“Rəsmi Moskva Qarabağ münaqişəsini nəzarətdə saxlamaqla öz milli maraqlarını qoruyur” Layihə

“Rəsmi Moskva Qarabağ münaqişəsini nəzarətdə saxlamaqla öz milli maraqlarını qoruyur”

Mirsamir Məmmədov: "Daha doğrusu, bu milli maraqlar işğalçılıq siyasətinə və Rusiyanın regionda güc mərkəzinə çevrilməsinə xidmət edir"

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə növbəti səfəri də nəticəsiz qaldı. Səfərdən sonra ənənəvi olaraq münaqişənin sülh yolu ilə bağlı danışıqlara üstünlüyün verilməsi və atəşkəs rejiminə riayət olunması istənildi. Azərbaycan və Türkiyənin birgə hərbi təlimi və Naxçıvanda keçirilən hərbi təlim Ermənistan və onun havadarını bərk narahat etdi. Ermənistan mediası və erməni politoloqları artıq Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyinin gücləndiyini etiraf etməyə başladılar. Məsələn, Lragir yazır ki, Global Fireporwer analitik mərkəzinin 2017-ci il üçün hərbi güclərin reytinq cədvəlinə görə, Ermənistan 95-cidir.

Reytinq cədvəlində 132 ölkənin adı var. Ermənistan mətbuatı ölkələrinin qonşularının reytinqə görə daha irəlidə olduğunu etiraf edib. Qeyd olunur ki, 95-ci ilan Ermənistanın qonşularından Gürcüstan 80-ci, Azərbaycan isə 59-cu yerdə qərarlaşıb.

