“Hər kəsdən mədəni nitq tələb olunur” Layihə

“Hər kəsdən mədəni nitq tələb olunur”

"Həmin tələbə cavab verməyən insan barəsində, "mədənidir" deyə fikirləşmək çox çətindir"

"Hansı dildə danışırsansa danış, yaxud yazırsansa yaz, dinləyən və ya oxuyan şəxs həmin dili bilirsə sənin şifahi, yaxud yazılı nitqinə bir də mədəni səviyyəsinə görə qiymətləndirib reaksiya verməli olacaq. Çünki tarixi bizə məlum olmayan çox-çox qədim dövrlərdən bəri "nitq mədəniyyəti" adlanan bir təsəvvür-anlayış var ki, cəmiyyət inkişaf etdikcə onu ("nitq mədəniyyəti"ni) "natiqlik sənəti" səviyyəsinə yüksəldən insan qabiliyyətinin (və istedadının!) göstəricisinə çevirib... Bütün müqayisələr, almanlar demiş, qüsurlu olsa da, belə bir müqayisə aparmağa ehtiyac duyuruq ki, hər kəs mahnı oxuyur, ancaq heç də hamı müğənni olmur və ya hər kəs şəkil çəkir, ancaq heç də hamı rəssam olmur". Bu fikirləri Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Hizami Cəfərov səsləndirib.
O, həmçinin əlavə edib ki, cəmiyyət, nə qədər ehtiramla yanaşsa da, heç kəsdən müğənnilik, rəssamlıq və s. tələb etmədiyi kimi heç kəsdən də natiqlik tələb etmir: "Ancaq hər kəsdən normal (mədəni) nitq tələb olunur ki, həmin tələbə cavab verməyən insan barəsində, nə qədər məziyyətləri, müsbət cəhətləri olsa da, "mədənidir" deyə fikirləşmək nəinki çox çətindir, hətta mümkün deyil. Niyə? Ona görə ki, bizim subyektiv zövqümüzdən, yaxud münasibətimizdən asılı olmayaraq ictimai şüurda kifayət qədər obyektiv olan "nitq mədəniyyəti" təsəvvürü var ki, dil inkişaf etdikcə həmin təsəvvür daha mükəmməl, daha pozulmaz olur. Məsələn, ingilis, alman, fransız və ya rus dilinə diqqət yetirsək görərik ki, dünyanın bu inkişaf etmiş dillərinin həm şifahi, həm də yazılı təzahürlərində mübahisəsiz qəbul olunan qaydalar, yaxud normalar mövcuddur".
Onun fikrincə, Azərbaycan dili də, bəzi istisnalarla, həmin inkişaf etmiş dillər kimi müəyyən qaydalara, yaxud normalara malikdir: "Odur ki, hər hansı azərbaycanlının mətbuatda, televiziyada və ya radioda müşahidə etdiyi nitq qüsurlarına qarşı gündəlik həyatımızda tez-tez rast gəlinən etirazları heç kimi təəccübləndirməməlidir. Çünki azərbaycanlı şüurunda da "nitq mədəniyyəti" təsəvvür-anlayışı xeyli dərəcədə stabildir. Məsələn, hər bir azərbaycanlı bilir (və ya ən azından hiss edir) ki, televiziyada, yaxud radioda gələcəm, gedəcəm əvəzinə gələjəm, gedəjəm; gəlsək, getsək əvəzinə gəlsox, getsox, hətta o gələcək əvəzinə o gələcəkdir demək ədəbi normadan yayınmadır, nitq qüsurudur. Maraqlıdır ki, bu qüsurlardan nə birincisinə, nə də ikincisinə yazı dilində təsadüf olunmadığı halda üçüncüsü məhz yazı dilinin, yəni mexaniki normativliyin törəməsidir ki, şifahi dilə məhz ədəbi normativlik aktı kimi nüfuz edib.
Yeri gəlmişkən qeyd etməliyik ki, Azərbaycan yazı dili şifahi dildən daha normativ olduğuna görə şifahi dildəki qüsurlar, yaxud nəyin qüsur olub-olmamağına dair mübahisələr yazı dilindəkindən müqayisə edilməyəcək qədər çoxdur ki, bu da bir tərəfdən Azərbaycan dilində yazı ənənəsinin zənginliyi ilə bağlıdırsa, digər tərəfdən ümumiyyətlə yazı dilinin daha çox normativliyindən və ya standartlığından irəli gəlir. Təsadüfi deyil ki, bəzi xalqlar "ədəbi dil" əvəzində "yazı dili", yaxud "yazılı dil" ifadəsini işlətməklə yazıya ədəbilik, normalılıq statusu verirlər. Həqiqətən yazı, demək olar ki, bütün xalqların dili üçün elə bir mədəni nüfuza malikdir ki, şəxsin (dil istifadəçisinin) savadı birinci növbədə ona (yazıya) nə dərəcədə bələd olub-olmaması ilə müəyyənləşir.
