İrəvan xanlığının yaranması və siyasi vəziyyəti Layihə

İrəvan xanlığının yaranması və siyasi vəziyyəti

1-ci yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, Nadir şah 1747-ci il iyunun 20-də sui qəsd nəticəsində öldürüldükdən sonra onun yaratdığı imperiya dağıldı və imperiyanın tərkibinə daxil olan Azərbaycan ərazisində 20-ə yaxın xırda feodal dövlətləri olan xanlıqlar yarandı. Belə xanlıqlardan biri də mərkəzi İrəvan şəhəri olan İrəvan xanlığı idi. İrəvan müstəqil xanlığa çevrilənə qədər Səfəvi dövlətinin Çuxursəd bəylərbəyliyinin mərkəzi vilayəti olmuş, mürəkkəb və zəngin tarixi yol keçmişdi. İrəvanla bağlı siyasi hadisələrə qısaca nəzər salmaqla bu xanlığın əmələ gəlməsi səbəblərini izləmək mümkündür.
İrəvanın tarixi Səfəvi dövləti ilə sıx bağlı olmuşdu. XVI əsrin əvvəllərində yaranmış mərkəzi Təbriz şəhəri olan Səfəvi dövləti inzibati-ərazi bölgüsünə görə bəylərbəyliklərə bölünmüşdü. XVII əsrdə sayı on üçə çatan bəylərbəylikdən biri də mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyi idi. İrəvanla birlikdə Naxçıvan və Maku əyalətləri də bu bəylərbəyliyin tərkibinə daxil olmuşdu. Osmanlı Türkiyəsi ilə həmsərhəd olduğundan Çuxursəd bəylərbəyliyi hər iki imperiya arasında fasilələrlə bir əsrə qədər davam edən müharibələr nəticəsində xeyli dağıntıya və insan itkisinə məruz qalmış, İrəvan şəhəri isə dəfələrlə əldən-ələ keçmişdi. Səfəvi şahlarının müharibələr zamanı "yandırılmış torpaq taktikası", Şah I Abbasın (1587-1629) "böyük sürgün" siyasəti də insan qırğınından əlavə, əyalətin təsərrüfat həyatını məhv etmişdi. Burada sakitlik yalnız 1639-cu il mayın 17-də Səfəvi və Osmanlı imperiyaları arasında bağlanmış Qəsri-Şirin müqaviləsindən sonra bərqərar olmuşdu.
Azərbaycanın digər ərazilərində olduğu kimi, Çuxursəd bəylərbəyliyində, xüsusən də, onun tərkib hissəsi olan İrəvan əyalətində də müharibənin təsərrüfata vurduğu acı nəticələri aradan qaldırılmağa başlandı. İrəvan əyaləti Osmanlı Türkiyəsinə yaxın ərazidə yerləşdiyinə görə, Səfəvi şahları bu bölgəyə xüsusi diqqət yetirirdilər. Onlar bu bölgəyə özlərinə yaxın adamları hakim təyin edirdilər. Əvvəllər Çuxursəd bəylərbəyliyinin idarəçiliyi ustaclı tayfasının nümayəndələrinə tapşırılırdısa, şah I Abbasın (1587-1629) dövründən başlayaraq Qacar tayfasından olan hakimlər mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyinin bəylərbəyi seçilməyə başladı. Əmirgünə xan Qacar (1604-1625) onun dövründə bəylərbəyi təyin olunmuşdu. Məhz Qacar nümayəndələrinin səyi nəticəsində İrəvan əyaləti dağıntılardan xilas ola bildi, müharibə nəticəsində qaçqın düşmüş insanlar öz doğma yurdlarına qayıtdılar. Tezliklə, İrəvan Səfəvilər dövlətinin ən varlı əyalətlərindən birinə çevrildi. Bunun şahidi olan fransız səyyahı J.Şardən yazırdı ki, İrəvan "ən varlı və çox gəlirli olan əyalətdir. Onun ildə otuz iki min tümən (500 min ekü) gəliri olur. Hakimlər varlanmaq məqsədi ilə ... qadağan olunmuş yollarla bu gəliri iki yüz min tümənə çatdırırlar... Çuxursəd hakimlərinin şahın yanında böyük hörməti vardı". XVII əsrin axırları - XVIII əsrin əvvəllərində Səfəvilər imperiyasını dərin iqtisadi və siyasi böhran bürüdü. Şah I Soltan Hüseynin (1694-1722) həyata keçirdiyi islahatlar ölkəni bu bəladan xilas edə bilmədi. İmperiyanın hər tərəfində narazılıqlar və üsyanlar başladı. 