“Türkün tökülən qanları bihudə gedərmi?” Layihə

“Türkün tökülən qanları bihudə gedərmi?”

Məhəmməd Hadinin bəzi şeirləri Cümhuriyyət dövrünün ovqatı və məhsuludur

XIX əsr Azərbaycanın ən görkəmli ziyalılarından biridir Məhəmməd Hadi. Təhsil almaq onun ən böyük arzusu olub. Amma o zaman bu, yetim bir uşaq üçün xəyal kimi bir şey idi. Arzusunun ardınca getmək üçün zəngin qohumlarına üz tutsa da, ona əhəmiyyət verən olmur. Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulub. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında alır, sonra da Hacı Molla Abbasın məktəbində davam etdirir. 9 yaşında ikən atası vəfat edir, anası isə başqası ilə ailə həyatı qurur. Hadi bacıları ilə bərabər nənəsi Teyyibə xanımın himayəsində yaşayır. Onun vəfatından sonra Hadi digər qohumu Mustafa Lütfinin himayəsində yaşamış və ondan ərəb dilini öyrənmişdi. Elm öyrənmək arzusunda olan gənc Hadi məqsədinə nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarətlə məşğul olmağa çalışır. Amma tezliklə bu işdən də əl çəkir. 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Kürdəmirə köçən M.Hadi orada müəllimlik edir.
Məhəmməd Hadi imzası mətbuat aləminə ilk dəfə 1905-ci ildə "Həyat" qəzetinin 109-cu nömrəsində çap edilib. Bu nömrədə şairin "Lövhi-məkatib" adlı şeiri dərc edilir. Çox keçmir ki, Hadi mətbuatdakı şeirləri ilə oxucuların böyük rəğbətini qazanır. İstedadına yaxşı bələd olan Mustafa Lütfi Həştərxanda nəşr etdirdiyi "Bürhani-tərəqqi" qəzetində çalışmağa başlayır. Xeyli məşhurlaşmış şair "Həyat", "Füyuzat" və "Bürhani-tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. 1906-cı ildə Əli bəy Hüseynzadənin dəvəti ilə Məhəmməd Hadi Bakıya gələrək "Füyuzat" məcmuəsində çalışmağa başlayır. "Füyuzat" qapandıqdan sonra "Tazə həyat" və "İttifaq" qəzetlərində çalışır.
1910-cu ildə Hadi çox arzuladığı İstanbula gedir və "Tənin" qəzetində Şərq dilləri mütərcimi vəzifəsində çalışır, yazıları ilə həm də "Rübab", "Şahbal", "Məhtab", "Hilal" kimi qəzet və dərgilərlə də əməkdaşlıq edir. Hadinin tərəqqi və inkişaf ruhunda yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin "Fünun və maarif" adlı şeiri Hindistanda, "Həblülmətin" qəzetində farsca tərcümə olunub çap edilmişdi.
"İttihad və tərəqqi" firqəsinə, "Gənc türklər" hərəkatına inamın sarsılması, real türk gerçəkliyinə dəyib parçalanan romantik xəyallar ona səbəb olur ki, şairin Türkiyədən yazdığı şeirlər də qatı müxalifət mövqeyindən səslənir. Hadini açıq siyasi çıxışlar şəkli alan etirazlarına görə Salonikə sürgün edirlər.
Hadi öz faciəsini Abdulla Şaiqə belə söyləmişdi: "Mən buradan çar istibdadından çıxıb geniş nəfəs almaq, azad həyat keçirmək ümidi ilə ora getmişdim. Fəqət orada həmin istibdadı bir az da artıqlığı ilə görüncə səbrim tükəndi. Ruhumdakı sıxıntı və kədərləri unutmaq üçün çarəsiz yenə daha şiddətli sürətdə içməyə başladım. Neyləyim? Qadın azadlığına dair yazdıqlarım xoşlarına gəlmədi, xalq azadlığına dair yazdım, yenə darıldılar. İttihadçılar hər yazıçıdan ancaq mədhiyyə gözləyirdilər. Şübhəsiz, mən onu bacarmazdım. Mən mədhiyyə üçün deyil, aləmi alt-üst edib inqilab yaratmaq üçün doğuldum. İstibdad xəfiyyələrinin mərkəzi olan İstanbul həyatı məni boğurdu. Dəfələrlə məni sərxoş halda yaxalayıb polis idarəsinə almışdılar. Bir dəfə "Siz istibdad mikroblarısınız" - deyə qayim-məqamı təhqir etdim. O, məni İstanbula qayıtmamaq şərtilə yunan şəhəri Salonikə sürgün etdi. Pul yox, tanış yox... Salonikdə qadınların bazarlıqlarını evlərinə daşıyıb aldığım pul ilə ölüm-zülm yaşayırdım. Zalım yunanlar bunu da mənə çox gördülər. Bir gün məni Türkiyə xəfiyyəsi adı ilə yaxalayıb polis idarəsinə aldılar. Mən xəfiyyə olmayıb Qafqaz şairi olduğumu onlara inandıra bilmədim. Bir neçə gün həbsdə qaldıqdan sonra məni gəmiyə mindirib İstanbula göndərdilər.
