Azərbaycanda dinə dövlət qayğısı Layihə

Azərbaycanda dinə dövlət qayğısı

"Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərdən sonra müvafiq dövlət qurumları dini təbliğat aparan və missionerlik fəaliyyəti göstərən humanitar təşkilatların qanuna zidd əməllərinin qarşısını qismən aldı. Humanitar təşkilatların fəaliyyəti xeyriyəciliklə məhdudlaşdırıldı, qanunu pozan bir neçə humanitar təşkilatın fəaliyyətinə xitam verildi.
2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti həmin quruma həvalə olundu.
Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, icmaların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırıldı. Azərbaycan hökuməti bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni zamanda missioner təşkilatların və radikal qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.
Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən biri insanlar arasında dini dözümlülüyün gücləndirilməsinin, müxtəlif din və mədəniyyətlərə mənsub insanlarm sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir. Bu ənənənin qorunması məqsədilə Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Danılmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibət ilə seçilib. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramlılığından irəli gəlir. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan olmuşdur. Zərdüştilikdən başlayaraq sonuncu böyük din islamadək bütün dinlər Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qadağandır.
Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmamışdır. Müxtəlif din və mədəniyyətlərə mənsub insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyərlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşatmışlar. Müasir dövrdə də ölkəmizdə həmin dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunub saxlanılır.
Müasir dövrdə dünyanın bir çox ölkələrində insanlarm məskunlaşmasında onların dini və milli mənsubiyyəti əsas meyar kimi götürülür, yəhudi, xristian və müsəlmanlar bir çox dövlətlərdə ayrı-ayrı məhəllələrdə yaşadığı halda bu gün ölkəmizdə müxtəlif din və təriqətlərə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayin və mərasimlərində bir ailə kimi yaxından iştirak edirlər. Onlar nəinki özlərini Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə qaynayıb-qarışaraq qohumluq əlaqəsi qururlar.
Azərbaycanda tolerantlıq ənənəsinin formalaşmasına və dini qruplar arasında möhkəm birliyin yaranmasına, sülh və barışın hakim olmasına, ölkə ərazisinin tez-tez xarici dövlətlərin işğalına məruz qalması və asılı vəziyyətə düşməsi böyük təsir göstərmişdir. Azərbaycanın zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm geostrateji ərazisi daim xarici ölkələrdə maraq doğurmuş, qüdrətli dövlətlər zəngin təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm geostrateji mövqelərə sahib çıxmaq məqsədilə mütəmadi olaraq bu ölkəyə hücumlar etmişlər. Bölgədə yaşayan əhali dini baxışlarındakı fərqlərə baxmayaraq bu qüvvələrə qarşı daim birgə mübarizə aparmışdır.
Hazırda Azərbaycan xalqının və dövlətinin qarşısında duran əsas vəzifələrdən biri bu zəngin irsin və mədəniyyətin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasıdır. Müasir dövrdə tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-mənəvi sərvətinə çevrilmişdir. Bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı dövlət tərəfindən davamlı olaraq alınır. Müasir dövrdə ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Hökumət davamlı olaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Ölkəmizdə yaşayan qədim xalqlardan biri yəhudilərdir. Məskunlaşdıqları digər ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən artıqdır ki, bu bölgədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Ölkəmizdə yəhudilərin ümumi sayı 16000 təşkil edir. Bunlardan 11000-i dağ yəhudiləridir ki, onların da təxminən 6000-i Bakıda, 4000-i Qubada, 1000 nəfəri isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərin sayı 4,3 min nəfərdir. Gürcü yəhudilərinin təxmini sayı 700 nəfərdir.
Hazırda yəhudilər Azərbaycanda üç qurumla - Dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi yəhudilər daha çox Bakı və Sumqayıtda məskunlaşmışlar.
2003-cü ilin mart ayında Azərbaycan hökumətinin diqqəti sayəsində Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir.
2003-cü ilin sentyabr ayında Bakıda "Or-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər. Azərbaycanda yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir, xristianlıq əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş yayılıb.
Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilib. Onu da qeyd edək ki, kilsəni 1907-ciildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev inşa etdirmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu verib. Kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğunda dağıntılara məruz qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş, baş kafedralf kilsə tezliklə təmir olunmuş və 2003-cü ilin mart ayında dindarların istifadəsinə verilmişdir.
Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət göstərir. 2003-cü ilin aprel ayında Rum Patriarxı I Varfolomey Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icamalrının rəhbərləri ilə görüşlər keçirmiş, dini durumla tanış olmuş və ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir.
Azərbaycan hökuməti 1999-cu ildə katolik icmasının dövlət qeydiyyatına alınmasına şərait yaratmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunub. Açılış mərasimində dini icmaların nümayəndələri ilə yanaşı dövlət rəsmiləri də iştirak edib.
Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri də əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur. Müasir dövrdə də bu ənənə uğurla davam etdirilir.

Cavid
Davamı var