1722-ci ildə imperiyanın mərkəz şəhəri İsfahanın əfqan tayfaları tərəfindən ələ keçirilməsi və şahın həbs edilməsi imperiyanın süqutunu yaxınlaşdırırdı. Bu hadisələr İrəvan əyalətindən də yan keçməmişdi. XVII əsrin əvvəllərində Azərbaycanda şah hakimiyyətinə qarşı üsyanlar başladı. Bu üsyanların ən böyüyü Hacı Davudun başçılığı ilə olmuşdu. 1721-ci ildə Hacı Davudun üsyançı dəstələri dövrün ən zəngin ticarət şəhərlərindən biri olan Şamaxı şəhərini ələ keçirmişdi. Şamaxı kimi iri ticarət şəhərinin işğal edilməsi qonşu əyalət hakimlərini təşvişə salmışdı. İrəvan hakimi baş verən hadisələrə biganə qala bilməzdi. Bu dövrdə İrəvan hakimi Allahqulu xan (1719-1724) idi. O və Gəncəli Uğurlu xan üsyanın qarşısını almaq üçün silahlı qüvvələrini üsyançılara qarşı birləşdirməyi qərara aldı. Hər iki hakim ilk növbədə şaha xəbər verərək ondan kömək xahiş etdilər. Lakin bu zaman şahın özünə kömək lazım idi. Döyüşü təsvir edən ingilis səyyahı C.Hanvey qeyd edirdi ki, "Fasiləsiz hücumlara məruz qalan ordu, nəhayət, qaçmağa başladı, bir çoxları İrəvana, başqaları isə Gəncəyə qaçdılar, üsyançılar isə düşərgəni ələ keçidilər". Bu döyüşdə irəvanlılardan da çoxlu ölən və yaralanan olmuşdu.
Ölkəni bürümüş böhran qonşu dövlətlərin bura müdaxiləsini asanlaşdırırdı. XVIII əsrin 20-ci illərin əvvəllərindən başlayaraq Rusiya və Osmanlı imperiyaları fəallığını artırdı. 1722-1723-cü illərdə I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycanın Xəzərsahili ərazilərinə yürüşü nəticəsində bu yerlər işğal edilmişdi. Rusiya tərəfindən həmin ərazilərin işğal edilməsi, bu region uğrunda onunla rəqabət aparan Osmanlı Türkiyəsinin 1723-cü ildən Azərbaycana hücum etməsinə şərait yaratdı. Nəhayət, 1724-cü il iyulun 12-də Rusiya və Osmanlı Türkiyəsi arasında bağlanmış "İstambul müqaviləsi"nə görə, Azərbaycan torpaqları hər iki imperiya arasında bölüşdürüldü. İstanbul müqaviləsi Osmanlı Türkiyəsinin Azərbaycanda fəaliyyətini daha da genişləndirirdi. Osmanlı qoşununun ilk hücumuna məruz qalan ərazilərdən biri də mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyi idi. Azərbaycanın mərkəzi ərazilərinə gedən yol buradan keçdiyindən İrəvanda möhkəmlənmək osmanlılara çox vacib idi. 1724-cü il iyunun axırlarında Diyarbəkr hakimi Arif Əhməd paşa 30 minlik qoşunla Araz çayını keçərək İrəvan əyalətinə daxil oldu. Osmanlı qoşunu Arpa çayı sahilində düşərgə saldı. Onların keçirdiyi hərbi əməliyyat "Anonim erməni xronikası"nda, həm də ingilis səyyahı C.Hanveyin səyahətnaməsində ətraflı bəhs edilir. Arpa çayı sahilində mövqe tutmuş sərəsgər Arif Əhməd paşanın əmrinə əsasən Yavuz Həsənin və Qoç Əlinin başçılığı ilə 1800 nəfərlik hərbi hissə kəşfiyyat məqsədilə irəli göndərilir. Hərbi hissə İrəvan yaxınlığında Çuxursəd bəylərbəyi Allahqulu xanın süvari dəstəsi ilə üz-üzə gəldi. Baş vermiş qanlı döyüşdə osmanlılar qələbə çalır, tərəflər arasında çoxlu ölən və yaralanan olur. Məğlub edilmiş Allahqulu xan qalan qoşunla İrəvan qalasına sığınır və bir daha nizami osmanlı qoşunu ilə açıq döyüşə girməyə cəhd etmir. İrəvan qoşunu geri çəkildikdən sonra Yavuz Həsənin və Qoç Əlinin başçılıq etdiyi osmanlı qüvvələri irəli hərəkət edərək Gərni yaşayış məntəqəsini mühasirəyə alır. İrəvan xanından heç bir kömək almayan Gərni əhalisi sülh danışığından sonra osmanlılara təslim olur. Gəmidə kiçik