Lakin etiraf etmək lazımdır ki, son zamanlar yazının, eləcə də yazı normativliyinin və ya orfoqrafiya qaydalarının kultunun zəifləməsi müşahidə olunur. Və bu, bütün dünyada olduğu kimi Azərbaycanda da belədir. Əgər bir vaxtlar orta məktəblərdə hüsnxət dərsləri keçirilir, uşaqlara gözəl xətlə yazmaq öyrədilirdisə, böyük tarixi ənənəsi olan həmin ehtiyac bugün, demək olar ki, aradan qalxıb". Professor bildirib ki, yazının texnikiləşməsi, ilk növbədə kompüter texnologiyalarının sürətlə inkişafı hüsnxət barədəki tarixi təsəvvürü tamamilə dəyişdirməklə elə bir mühit yaradıb ki, ümumiyyətlə əl yazısının nə vaxtsa yalnız ekzotik bir hadisəyə çevriləcəyi artıq indidən heç bir şübhə doğurmur: "Yazının meydanının daralması özünü onda da göstərir ki, şifahi kütləvi informasiya vasitələri müxtəlif baxımlardan daha effektli, operativ olduğuna görə mətbuatı-yazılı kütləvi informasiya vasitələrini qabaqlayır. Tsadüfi deyil ki, əgər bir vaxtlar radiodan, yaxud televiziyadan daha çox yazı dilinin intonasiyası, diktor tələffüzü eşidilirdisə, bugün, əksinə, mətbuatın - qəzetlərin, jurnalların dilində şifahi nitq xüsusiyyətləri yazılı dilin normativlərini az qala hər addımda "pozmaqla" yeni ünsiyyət, diskurs modelləri təqdim edir ki, bu da tamamilə təbiidir.
Ona görə də biz, bir zamanlar olduğu kimi, mətbuatdan, ümumən yazı dilindən klassik texnologiyalara tam əməl olunmasını tələb edə bilmərik. Lakin bu o demək deyil ki, tarixən formalaşmış yazı mədəniyyətindən - orfoqrafiyadan tamamilə imtina etmək lazımdır... Məsələn, bir sıra sözlərin ənənəvi yazılışında tamamilə zəruri olan sadələşdirmə - redaktə işləri aparmağa ehtiyac var. Deyək ki, son illərdə Azərbaycan yazısında, müəyyən etirazlara rəğmən tamamilə doğru olaraq, apostrofdan imtina edildi... Yaxud sabah və ya o biri gün ədəbiyyat, səhiyyə, mədəniyyət, müvəffəqiyyət kimi sözlər bir ilə yazıla bilər... Və yaxud sözün sətirdən sətrə keçirilməsi zamanı tələb olunan hecalara ayırma prinsipi aradan qaldırılar... Ancaq, məsələn, xüsusi adların nə zamansa kiçik hərflə yazılacağı hələlik heç kəsin ağlına gəlmir".
Onun dediiyinə görə, Azərbaycan yazı dilində elə hadisələr var ki, tamamilə məntiqsizdir: "Məsələn, bugünkü orfoqrafiya prinsiplərinə görə, bugün və ya bu gün söz və ya söz birləşməsini ancaq bir formada (bu gün) yazırıq. Şifahi dildə təbii şəkildə yerinə görə fərqləndirilən, heç bir məntiqsizliyə, yaxud qüsura imkan verməyən bu hadisə yazı dilində fərqləndirilmir ki, bu da, nəticə etibarilə, dil təfəkkürü səviyyəsində inkar olunur. Müqayisə edək:
1) Mən bugün işə gedəcəm. 2) Yanvarın 1-i istirahət günü olduğuna görə bu gün iş günü deyil.
Birinci halda "bugün" bitişik, ikinci halda isə "bu gün" ayrı yazılacaqdır. Ona görə ki, birinci halda söhbət rusların "seqodnya", ingilislərin "tudey" dedikləri bir söz-anlayışdan, ikinci halda isə birinci növ təyini söz birləşməsindən gedir. Yazı dilində mürəkkəb cümlələrin, o cümlədən tabeli mürəkkəb cümlələrin işlənməsi nə qədər səciyyəvi (və təbii) olsa da, şifahi dil üçün nə səciyyəvi, nə də təbiidir. Hətta bu cür cümlələri şifahi şəkildə deyə biləcək bir dil intellekti ortaya çıxsa belə...
