“İşğalçı ölkənin qoşunları Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalıdır” Layihə

“İşğalçı ölkənin qoşunları Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalıdır”

Musa Qasımlı: "İşğal faktı aradan qaldırılmalıdır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ münaqşənin həlli ilə bağlı danışaraq ciddi mesajlar verdi: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur".
Ali Baş Komandan Azəbaycanın hərbi gücü barədə də bəyanatlar verdi: "...Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir. Uğurlu Naxçıvan əməliyyatında fərqlənən hərbçilərə dövlət tərəfindən müvafiq mükafatlar verilmişdir.
Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli "Polonez" və "LORA" raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək.
Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də - düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır".
Millət vəkili Musa Qasımlı deyib ki, Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında Prezident İlham Əliyev geniş, əhatəli və dərin mənalı nitqində həm keçilən yola yekun vurdu, həm də cari ildə inkişaf perspektivlərini müəyyənləşdirdi. Onun sözlərinə görə, dövlət başçısının nitqində diqqəti cəlb edən məsələlərdən biri Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindəki durğunluqdan çıxmaq barədə idi: "Məlum olduğu kimi, Ermənistan rəhbərliyi danışıqlardan boyun qaçıraraq bildirirdi ki, Azərbaycan danışıqları qondarma, üzdəniraq qurumla aparmalıdır. Bu mövqedə başlıca məqsəd qondarma rejimi danışıqların subyekti kimi tanıtmaq və statusunu əvvəlcədən müəyyənləşdirmək cəhdləri ilə bağlı idi. Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyi nəticəsində danışıqlar prosesi bərpa edildi, burada isə tərəflər həmişəki kimi Azərbaycan və Ermənistan oldu...". Millət vəkili əlavə edib ki, Ermənistanın böhrandan çıxmasının əsas yolu qonşuları, ilk növbədə, Azərbaycan ilə münasibətlərini normallaşdırmasından keçir. M.Qasımlı əlavə edib ki, bunun üçün əvvəlcə işğalçı ölkənin qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalı, işğal faktı aradan qaldırılmalıdır. Əgər bunlar baş verərsə, Ermənistan xalqı da normal şəraitdə yaşaya bilər. Əks təqdirdə Ermənistanda ümumi böhran davam edəcək".
Politoloq Nəzakət Məmmədova isə bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmış cinayətkar rejimin qeyri-qanuni, qeyri-sivil üsullara söykənən xarici siyasətini – işğala, rüşvət diplomatiyasına, əcnəbi siyasi xadimlərə, beynəlxalq təşkilatlarda mövqe tutan siyasətçilərin orden, medallar verməklə ələ alınmasına əsaslanan xarici siyasətini çox gözəl səciyyələndirdi.
Onun sözlərinə görə, bütün bunların nəticəsində beynəlxalq təşkilatlarda ikili standartlar hökm sürməkdə, BMT kimi mötəbər təşkilatın Ermənistandan işğal olunmuş torpaqlarımızı qeyd-şərtsiz azad etməsini tələb edən dörd qətnaməni qəbul etməsinə baxmayaraq, işğalçı ölkə öz qoşunlarını Azərbaycan ərazisində qeyri-qanuni şəkildə saxlamaqda davam edir, üstəlik, atəşkəsi pozaraq hərbi qulluqçularımızı və dinc mülki əhalini öldürür. Politoloq qeyd edib ki, Prezident İlham Əliyev, habelə artıq siyasi səhnədə xeyli zəifləmiş kriminal rejimin uğursuz daxili siyasətinin – işğal nəticəsində ölkəsinin iqtisadiyyatının zəifləməsi, öz xalqına zorakılıq tətbiq etməsi, ölkədə dərin demoqrafik böhranla əlaqədar əhali sayının getdikcə azalması, regional layihələrdən kənarda qalması nəticəsində xalqın səfalət həddində yaşaması kimi problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi: "Prezident haqlı olaraq bildirdi ki, Ermənistandan və erməni diplomatiyasından konyakdan tutmuş işğalçı dövlətin mükafatlarını, orden və medallarını rüşvət qismində alan əcnəbi siyasətçilər onların qeyri-qanuni maraqlarının icraçısına çevrilirlər. Biz buna aid yüzlərlə fakt sadalaya bilərik. Həmin siyasətçilərin adı bizə yaxşı məlumdur. Təəssüf ki, onlar haqq-ədaləti müdafiə etməkdənsə, işğalçı ilə əməkdaşlıq edir, ləyaqətlərini və mənsub olduqları beynəlxalq təşkilatların prinsiplərini şəxsi mənafelərinə qurban verirlər".