Yolda yunan bəhriyyələri məni dənizə atmaq istədilər. Bir keşiş zor-güc məni onların əlindən qopardı. Gəmi İstanbul körpüsünə yan aldı. Yaramaz mal kimi İstanbul da məni qəbul etmədi. Çox yalvardıqdan sonra məni Batuma gedən bir gəmiyə mindirib yola saldılar. Batumda sahilə çıxdım və bir dostumun köməyilə Bakıya gəldim. Eh, qardaşım, mənim həyatım başdan-başa bir faciədir".
Abdulla Şaiq "Xatirələrim" kitabında Hadinin İstanbuldan gələndən sonra bir müddət onlarda qaldığını yazır: "Günümüz bir yerdə xoş keçirdi. Rahatlanmaq və çalışmaq üçün kabinetimi ona verdim. Evdə bərk tapşırdığım üçün heç kəs onun sərbəstliyinə toxunmurdu. Məqsədim onu içməkdən uzaqlaşdırıb təbii yola salmaq idi. Hətta "qaçmasın" deyə: "Araq ya şəraba meyliniz var isə, yemək ilə bir az içmək pis deyil" - deyə bir neçə dəfə işarə də etdim. Qəbul etmədi: "Allah bəlasını versin, fəlakətlərimin başlıca səbəbi o deyilmidir?" - dedi. Bir həftə bizim evdə qaldı. Bir gün dərs deyib evə qayıtdığım zaman Hadini görmədim. Anamdan və başqalarından soruşduqda: "Səhər sən evdən çıxdıqdan sonra o da hara isə çıxıb getdi" - deyə cavab verdilər. Həmin gün nahara qədər onu gözlədim, qayıtmadı. Yeməyimi yeyib evdən çıxdım. Nəriman Nərimanovun qardaşı Rizvan Nərimanov ilə dost olduğundan onun dükanına getdim. Rizvan gülə-gülə dedi: "Bura gəlmişdi. Türkiyəni çox söydü, ittihadçılarda abır qoymadı. Sonra hara isə çıxıb getdi".
Bir həftə Hadini axtardım. Xəbər verən olmadı. Sonralar tanış bir həkim tərəfindən, tutulmuş olduğu alkoqolizm xəstəliyindən sağalmaq üçün xəstəxanaya göndərildiyini öyrəndim. Xəstəxanadan çıxdıqdan sonra görüşdük: "Bizim evdə sənə heç bir mane olmadığı halda bəyənməyib qaçdın", - dedim. O, utancaq bir tövr ilə: "Yox, qardaşım, sənin evində özümü çox azad hiss edirdim. Heç bir mane də yox idi. Fəqət sənə mane olurdum" - deyə cavab verdi. Onu yenə evə aparmaq üçün israr etdim. Ancaq Hadi bu dəfə razılıq vermədi.
Birinci Cahan Müharibəsi başlamışdı. Azərbaycanlılardan təşkil edilmiş "Dikaya diviziya" Karpat cəbhəsinə göndərildiyi zaman, Məhəmməd Hadi də ordu mollası kimi onlarla birlikdə Karpata getmişdi. Hadinin dostlarından olan şair Mürşüd Səttar oğlunun söylədiyinə görə 1916-cı ildə cəbhədən ona iki məktub yazmış və hər iki məktubda müharibə hadisələrini təsvir etmişdi.