Bugün Azərbaycan dili ən çox publisistikada inkişaf edir...
Ancaq hər kəsin danışdığı və hər kəsin yazdığı bir dövrdə hər kəsin məsuliyyət daşıdığını güman etmək çox çətindir. Bu gün Azərbaycan mətbuatında hazırlıqsız, yaxud qeyri-peşəkar jurnalistlərin, televiziya və ya radioda nitq səviyyəsi yüksək olmayan, bir sıra hallarda isə təfəkkür mədəniyyəti aşağı aparıcıların çox olması, yəqin ki, mübahisə mövzusu deyil. Əlbəttə, kütləvi informasiya vasitələrindəki dil qüsurları bir də ona görə təhlükəlidir ki, cəmiyyət, xüsusilə gənc nəsil həmin qüsurları çox hallarda (inersiya ilə!) norma kimi qəbul edib işlədir. Həticə etibarilə, ana dili, eləcə də milli dil təfəkkürü zədələnir. Fikrimizcə, ədəbi dil, əsasən, aşağıdakı hallarda dağıdıcı təsirə məruz qalır:
1) dialekt sözlərinə, yaxud dialektdən gələn tələffüz xüsusiyyətlərinə geniş meydan verilməsi;
2) alınma sözlərdən yerli-yersiz istifadə olunması, yaxud başqa dillərin tələffüz-intonasiya xüsusiyyətlərinin ana dilinə gətirilməsi;
3) düşüncə və ya təfəkkür mədəniyyətinin aşağı olması.
Son zamanlar xüsusilə televiziya dilində (ilk növbədə cəmiyyətin maraq göstərdiyi şou verilişlərində) dialektizmlərə meylin gücləndiyi müşahidə olunur. İntellektual səviyyəsi ümumiyyətlə yüksək olmayan müğənnilər bir yana, hətta həmin verilişlərin aparıcıları da dialektdə, əsasən, Bakı dialektində danışmağa üstünlük verirlər (məsələn, yaxcı, nöşün, həri və s. dialektizmlər işlədilir) ki, bu da ədəbi normaya laqeydlik, hörmətsizlik gətirir. Yaxud aşıq sənətinə həsr olunmuş verilişlərdə, xüsusilə müsabiqə və ya yarışmalarda Qazax, ümumiyyətlə Qərb dialektlərimizdən geninə-boluna istifadə edilir.
Əlbəttə, Azərbaycan dilinin dialektləri, şivələri bizim milli sərvətimizdir. Çox az azərbaycanlı təsəvvür etmək olar ki, hansısa bir dialektə, şivəyə mənsub olub onu az və ya çox bilməsin. Məişətdə ləhcədən istifadəni də heç kəs yasaqlaya bilməz. Hətta televiziyada, ya radioda müəyyən ekzotik təəssürat yaratmaq üçün dialektizmə müraciət etmək də mümkündür... Ancaq, necə deyərlər, qədərində. Dinləyici hiss etməlidir ki, norma hansıdır, bu və ya digər məqsədlə normadan yayınma nədən ibarətdir.
Etiraf etməliyik ki, ədəbi dilimizdə olmasa da, xalq danışıq dilimizdə rus sözləri, ifadələri kifayət qədər geniş yayılmışdır: açki, znaçit, pasluşnı, seryoznı, paryadoçnı, toçnı, damaşnik, maşennik, zakonnı, tak şto, kaneşna, sveji və s. Bu cür sözlərin, ifadələrin işlədilməsi yalnız bu və ya digər şəxsin nitq qüsuru, yaxud subyektiv marağının təzahürü kimi izah oluna bilməz. Ədəbi normaya belə kütləvi təcavüz eyni zamanda ümumən milli dil təfəkküründəki yad sözlərə müqavimət immunitetinin zəifliyi ilə bağlıdır. Bu isə o deməkdir ki, yuxarıda sadaladığımız, eləcə də sadalamadığımız yüzlərlə rus sözlərinin ana dilindəki qarşılıqları milli dil təfəkküründə ya lazımi qədər möhkəm oturmamışdır, ya da xalq danışıq dilində alınma sözün ekzotik-ideoloji nüfuzu o qədər yüksəkdir ki, ana dili sözünü sıxışdırmaq gücündədir".

Əli