“Moskva Qarabağ məsələsində təşəbbüsün ABŞ-a keçməsini istəmir” Layihə

“Moskva Qarabağ məsələsində təşəbbüsün ABŞ-a keçməsini istəmir”

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təsadüfi prosesin ortaya çıxdığına inanmıram. Burada təsadüf yox, zərurət daha çox səciyyəvidir. Azərbaycan ərazilərinə təcavüz edilib, həmin bölgələrdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox insanın haqları pozulub. İndi bu haqların bərpa edilməsi tarixi zərurətdir. Buna görə də münaqişənin həlli prosesinin gah səngiməsi, gah da fəallaşması müəyyən qanunauyğunluqlar üzrə baş verir".
Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, zaman-zaman bir dövlət prosesi fəallaşdırır, bir başqa dövlət isə öz strateji maraqları naminə bunu əngəlləyir:
"Ermənistan isə müstəqil dövlət deyil, həmişə özünə ağa axtarıb. Artıq axtardığı ağanı tapıb. İndi isə Ermənistanın bir yox, bir neçə ağası var. Bu ağalardan bir qismi də dünyada yeni düzənin formalaşmasını istəyir və buna görə də prosesə aktiv formada müdaxilə edir. ABŞ və Avropa dövlətlərinin bir qismini bura aid edirəm.
Amma elə dövlətlər də var ki, həmişə imperiya ədaları ilə yaşayırlar. Onlar kiçik dövlətləri öz əsarətləri altına almağa çalışırlar. Düzdür, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, amma bu ölkədəki ab-havaya müsbət təsir etmədi. Köçəryan və Sərkisyan da işğalçılıqdan və qaniçənlikdən həzz alan rejimlər idi, demokrat pərdəsinə bürünmüş Paşinyan da elədir. Hətta Paşinyan millətçi baxışlarına görə sələflərindən daha irəlidədir. Paşinyan demək olar ki, Ermənistanın işğalçı olmasını qəbul etmir. O, Dağlıq Qarabağın vur-tut 2000-2500 əsgəri olan separatçı rejimin nəzarəti altında olduğunu iddia edir və qeyd edir ki, Ermənistan həmin separatçıların adından danışmaq hüququna malik deyil.
Separatçı rejim yox, Ermənistan ordusu olsun, Rusiyanın dəstəyi olmadan Azərbaycanın bir rayonunu da işğal edə bilməzdi. Ermənistanın ağası olmasaydı, həmin separatçıları gəldikləri yerə qədər qovardıq. Amma 1990-cı illər Rusiyasının başıpozuq liderinin göstərişi ilə Azərbaycan əraziləri işğal edildi. Ermənistan bu işğalı həmin Rusiyanın köməyi ilə qoruyub-saxlaya bildi".
Qabil Hüseynli bildirib ki, Paşinyan oğlunun Qarabağda hərbi xidmətdə olmasından qürur duyur və bunu media vasitəsilə gündəmdə saxlayır:
"Başqa vaxt isə bu avantürist adam Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul etmək istəmir. Bəs onda oğlunu bura göndərib hansı çirkin niyyətini göstərirsən?
Bir müddət əvvəl başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri münaqişənin həlli prosesində aktivlik yaratmağa çalışdılar. Əlbəttə, onların da bu məsələdə strateji maraqları var. Bu baxımdan da Rusiyaya qarşı müəyyən tədbirlərin görülməsinin tərəfdarıdırlar. Çünki Rusiyanın xəstə ambisiyası onları da təhdid edir. Bu səbəbdən də Qərb post-sovet məkanındakı münaqişələri həll etmək istəyir, bununla da Rusiyanın ambisiyasını səngitmək niyyətindədir. Bu ovqatla da Qarabağ prosesinə daxil oldular. Amma Rusiya həmişə olduğu kimi, bu dəfə də müsbət prosesə dərhal müdaxilə etdi. Buna görə də bu prosesin tələsik ortaya çıxdığını, konkret nəticəyə hesablanmadığını və özünün münaqişənin həlli ilə ciddi-cəhdlə məşğul olacağını bildirdi. Bunları İrəvanda xarici işlər nazirinin müavini Karasin də dedi. Karasin dedi ki, Rusiya danışıqları substantiv xarakterli etmək istəyir. Nəticədə danışıqlar prosesinə əngəl ola bildilər. Paşinyan isə indiyədək dediklərinə zidd olan davranışlar sərgiləyir. Bütün bunlar da danışıqlar prosesinə əngəl olmaq üçün sifariş edilib".