Şair Karpat cəbhəsində yazırdı: "Elm və mərifətlə müsəlləh olmayanlar bundan sonra pək bədbəxt bir halda yaşayacaqlar. Yaşayacaqlar deyil, sürünəcəklər. Hazırda atəşfişani-cahan olan müharibeyi-cəhənnəm nümundən sonra yeni həyat, yeni məişət vücuda gələcəkdir. Hər şeydə bir inqilab və təcəddüd görüləcəkdir. Dünyada bir dəyişiklik hasil olacaqdır... Madam ki, həyat daimi bir mübarizədən ibarətdir, bu mübarizədə məğlub deyil, qalib və zəfəryab olmaq istəyənlər vaxtın nə qədər cahanqiymət bir şey olduğunu anlayaraq, onun əmri-tələbinə gərdəndadeyi-inqiyad və itaət olmalıdırlar".
Şair cəbhədə ikən bir sıra kiçik şerləri ilə yanaşı, bioqrafiyasını əhatə edən "Sərgüzəşt"ini, eləcə də müharibə təsvirləri ilə zəngin olan Şərq ilə Qərbi müqayisəsi ilə bağlı fəlsəfi poemanı yazır. Karpatdan qayıtdıqdan sonra Bakıya gəlmiş və altı ay Mürşüdün evində qalmışdı. Bu zamanlar Hadi Karpatda yazmış olduğu "Əlvahi-intibah" adlı ayrı-ayrı parçalardan ibarət mənzuməsini "Turan" mətbəəsində pulsuz çap etdirərək küçələrdə satırdı.
Abdulla Şaiq "Xatirələrim" kitabında yazır: "Bir gün küçədə sərxoş halda mənə təsadüf etdi. "Hərarətli şeirlərim" sərlövhəli mənzuməsini mənə uzadaraq: "Al, beş manat ver!" - dedi. Mən cibimdə olan on manatımın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. "Şaiqciyim, bağışla, tanımadım" - dedi. Nə qədər israr etdim, pulu almadı.
Şərqdə ilk Xalq Cümhuriyyətinin bərqərar olmasını Hadi bədii alqışlayır və "Əhrarlı təranələr"lə qarşılayır ("Azərbaycan hökuməti" novzadinə", "Şühədayi-Hürriyyətimizin ərvahinə ithaf", "Zəfəri-nəhayiyə doğru", "Əsgərlərimizə, könüllülərimizə", "Məfkureyi-aliyəmiz" şeirləri). Ənənəvi hərb, cəngavərlik ruhunda yazılan "Əsgərlərimizə, könüllülərimizə" şeirinin döyüş ahəngi, cəngi və marş ritmi inandırırdı ki, öz hücum və mübarizə rübabını şair cümhuriyyətin qələbəsinə salamat və zədəsiz gətirib çıxarıb.
Hadi təkcə Cümhuriyyətin amalına - "Məfkureyi-aliyəmizə" iki şeir həsr etmişdi. Bakıda mart qırğını da ən ağrılı şəhid ağrısını, növhəsini martın 31-də "Azərbaycan" qəzetində, Hadidə tapmışdı. Utopik qardaşlıq çağırışına, birtərəfli "beynəlmiləllik idilliyası"na, ayıq, oyaq əks-səda da o zamankı ədəbi-bədii fikirdə yenə Hadi şeirindən eşidilir. Eyni istiqlal ovqatı Hadinin bu vaxta qədər yasaqda qalan digər iki cümhuriyyət dövrü şerində - "Zəfəri-nəhayiyə doğru" və "Əsgərlərimizə, könüllülərimizə" mənzumələrində də davam edir. "Aydınlıq bir gecədə təfəkkür dəqiqələri", "Kor soqqur", "Baharın ilhamları və ictimai rəmzlər", "Hərarətli şeir və yaxud qızdırmalı halımda saçmalarım" kimi ehtiraslı, klassik fəlsəfi lirika da Hadi şeirində Cümhuriyyət dövrünün ovqatı və məhsuludur. Cümhuriyyətin məhvi Hadinin də şeirinin ovqatında, özünün ruhunda və səhhətində növbəti dəfə əks olunur, bu dəfə artıq son, ölümlə nəticələnən böhran şəklində tragik ifadəsini tapır.
Əli Nəzmi xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra (1920, may) Hadi xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur. Bəzi mənbələrdə isə Məhəmməd Hadinin uzun çəkən xəstəliyinə görə vəfat etdiyi bildirilir. İndiyədək Hadinin az əsərləri bizə çatıb. Belə ki, əsərlərini satdığından, ədəbiyyatçılar güman edirlər ki, Hadinin bəzi əsərləri özü ilə torpağın altına gömülüb.

Ülviyyə Tahirqızı