“Xalqları sülhə hazırlamaq kimi manipulyativ danışıqlar Minsk Qupunun planıdır” Layihə

“Xalqları sülhə hazırlamaq kimi manipulyativ danışıqlar Minsk Qupunun planıdır”

Məhəmməd Əsədullazadə:"Konfliktin həlli birbaşa Moskvanın siyasətindən asılıdır"


Dağlıq Qarabağ probleminin 2019-cu ildə həll perspektivini ekspertlər müxtəlif prizmadan dəyərləndirirlər. Bəzi ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ danışıqları ilə bağlı irəliləyişlər var və müsət perspektivlər mümkündür. Amma bəzi ekspertlər hesab edirlər ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək və buna görə də müharibə ən doğru seçimdir.
İstənilən halda dünyada baş verən proseslər, dəyişən geosiyasi mənzərə Ermənistanın əleyhinədir. Bu baxımdan yaxın perspektivdə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağına inam indi daha böyükdür.
Digər tərəfdən Ermənistanın fiaskoya uğrayan xarici siyasəti ilə yanaşı, daxili vəziyyəti də gərgindir, eyni zamanda iqtisadi böhran bu ölkənin gələcəyi ilə bağlı müsbət heç nə vəd etmir.
Bu istiqamətdə 2019-cu ilin əsas hadisəsi isə xarici işlər nazirlərinin Paris görüşüdür...
Politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan bir sıra beynəlxalq layihələri həyata keçirməklə və layihələrə qonşu ölkələri qoşaraq Ermənistanı bu layihələrdən təcrid edərək, bu ölkənin iqtisadi tənəzzülünün əsaslarını qoyub. Azərbaycanın həyata keçirdiyi xarici siyasət nəticəsində yaxın dostluq, dərin iqtisadi əlaqələr quran ölkələrlə münasibətləri daha da inkişaf etdirdiyini deyən politoloq söyləyib ki, bütün bunlarla yanaşı ölkəmizin dünya üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi layihələr dünya tərəfindən təqdir edilir. Q. Hüseynli bildirib ki, Azərbaycan Cənubi Qafqazda iri layihələrin həyata keçirilməsinin təşəbbüskarı və həm də həmin layihələrin maliyyə qaynaqçısı funksiyasını öz üzərinə götürən ölkə kimi tanınır: "Bu layihələrə Bakı –Tbilisi- Ceyhan iri neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, TANAP, Bakı-Supsa, TRASEKA xətti ilə İpək Yolu və digərləri daxildir. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi nəticəsində Avropa və Asiyanı birləşdirən dəmir yol xətti yaranıb. TANAP vasitəsilə isə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm ölkəyə çevrilib". Politoloq qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrə qonşu ölkələrin qoşulması Ermənistanın vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarıb: "Çünki, ölkəmiz reallaşdırdığı layihələrlə həm region ölkələrinin iqtisadiyyatına mühüm töhfələr verir, həm də ümumilikdə regionun təhlükəsizliyini qaranta almış olur".
Politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü müsbət amil idi. Onun fikrincə, bu danışıqlar prosesində erməni tərəfi Azərbaycanın qəti və prinsipal mövqeyini yenidən eşitdi. O bildirib ki, hazırda gündəlikdə münaqişənin həlli istiqamətində konkret proqram olmalıdır: "Konkret məqamlarda Ermənistan silah qüvvələrinin Azərbaycanı tərk etmə məsələsi müzakirə olunmalı, onlara müəyyən təzyiq göstərilməlidir. Son görüşdən sonra həmsədrlər xalqları sülhə hazırlamaqla bağlı bəyanat yaydılar. Bu bəyanatın nəyəsə gətirib çıxaracağını düşünmürəm. Çünki Azərbaycan xalqı sülhə çoxdan hazırdır. Sülhə hazırlığı biz deyil, erməni tərəfi etməlidir". F. Sadıqov söyləyib ki, Ermənistan ilk növbədə BMT-nin 4 qətnaməsini yerinə yetirməli, beynəlxalq hüquq normalarına əməl etməlidir: "Ümumiyyətlə, Ermənistan hakimiyyətində, orada təmsil olunanın kimliyindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı mövqe eynidir. Ermənistanda yeni hökumət formalaşsa da, onların xarici siyasət prioritetləri cızılmır. Yeni hakimiyyəti qonşu ölkələr, Azərbaycanla münasibətləri, Dağlıq Qarabağla bağlı planları haqqında heç bir fikir irəli sürmürlər. Onlar sadəcə olaraq ümumi şəkildə danışıqlarda iştirak edəcəklərini, məsələnin sülh yolu ilə həllinin lazımlılığını deyirlər. Amma bu bizə yetərli deyil. Bizə konkret ifadələr və addımlar lazımdır".