qarnizon saxlayan Osmanlı komandanlığı İrəvan şəhərini ələ keçirmək üçün qalan qoşunu qalaya yeridir və xanın sığındığı qalanı mühasirəyə alır. Allahqulu xan İrəvan qalasının müdafiəsini vaxtında gücləndirə bilmişdi. O, qalanın müdafiəsini gücləndirmək məqsədilə ətraf kəndlərin əhalisini qalaya köçürmüşdü. İrəvan qalasının möhkəmləndiyini görən Arif Əhməd paşa ilk növbədə qalanın könüllü təslim olunması üçün xanın yanına xüsusi nümayəndə heyəti göndərdi. Lakin Allahqulu xan vaxt qazanmaq və şahdan gömək almaq niyyətilə osmanlı elçilərinə "şaha bu haqda xəbər göndərər və ancaq şahın razılığı ilə qalanı təslim edə bilər" cavabını vermişdi. İrəvanlıların könüllü təslim olmayacağını görən Arif Əhməd paşa qalaya hücum əmrini verdi. Qala güclü bombardman edilir. Hər iki tərəf mərdliklə döyüşürdü. C.Hanvey yazırdı: "Osmanlı ordusu xeyli sayda topa malik idi və bunun köməyi ilə onlar tezliklə, qala divarlarında çatlar əmələ gətirdilər. Sərəsgər (Arif Əhməd paşa- E.Q.) qalaya hücum edərkən onun qoşunu hünər göstərirdi, eyni zamanda bu hücum qala qarnizonu tərəfindən cəsarətlə dəf edilirdi". İlk hücum cəhdinin uğursuzluğu İrəvan qalasının osmanlılar tərəfindən uzunmüddətli mühasirədə saxlamasına səbəb olur. Lakin qala sakinlərinin əzmkar müdafiəsinə baxmayaraq, osmanlı qoşunu qalaya hücumlarını dayandırmırdı. Osmanlıların ayrı-ayrı vaxtlarda İrəvan qalasına üç dəfə güclü hücumu qoşun hissələri tərəfindən mülkü əhalinin köməyi ilə mərdliklə dəf edilmişdi. Hər iki tərəfdən çoxlu ölən və yaralanan var idi. İş o yerə çatmışdı ki, cəsədlərin çürüməsindən hər tərəfi müxtəlif xəstəliklər bürümüşdü. Buna görə də paşa ölənləri dəfn etmək üçün üç günlük barışıq xahiş etmişdi. 1724-cü il sentyabrın 10-da Osmanlı qoşunu İrəvan qalasına dördüncü hücumunu edir. Lakin bu hücum da müvəffəqiyyət gətirmir. Uğursuz hücumlar Osmanlı qoşununu ağır vəziyyətə salmışdı. Osmanlılar döyüşlərdə 20 minə yaxın adam itirmişdilər. Burada dözülməz hava şəraiti də öz işini görmüşdü. Lakin tezliklə ayın sonlarına yaxın Ərzurum hakimi Sarı Mustafa paşanın başçılığı ilə buraya əlavə qoşun hissələrinin gəlməsi İrəvan xanını bərk qorxuya saldı. Köməksiz qalmış qala sakinlərinin vəziyyəti heç də yaxşı deyildi. Bir tərəfdən döyüşlərdə ölənlərin sayının artması, digər tərəfdən ərzaq çatışmazlığı müdafiəçilərin sıralarını gündən-günə seyrəldirdi. Kömək üçün şah II Təhmasibə edilən müraciət də boşa çıxmışdı. Vəziyyətin ümüdsüz olduğunu görən Allahqulu xan Osmanlı komandanlığı ilə danışıqlara girmək qərarına gəldi. O, oktyabrın 1-də danışıq aparmaq üçün Osmanlı düşərgəsinə nümayəndə heyəti göndərdi. Danışıqlara görə osmanlı baş komandanlığı təslim olacağı təqdirdə yerli əhaliyə aman verirdi. Razılığa əsasən başda xan olmaqla yerli qoşun hissələri bütün əmlakları ilə birlikdə Qarabağ sərhəddinə qədər yola salınacaq, saray əhli və qalanın müdafiəsində iştirak etməyən xalq kütləsi isə İrəvan şəhərinə köçürülməli idı. Paşa onların özlərinə və əmlakına toxunmayacağına söz verirdi. Şəhər, qala artilleriyası, silah-sursatı ilə osmanlılara təhvil verilməli idi. Beləliklə, razılığa gəlinmiş bütün maddələr yerinə yetirildi. Qarahisar paşası öz dəstəsi ilə yerli qoşun hissələrini sərhəddə qədər yola saldı və Allahqulu xan şah II Təhmasibin Əhərdə yerləşən qərargahına getdi.

Elçin Qaliboğlu