WorldMedia yazır ki, politoloq Yervand Bozoyan "Sputnik Armenia" ilə söhbətində deyib ki, Rusiya xarici işlər naziri müavininin Ermənistana səfərində əsas məqsəd Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyini dəqiqləşdirmək olub.
"Karasinin səfəri qeyri-rəsmi xarakter daşıyırdı. Nikol Paşinyanla İlham Əliyev arasında Davosda keçirilmiş görüşdən və Paşinyanla Con Bolton arasındakı telefon danışığından sonra elə təsəvvür yaranıb ki, bu istiqamətdə ciddi proseslər gedir. Bir çoxları, o cümlədən Ermənistan ictimaiyyəti narahatlıq keçirməyə başlayıb. Rusiya da gərginlik keçirir. Moskva Qarabağ məsələsində təşəbbüsün ABŞ-a keçməsini istəmir", - deyə Bozoyan bildirib.
Bozoyanın fikrincə, hazırda münaqişə ətrafında kifayət qədər ziddiyyətli proseslər gedir. Danışıqların hansı prinsiplər əsasında aparıldığını anlamaq mümkün deyil. Ermənistanın hakimiyyət nümayəndələri "Madrid prinsipləri"ni qiymətləndirməkdən çəkinir, amma danışıqların kökündə başqa prinsipinlərin durduğunu da demir: "Deyirlər ki, Ermənistan danışıqlarda "DQR"in əvəzinə iştirak etməyəcək. Amma Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında artıq 4 görüş keçirilib. Bəs onda nazirlər nəyi müzakirə edir? Düşünmürəm ki, hava şəraiti haqda danışsınlar".
O ki qaldı ATƏT-in Minsk qrupuna, Bozoyan hesab edir ki, qurumda həmsədrlik edən hər ölkə əsas vasitəçi rolunu öz üzərinə götürməyə çalışır. Vaşinqton, Paris və Moskva bu məqsədlə daim yarışdadırlar.
"Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra Qarabağ münaqişəsinin həllinin "Bolton modeli" gündəmə gəlib. Con Bolton Cənubi Qafqaz regionuna səfərindən sonra danışıqlar prosesində fəal iştirak etməyə başlayıb. O, problemin tezliklə həllinin vacibliyini bəyan edib. ABŞ-ın bu fəallığı isə Rusiyanı narahat edir", - deyə politoloq qeyd edib: "Azərbaycana gəlincə, o, gözləmə mövqeyi tutub. Bakı kimin daha çox şey təklif edəcəyini gözləyir və bununla həmsədrlər arasındakı rəqabəti daha da qızışdırır. Ermənistana gəlincə, o susur. Bu isə Yerevanın hər hansı konsepsiyasının olmadığını göstərir. Başqa sözlə, Ermənistanın mövqeyini, onun nə istədiyini nə Moskva, nə də Vaşinqton anlayır. Halbuki, onlar Yerevan üçün "qırmızı xətt"in haradan keçdiyini, Ermənistanın hansı güzəştlərə hazır olduğunu bilmək istəyir".
Politoloq hesab edir ki, bu, Ermənistanın danışıqlar prosesində üstünlüyünü itirməsi anlamına gəlir: "Proses belə davam edərsə, həmsədrlərin gözündə Yerevanla Bakı bərabərləşəcək. Halbuki, əvvəllər həmsədrlər ilk növbədə Azərbaycandan güzəşt gözləyirdi. Odur ki, vəziyyəti dəyişmək lazımdır. Əks halda Ermənistanın yeni hakimiyyətinin təcrübəsizliyi ciddi itkilərə səbəb olacaq".