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi diplomatik yoldan dönmək fikrində deyil və dəfələrlə bununla bağlı mövqeyini otaya qoyub: "Ölkəmiz danışıqları davam etməyə hazırdır. Sülhə gedən yol Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir. Həmsədr dövlətlər Ermənistanı bu yola istiqamətləndirməlidirlər. Amma nədənsə onlar illərdir ki, vasitəçilik müddətində sadəcə müsbət fon yaratmağa çalışırlar. Görünür onların əsas vəzifələri münaqişə tərəflərini stol arxasına əyləşdirib, sonradan reallığa uyğun olmayan bəyanatlar verməkdən ibarətdir".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rıhbəri, siyasi şərhçi Məhəmməd Əsədullazadə isə diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşündə xalqları sülhə hazırlamaqla bağlı öhdəliklərdən əlavə, ilkin mərhələdə işğal olunmuş ərazilərin qaytarılması, danışıqların hansı istiqamətdə getdiyi barədə də açıqlama verilməli idi: "Xalqları sülhə hazırlamaq planı ilk növbədə Ermənistana şamil olunmalıdır. Çünki Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılarsa, sülh birmənalı şəkildə mümkündür". O qeyd edib ki, Ermənistanın əraziləri qaytarıb-qaytarmamaqla bağlı mövqeyi bəlli olmalıdır: "Ümumiyyətlə, xalqları sülhə hazırlamaq kimi manipulyativ danışıqlar Minsk Qrupunun planıdır. Konfliktin həlli birbaşa Moskvanın siyasətindən asılıdır. Biz görürük ki, Moskvanın Qarabağ siyasəti birmənalı deyil... Ümumiyyətlə, Rusiyanın Ermənistanda hərbi varlığı davam etdikcə, danışıqlar səmərə verməyəcək". M.Əsədullazadə onu da bildirib ki, Ermənistada Serj Sərkisyan-Robert Köçəryan cütlüyü situasiyanın yetişməsini gözləyir və revanşa qalxa bilər: "Sərkisyanın Respublika Partiyası bundan istifadə edərək Paşinyanı xalq düşməni və torpaqları satmaqda ittiham edə, orduda onlara bağlı olan hərbçiləri öz tərəflərinə çəkə bilər. Təbii ki, bu prosesin başında Ermənistan ordusunda Rusiyaya bağlı yüksək rütbəli hərbçilər, generallar dayanacaq. Bundan istifadə edə biləcək əsas qüvvə də Rusiya olacaq".
Siyasi ekspert Kənan Paşayev isə hesdab edir ki, Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlanması Qarabağ probleminin həllində müsbət heç nə vəd etmir. Onun sözlərinə görə, hər iki millətin psixologiyası bir-biri ilə sülh şəraitində yaşamaq üçün formalaşmayıb: "Bundan əlavə bu günkü reallığı nəzərə alsaq heç erməni rəhbərliyi də sülh müqaviləsi bağlamağa hazır deyil. Hazırda erməni baş nazirin qarşısında yetəri qədər həllini gözləyən daxili problemlər var. Hökümətin tərkibində onun əleyhinə çox güclü müxalifət formalaşıb. Ordunun tərkibində də kifayət qədər narazı generallar var. Nikol Paşinyanın ən böyük problemlərindən biri də hazırda Qarabağ erməniləri ilə arasında olan ziddiyətlərdir. Qarabağ ermənilərinin erməni hakimiyyətinə qarşı hazırki münasibətini nəzərə alsaq, Paşinyan Qarabağ probleminin həlli üçün hər hansı bir müsbət addım attıqda aralarındakı ziddiyət daha da dərinləşəcək. Yəni bütün bunlara nəzər saldıqda danışıqlar vasitəsilə Qarabağ probleminin
2019-cu ildə də öz həllini tapmayacağını demək olar. Güc yolu isə problemin həllində hər zaman alternativ üsul kimi qalacaq. Əslində bu gün rəsmi İrəvanın düşdüyü durum Azərbaycan üçün nadir hallarda yaranan böyük fürsətdir. Azərbaycan rəsmi İrəvanın düşdüyü siyasi böhrandan məharətlə istifadə etməlidir. İndiki vəziyyət rəsmi Bakının Ermənistan rəhbərliyinə həm siyasi həm də hərbi təzyiqi üçün əsl fürsətdir. Hazırda İrəvanın əleyhinə atılmış ən kiçik addım ölkədəki vəziyyəti daha da çətinləşdirə bilər. Ermənistanda siyasi kursun zəifləməsi Qarabağ probleminin həllində böyük rol oynayır. Yalnız bu yolla 2019-cu ildə Qarabağ probleminin həllində irəliləyiş gözləmək olar".
Siyasi şərhçi Arzu Nağıyev deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan arasında keçirilən görüşün həm müsbət, həm də mənfi tərəfləri var: "Görüş yeni hökumətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarını bilmək üçün əhəmiyyətli idi". Görüşün yekunu ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərin yaydığı bəyanata toxunan siyasi şərhçi bildirib ki, hər zaman olduğu kimi vasitəçilərin budəfəki bəyanatları deklorativlikdən kənara çıxmadı: "Hər iki dövlətin vətəndaşlarını sülhə çağırmaq, bir-birilərinə münasibəti bu istiqamətdə qurmaq kimi bəyanatlar bizi qane etmir. Yenə də onlar kimin işğalçı və kimin işğala məruz qaldığını açıq şəkildə bəyan etmirlər". A.Nağıyev qeyd edib ki, artıq ATƏT-in Minsk qrupu həmsədrləri, digər dövlətlər, ATƏT-in rəhbərliyi də anlamalıdır ki, bu məsələlərin diplomatik şəkildə həll olunmaması və ya uzadılması hərb yoluna gətirib çıxara bilər. Ona görə də, görüşlərdə qarşıya qoyulmuş məqsəd yerinə yetirilməlidir. Bu baxımdan bütün xarici və daxili aktorlar bu məsələdə Ermənistanı konstruktiv danışıqlara yönəltməlidir".

Əli