Xocalı soyqırımı: insanlığa qarşı cinayət Layihə

Xocalı soyqırımı: insanlığa qarşı cinayət

Azərbaycan tarixinin ən faciəvi, ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 33-cü ildönümüdür. 33 il əvvəl törədilən Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri arasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib tək bir xalqın deyil, bütövlükdə insanlığın yaşadığı ən dəhşətli cinayətlərdən biridir. Xocalı şəhəri yerlə-yeksan edildi, mülki infrastruktur, tarixi və mədəni abidələr məhv edildi.
İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
Millət vəkili Azər Allahverənovun sözlərinə görə, xüsusilə qeyd edilməlidir ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik heç zaman unudulmayacaq. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir addım atmamışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirərək, bu faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymət alması üçün mühüm addımlar atmışdır. Belə ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi və 26 fevral “Xocalı soyqırımı günü” elan edildi.
O, çıxışlarında “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilən Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" deyə qeyd edirdi. O, Xocalı soyqırımını törədənlərin gec-tez ədalət qarşısında cavab verəcəyini və bu faciənin unudulmaması üçün gənc nəslin həqiqətləri bilməsinin vacibliyini xüsusi vurğulayıb.
Bu səbəbdən Respublikaımızda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad olunmasına xüsusi diqqət yetirilir. Belə ki, məhz Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Ulu Öndər Heydər Əliyevin başladığı bu işlər onun siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmağa davam edir”.

Millət vəkili Samir Vəliyev isə deyib ki, ermənilərin törətdikləri bu qətliam tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xolokost, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Beynəlxalq hüquqa əsasən genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində də qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub: “Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular. Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində İnsan hüquqları haqqında Ümumi Bəyannamədə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulub, onların şərəf və ləyaqəti tapdanıb”.

Millət vəkili Mahir Süleymanlınin fikrincə, belə faciələr bir daha göstərir ki, müharibələrdə ən çox zərər çəkən dinc əhali olur. Buna görə də ədalət uğrunda mübarizə davamlı olaraq aparılmalı, belə hadisələr heç vaxt unudulmamalıdır. Beynəlxalq ictimaiyyət bu cinayətə hüquqi və siyasi qiymət verməli, gələcəkdə bənzər hadisələrin baş verməməsi üçün birgə səylər göstərməlidir. Biz Xocalı soyqırımını dərin hüznlə xatırlayır, qurbanların ruhuna ehtiram göstərir və gələcək nəsillərə belə faciələrin təkrarlanmaması üçün sülh və ədalət çağırışını çatdırırıq: “2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına start verilib. Bu kampaniyanın əsas məqsədi Xocalı faciəsi haqqında beynəlxalq ictimaiyyətdə məlumatlılığın artırılması, soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsi, beynəlxalq təşkilatlarda hüquqi tanınmanın təmin edilməsi, həmçinin Xocalı qurbanlarının xatirəsinin yaşadılmasıdır. Kampaniya çərçivəsində dünyanın müxtəlif şəhərlərində yürüşlər, sərgilər və konfranslar təşkil olunur. Sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi ilə geniş təbliğat aparılır. Bir çox beynəlxalq media qurumları faciə haqqında məlumatlar yayımlayır”.

O, qeyd edib ki, 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində regionda yeni reallıqlar yaranıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edib. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində şəhər separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı tərəfindən Xocalıda Azərbaycan Bayrağının ucaldılması Xocalı qurbanlarının ruhuna ehtiramın bariz nümunəsi olmaqla, eyni zamanda, ədalətin bərpa edilməsi və azadlıq mübarizəsinin uğurlu nəticəsidir.

Xatırladaq ki, bu günə qədər dünyanın bir çox ölkələrinin parlamentləri, beynəlxalq təşkilatlar və insan haqları qurumları Xocalı faciəsini soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb. “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətinə göstərir ki, bu faciə sadəcə bir xalqın deyil, bəşəriyyətin faciəsidir və belə cinayətlərə heç vaxt göz yumulmamalıdır. Xocalı qurbanlarının ruhuna ədalət tələb etmək təkcə azərbaycanlıların yox, bütün vicdanlı insanların borcudur.

Xocalı soyqırımı bir çox dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu günə qədər Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Peru, Honduras, Panama, Sudan, Paraqvay, Şotlandiya və digər ölkələrin parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, ABŞ-ın 20-dən çox ştatında bu faciə ilə bağlı müvafiq qətnamələr qəbul olunub.

Cavid