Materialda vurğulanır ki, ilk beşlikdəki ölkələr ABŞ, Rusiya, Çin, Hindistan və Fransadır. Reytinq cədvəli tərtib olunarkən 50 amil, o cümlədən ölkənin havadakı və sudakı potensialı nəzərə alınıb. Həmçinin insan resursu, maliyyə, coğrafi amillərə önəm verilib
Rusiya isə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını əlində saxlamağa çalışır. Rusiyanın Strateji Tədqiqatlar Mərkəzinin hesabatında deyilir ki, Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi olaraq qalmalıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirməlidir.
Hesabatda qeyd olunur ki, postsovet məkanında bir neçə dondurulmuş münaqişə mövcuddur.
Ekspertlərin fikrincə, Rusiya bu münaqişələrdə vasitəçi olaraq fəaliyyətini davam etdirməli və Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Dnestryanı problemin həlli layihəsinin müzakirəsini bərpa etməlidir.
Ekspert Mirsamir Məmmədovun fikrincə, rəsmi Moskva Qarabağ münaqişəsini nəzarətdə saxlamaqla öz milli maraqlarını qoruyur: "Daha doğrusu, bu milli maraqlar işğalçılıq siyasətinə və Rusiyanın regionda güc mərkəzinə çevrilməsinə xidmət edir. Rusiya bu gün Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Ukraynada Krım, Azərbaycanda isə Dağlıq Qarabaq münaqişəsini yaratmaqla bu üç respublikaya təzyiq göstərməkdədir. Mən hələ Dnestryanı münaqişəni demirəm. Rəsmi Moskva Qarabağ münaqişəsinin həllinə kənardan müdaxiləni istəmir. İstəmir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun, ümumiyyətlə münaqişənin həlli rəsmi Moskvanın imperialist siyasətinin maraqlarına cavab vermədiyindən uzadılır".
Ermənistan politoloqu İqor Muradyan isə Lragir saytında yazır ki, çoxçeşidli siyasət həm də çox mürəkkəb və çoxşaxəli bir işdir:"Onu hərbi və siyasi strategiyaları, müxtəlif versiyaları nəzərə almadan inkişaf etdirmək mümkün deyil. Bu, qarşıya qoyulmuş ümumi ideya qədər əhəmiyyətlidir.
İndiki beynəlxalq şəraitdə tətbiq olunan strategiyalar bəzən çox şübhəli təsir bağışlayır. Bu şəraitdə yürüdülən siyasət və ya ortaya qoyulan strategiyalar insanda elə təəssürat yaradır ki, sanki ümumiyyətlə, heç bir konkret strategiya yoxdur. Odur ki, qlobal güc mərkəzlərinin Cənubi Qafqazla bağlı strategiyasını davamlı, uzunmüddətli saymaq mümkün deyil.
Lokal müharibəni yeni mərhələnin başlanğıcı, yəni geniş hərbi əməliyyatların başlanmasına aparıb çıxaracaq səbəb saysaq, hazırlığın ilkin mərhələsinə artıq start verildiyini görə bilərik. Ən azı Suriyada baş verənlər bir nümunədir. O, şəraitdən asılı olaraq, xarici aktyorların, ssenari müəlliflərinin istədiyi şəkildə davam etməkdədir.
İndi, bir daha aydın olur ki, ABŞ-ın bu hadisələrlə bağlı lap başdan heç bir hazır planı olmayıb. Bununla yanaşı, o da məlumdur ki, bu plan olsa belə, maraqlı ölkələr siyasi niyyətlərini və buna uyğun olaraq, tədbirlərini tez-tez dəyişmək məcburiyyətində qalır.
Gələk bizim bölgəyə. Ehtimal etmək olar ki, bölgəmizdə müharibə dövrü artıq başlayıb. İndi onu "söndürə" də, hərbi əməliyyatların davam etməsinə rəvac verə də bilərlər. Odur ki, məhz indiki mərhələdə qabaqcıl ölkələrin mövqeyini diqqətlə izləmək lazımdır. Onların əsas vəzifələrinin, əsas maraqlarının nədən ibarət olduğunu anlamaq, bütün bunlardan baş çıxarmaq üçün məsələlərə daha ciddi yanaşılmalıdır. Onların mövqelərini, maraqlarını, bununla bağlı rəyləri nəzərə almaq lazımdır. Amma onu da nəzərə almaq lazımdır ki, bütün bu hesablamalar, qənaətlər bir anın içində köhnələ, dəyərdən düşə bilər.
Guman ki, bölgəmizdə hərbi əməliyyatların bərpa edilməsində həm ABŞ, həm də Rusiya maraqlı olacaq. Əlbəttə, bunun müxtəlif səbəbləri var. Yəqin ki, yalnız Fransa və ümumilikdə Avropa hərbi əməliyyatların hər hansı ssenarinə qarşı çıxacaq və bu siyasəti davam etdirəcək.
Təbii ki, böyük dövlətlərin başında dayananlar hər şeyi idarə etməyə, gərginliyin qarşısını almaq imkanını hər zaman öz əlində saxlamağa çalışır. Lakin bu günədək bölgəmizdə hərbi əməliyyatların genişlənməsinin, müharibə miqyasına keçməsinin qarşısının alınması üçün nə Vaşinqton, nə də Moskva ciddi addımlar atıb.
Buradan bəlli olur ki, dünyanın iki böyük güc mərkəzi, həmçinin başqa maraqlı tərəflər Cənubi Qafqazda geosiyasi vəziyyətin həlli yolu kimi məhz müharibəni görür.
Yaxşı, bəs hərbi əməliyyatlar başlayarsa, münaqişə tərəflərindən hansı daha üstün durumda olacaq? Ermənistan, yoxsa Azərbaycan? Bu suala cavab axtararkən bölgədə marağı olanlara, regionun digər oyunçularına nəzər yetirmək lazımdır. Bu zaman görəcəyik ki, hadisələrin belə inkişafı Türkiyənin işinə yarayacaq. Yəni bu işdə Ankara da maraqlıdır. Çünki bu halda onun manevr imkanları daha da genişlənəcək, Türkiyə daha fəal olmağa başlayacaq. Genişmiqyaslı müharibənin başlayacağı təqdirdə məhz bu məqam qeyd olunan ssenarinin həlledici amilinə çevriləcək. Bu ssenari fonunda ATƏT-in Minsk qrupunun məcburi danışıqlar formatı da ikinci plana keçəcək.
Azərbaycanın siyasi rəhbərliyi Minsk qrupunun fəaliyyətini geninə-boluna tənqid edir. Ermənistanda isə bu məsələləri yalnız çox məhdud səviyyəli "alimcik"lər şərh edir. Halbuki, bu adamlar analitik təfəkkürdən, real təcrübədən uzaq, gerçək intellekti olmayan insanlardır. Onlar qloballaşmanın nə demək olduğunu anlamır.
Qloballaşma dünyanın işğalçı güclərinə müxtəlif təsiredici qüvvələrinin dirənişi deməkdir. ABŞ-ın öz qloballaşma siyasətindən imtina etməsi, həm də öz xarici siyasətindən vaz geçməsi anlamına gələrdi. Məsələn, Avropanın aparıcı ölkələri qloballaşmadan imtina edib və əsasən Avropanın qayğıları ilə, bölgəyə aid məsələlərlə məşğuldurlar. Xarici və daxili problemləri kifayət qədər olan Çin də dünyada baş verən qloballaşma prosesinə qoşulmağa ciddi cəhd göstərmir. Rusiyanın öz siyasətini xarici dünyaya yaymaq təşəbbüsləri çox gülməli görünür, İslam ölkələrinin qlobal siyasətdəki yeri isə qeyri-kafidir".
Onun sözlərinə görə, bir çox ölkələr və onların ekspertləri dünya siyasətində ABŞ-ın rolunun, təsir imkanlarının son dərəcə azaldığını söyləyərkən səhvə yol verir:"Əksinə, dünya siyasətində Amerikanın rolu artır. Donald Tramp ölkəsinin qloballaşma siyasətini Yaxın Şərq, Uzaq Şərq və Latın Amerikası kimi istiqamətlərdə sona çatdıracağını bəyan edib. Böyük Britaniyanın baş naziri Tereza Mey də bu məsələdə onun yanındadır.
Əlbəttə ki, ABŞ-ın özündə də qloballaşmanın sonunun gəldiyini düşünən ekspertlər var. Elə ABŞ-ın aparıcı araşdırma mərkəzlərində NATO ilə bağlı da belə qiymətləndirmələr olur. Bununla belə, qloballaşma getdikcə güclənir. Bu kontekstdə Rusiya sanki qloballaşmanın ən yüksək mərhələsinə çatıb və indi, bunun üçün Moskvanın tərəfdaşlara belə, ehtiyacı yoxdur. Əksinə, bəlkə də artıq Rusiya üçün tərəfdaşlarından bir qədər uzaqlaşmaq daha əlverişlidir.
Yeni tərəfdaşlar və müttəfiqlər axtarışında olan ABŞ isə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. O, yeni müttəfiqlərini çox ehtiyatla seçir, bu işdə yeni meyarlara əsaslanır. İndi, müxtəlif ölkələrdə qloballaşma ilə mübarizə sanki ABŞ ilə, ABŞ-ın siyasəti ilə mübarizə kimi qəbul olunur".


Cavid