə səy göstərmlidir".
O deyib ki, qloballaşan dünyada baş verən proseslərə daha geniş nəzər yetirərkən aydın olur ki, dünya təkcə müxtəlif tərəflərin konfrontasiyasından ibarət deyil: "Dünyada elə ölkələr var ki, məhz ümumbəşəri anlayışlara insanlararası qurucu münasibətlərə, dözümlülüyün hökm sürdüyü, multikultural və tolerant mühitə meyllidirlər. Məhz, belə bir missiyanı üzərinə götürən ən proqressiv ölkə kimi Şərq və Qərbin çoğrafi, mədəni, dini qovuşağında yerləşən, özündə islam, xristianlıq və iudaizm kimi səmavi dinlərlə yanaşı başqa inanc sistemlərini və çoxlu kiçik dini konfessiyaları uğurla birləşdirən, tarixən mədəniyyətlərin paralel mövcudluğunu özündə ehtiva edən Azərbaycan Respublikası müasir dünya üçün bir örnək kimi təqdim oluna bilər. Belə ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Şərq və Qərb dünyası arasında yeni yaranan bir nəhəng platformanın formalaşdırılması uğurunda səyləri, ölkədə keçirilən dünya miqyaslı forumların, konfransların, tədbirlərin uğurla baş tutması göstərir ki, dövlətimiz sivilizasiyalararası dialoq və əməkdaşlıq üçün bir örnək, tarixi köklərə söykənən, lakin yeni təfəkkür tipli bir müstəvi, paradiqma, etalon kimi qəbul edilə bilər və artıq edilməkdədir. Belə ki, ölkəmizdə dini tolerantlıq, dözümlülük, və multikultural dəyərlərin müasir anlamda bərqərar olması və uğurla inkişaf etdirilməsi hətta, bir çox dünya alimlərinin qənaətində dönə-dönə vurğulanır. Bu gün Respublikamız dinlərin, mədəniyyətlərin, siyasi, sistemlərin qarşılıqlı təması, qarşılıqlı anlaşması, dialoq və əməkdaşlığı üçün əvəzsiz rol oynayır.
Son iyirmi illik tariximizi nəzərdən keçirərkən bunu daha aydın görmək olar. Torpaqlarının böyük bir hissəsini erməni terroru və təcavüzünə görə itirən, bu səbəbdən bir milyondan çox qaçqını və məcburi köçkünü olan, lakin bəşəriyyətin gələcəyinə kin və nifrət, xristian-islam qarşıdurması rakursundan deyil, humanizm, ədalət və insanlıq prizmasından yanaşan Azərbaycan ziyalısı, alimi, hətta sıravi insanı anlayır ki, dünyanın xilası məhz sivilizasiyaların, dinlərin və mədəniyyətlərin qarşılıqlı təmasında və harmoniyasındadır. Belə ki, Respublika Prezidentinin möhkəm iradəsi və düşünülmüş siyasətilə dünyanın ən qorxulu və eybəcər, dağıdıcı erməni terrorizmiylə mübarizə apara-apara qısa bir zaman çərçivəsində yüksək iqtisadi inkişafa nail olmaq, sosial, milli-mənəvi, dini etnik dözümlülüyü, tolerantlıq və çoxkonfessiyalılığı cəmiyyətin bütün istiqamətlərində uğurla tətbiqi müasir dünya üçün yeni bir nümunə kimi təqdim edilə bilər. Fakt odur ki, bu illər ərzində Azərbaycan xalqı və onun siyasi rəhbərliyi sübut etdi ki, sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətindəki uğurlar və onun dünyaya verdiyi tövhə ümumiyyətlə, bütün "maraqlar" kompleksinə söykənən nəzəri fikirlərdən birbaşa üstün olan müasir bir praktik nümunədir".

Əli