N.Məmmədova əlavə edib ki, məhz bu cür mənfi amillər nəticəsində beynəlxalq təşkilatlar Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini lazımi səviyyədə müdafiə etmir, işğalçıya həddini bildirib onu beynəlxalq hüquqa riayət etməyə məcbur etmirlər. Bu səbəblərdən də suveren bir dövlətin ərazisi 27 ildir ki, işğal altındadır və Ermənistan qoşunları Azərbaycan ərazisinin beşdəbir hissəsindən hələ də çəkilməyib.
Politoloq deyib ki, Ermənistanda saxta seçkilərin əksər hallarda guya standartlara uyğun olaraq keçirildiyi beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb: "Halbuki ermənilər son növbədənkənar parlament seçkilərində keçmiş rejimin tör-töküntülərinə əvvəllər də olduğu kimi tam etimadsızlıq göstərdi və onlar cənab Prezidentin də qeyd etdiyi kimi, heç 5 faiz səs toplaya bilmədilər. Oğru, cinayətkar rejim Ermənistan siyasi səhnəsində xeyli zəifləyərək öz hegemon mövqeyini birdəfəlik itirdi. Qarabağ kartından istifadə edərək hakimiyyəti zəbt edən rejim öz cinayətkar əməllərinin qurbanına çevrildi".
Onun fikrincə, bununla belə, Azərbaycan yenə də humanizm nümayiş etdirərək Ermənistana şans verir ki, işğala son qoymaq şərti ilə ölkəmizin həyata keçirdiyi qlobal layihələrə qoşulmaq imkanı əldə edə bilər: "Əgər Paşinyan əvvəlki rejimin səhvlərini təkrarlamayaraq işğalçılıqdan əl çəkərsə, Azərbaycanın verdiyi son şansı dəyərləndirə bilərsə, bəlkə o zaman Ermənistan ziyanın yarısından qayıdıb xeyir tapa bilər".
Hərbi ekspert Şair Ramaldanov isə deyib ki, müharibə davam edir: "Hələ bitməyib. Sadəcə olaraq, aktiv fazaya keçməyib. Qarabağ məsələsi ilə bağlı Prezidentin mövqeyində heç bir dəyişiklik yoxdur. Ali baş komandan dəfələrlə səsləndirib ki, bu məsələ həll olunmasa, Azərbaycan hansı yolla olursa olsun, o cümlədən, güc yolu ilə torpaqlarını azad edəcək". Ekspertin sözlərinə görə, sadəcə olaraq, ölkə başçısı beynəlxalq normalara hörmət əlaməti olaraq humanistlik göstərir. Minsk qrupu qarşısındakı atəşkəs öhdəliyinə riayət edərək münaqişənin sülh yolu ilə həlli imkanları axtarılır: "Biz müharibənin aktiv fazasına keçməyin bir addımında idik. Yəni, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda onun bəzi çıxışları bu prosesə aparırdı. Paşinyanın həmin çıxışları siyasi cəhətdən savadsız və populist bəyanatlar idi. Cənab prezidentin buna cavabı isə birmənalı oldu; yəni, Qarabağda gedən proseslərin məsuliyyəti Ermənistanın üzərindədir. Bu artıq son söz idi. Bundan sonra Paşinyan danışıqlara getməyə məcbur oldu. Baxmayaraq ki, Paşinyan güzəşt olmasa, danışıqlara getməyəcəyini deyirdi. Ancaq buna baxmayaraq, cənab prezidentin qətiyyətli mövqeyi onu danışıqlar masasına oturmağa məcbur elədi. Danışıqların bərpasından sonra Paşinyan cənab prezidentin ünvanına yumşaq çıxışlar etməyə başladı".
Şair Ramaldanovun sözlərinə görə, proses davam edir. Düşənbə görüşündən sonra Nikol Paşinyan cənab Ali baş komandandan möhlət istəyib: "Bu məsələnin həlli ilə bağlı. Çünki bu münaqişə Ermənistanın daxili üçün də mürəkkəb bir məsələdir. Paşinyan da öz komandasını yığmalıdır. Ona görə ki, Paşinyan hələlik Ermənistanda söz sahibi deyil. "Qarabağ klanı" ölkədə müəyyən gücə malikdir. Paşinyan komandasını yığdıqdan sonra cənab prezidentə vəd verib ki, danışıqları davam etdirəcək. Əgər əvvəl gün ərzində atəşkəs 100 dəfədən çox pozulurdusa, indi 20-30 arasında dəyişir. Bu da həmin görüşün göstəricisidir".

Əli