WorldMedia yenə 168hours-a istinadən xəbər verir ki, Ermənistan Respublikaçılar Partiyasının sözçüsü, ölkə parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanovun fikrincə, baş nazir Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Davosda keçirdiyi qeyri-rəsmi görüşdən sonra danışıqların tarixini müzakirə etdiklərini bəyan etməyə sadəcə, məcbur olub.
Xatırladaq ki, yanvarın 26-da Davosda Paşinyanla Əliyev növbəti dəfə bir araya gəlmişdilər. Görüşdən sonra N.Paşinyan öz "Facebook" səhifəsində bildirmişdi ki, danışıqlar zamanı Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilməyib və söhbət yalnız danışıqlar prosesinin tarixindən gedir.
"Amma şübhəsiz ki, onlar münaqişənin həllinə dair substantiv danışıqlara başlayıblar. Paşinyan bunu gizlətmək üçün nə isə deməli idi. Ağlına nə gəlib, onu da deyib. Halbuki, bu halda susmaq danışmaqdan yaxşıdır. Əgər Ermənistanın baş naziri danışıqlar prosesinin tarixi ilə tanış olmaq istəyirsə, Robert Köçəryanı həbs etməkdənsə, onunla görüşsün, bu suallarını sabiq prezidentə ünvanlasın. Axı, o Ermənistanın ikinci prezidenti olub. Yaxud onun Serj Sarqsyanla, Edvard Nalbandyanla, Vardan Oskanyanla görüşməsinə kim mane olur? Onlar danışıqlar prosesində ən yaxından iştirak etmiş şəxslərdir. Hər halda, Paşinyanın münaqişənin tarixinin İlham Əliyev və ya Elmar Məmmədyarovla müzakirə etməsi yaxşı hal deyil. Çünki Paşinyan onların təsiri altına düşə bilər", - deyə Şarmazanov qeyd edib: "Biz Azərbaycan dərsliklərində yazılanları görmüşük, İlham Əliyevin bəyanatlarını eşitmişik. Onlar hətta Yerevanın belə, azərbaycanlılara məxsus olduğunu deyirlər. Beləliklə, Paşinyanın görüşdə müzakirə edilmiş əsas mövzunu gizlətməsi çox pis haldır".
Şarmazanov hesab edir ki, Ermənistanda Nikol Paşinyanın danışıqlar prosesinin tarixini müzakirə edəcəyi bir sıra təcrübəli ekspert, keçmiş ölkə başçıları var. "Nikol Paşinyan artıq özünü ölkə başçısı kimi aparmalıdır. O, artıq bütün Ermənistan vətəndaşlarının baş naziridir və hamının rəyini nəzərə almalıdır. Ölkədə "qaralar"la "ağlar", inqilabçılarla inqilab əleyhdarları kimi bölgü olmamalıdır" - deyən Eduard Şarmazanovun fikrincə, hazırda Paşinyan reytinqini sürətlə itirməkdədir. Məsələ ondadır ki, onun rəhbərliyi dövründə Ermənistan həm iqtisadi cəhətdən, həm də xarici siyasətdə uğursuzluğa düçar olub.
Şarmazanov Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin son görüşündən sonra yayılmış "xalqları sülhə hazırlamaq lazımdır" fikrinə də toxunub. "Ermənistan Respublikaçılar Partiyası sülhə qarşı deyil və heç kəs sülhün dəyərini bu partiyanın üzvləri qədər bilmir. Bizim partiyamız müstəqillik qazanmış ordusunun varisi kimi yaradılıb. Partiyamızın üzvləri Qarabağ müharibəsində yaxından iştirak edib. Partiyamızın iki rəhbərləri – sabiq baş nazir Vazgen Sarqsyan ilə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan müharibədə qəhrəman adı qazanıblar. Andranik Marqaryan "Getaşen" müdafiə dəstəsinin komandirlərindən olub. Bütün bunlardan sonra necə ola bilər ki, biz sülhün dəyərini bilməyək və ya müharibə arzulayaq? Mənim dediyim tamam başqadır. Bu gün biz sülh üçün kimə yalvarırıq?" - deyə Şarmazanov qeyd edib.

Cavid