Azərbaycandilli Vikipediya: uğurlar və qayğılar Layihə

Azərbaycandilli  Vikipediya: uğurlar və qayğılar

Viki texnoloyalarına yiyələnən hər kəsin borcu ilk növbədə Azərbaycanın dövlətçilik, milli maraqlarını qorumaq, zəngin, özünəməxsus tarixinin, mədəniyyətinin və s. soraqlarını yaymaq olmalıdır

Bu gün dünyada informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir vaxtda Azərbaycanın da bu sahədə ardıcıllığı qaçılmazdır, gərəklidir. Çağımızda elektron nəşrlər durmadan artır, indi heç kəs həyatını internetsiz təsəvvür etmir.
Dünyanın bir çox dillərində könüllü istifadəçilər tərəfindən yaradılan virtual, açıq ensiklopediya – vikipediya da artıq gündəlik həyatımızda vazkeçilməz yer turmaqdadır. Axtarış sistemlərində bu və ya başqa informasiyanı tapmaq asan başa gəlir. Bu gün vikipediyanın bütün parametrlərdə güvənli sayılmasa da, əlçatanlığı, əhatəliliyi, ardıcıl yenilənməsi populyarlığını qoruyub saxlaması deməkdir.
Azərbaycanda vikipediya məsələləri üzrə mütəxəssis İradə Ələkbərova bildirir, viki texnologiyaları istifadəçilərə ixtisasından və marağından asılı olmayaraq tam hüquqlu veb-proqramçı kimi internetdə kontent yaratmaqla yanaşı, müzakirələrdə iştirak etmək, başqa istifadəçilərin yaratdığı və dəyişdirdiyi kontentə öz münasibətini bildirmək imkanı verir ki, bu da cəmiyyətdə yeni sosial münasibətlərin yaranmasına gətirib çıxarır. Viki konsepsiyası insanların yeni biliyə olan tələbatını ödəmək imkanına malikdir.
Viki texnologiyaları mürəkkəb və çoxsəviyyəlidir, bütün növ kontentdən istifadəni nəzərdə tutan və ilk baxışda adi ensiklopedik məlumatları özündə saxlayan resurs təsiri bağışlayır. Viki-layihələr ictimai rəyin formalaşmasına və dəyişdirilməsinə səbəb olacaq qədər geniş imkanlara malikdir. Vikitexnologiyalar vasitəsilə dövlətlərin suverenliyinə, xalqların milli-mənəvi dəyərlərinə, tarixinə, dilinə təcavüz edilir. Vikipediyanın ingilis dili layihəsində toplanan məqalələrin sayı digər dillərdəki layihələrlə müqayisədə milyon dəfələrlə çoxdur. Vikipediyada işləmək istəyənlərə, ilk növbədə, bu məqalələrin tərcüməsi təklif edilir.
Vikipediyanın əsas qaydalarından biri tərəfsizlikdir. Lakin bu qayda pərdəsi altında gənclərin mənsub olduqları xalqların milli maraqlarını, həqiqətlərini vikipediya qaydalarına qurban verməsi təklif olunur və təəssüf ki, bu virtual layihənin aktivləri məhz tərəfsizlik pərdəsi altında şərtləri qəbul edirlər: "Bunun nəticəsidir ki, Vikipediyanın bir sıra dillərdəki layihələrində əcnəbi alimlər, dövlət xadimləri və digər tanınmış şəxslər haqqında məqalələr daha çoxdur. Vikipediya artıq spam xarakterini də özündə əks etdirməkdədir. Belə ki, Vikipediyanın müxtəlif axtarış sistemlərinin birinci səhifəsində olması təsadüfi deyil. İnternet istifadəçiləri informasiyanı vikipediyadan deyil, başqa saytlardan oxumaq istəsələr də, onları məcburi vikipediyaya yönəldirlər".
Bu gün Azərbaycan Respublikasının varlığının qorunması, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində çağdaş dövrün informasiya texnologiyalarından yararlanmağı bacaran, səsimizi-sözümüzü dünyalaşdırmağı bacaran fədakarlar daha çox gərəkdir.
Mütəxəssislərin fikrincə, ənənəvi sosial şəbəkələrdə olduğu kimi, viki-mühitdə də informasiya təsiri çox zaman birbaşa deyil, dolayı yolla həyata keçirilir. Vikilayihələr yalnız sıravi vətəndaşlar tərəfindən hər hansı hadisəni və ya mühüm problemi işıqlandırmaq üçün deyil, eyni zamanda, müəyyən hadisəyə qiymət verməyə çalışan peşəkar mütəxəssislər tərəfindən və cəmiyyətdə vətəndaşların şüurunu idarə etməyə, kütləni mobilləşdirərək etiraz aksiyalarına cəlb etməyə çalışan müxtəlif radikal qruplar və təşkilatlar tərəfindən də istifadə olunur. Viki-mühit mütəxəssislər tərəfindən həm cəmiyyətdə demokratiyanı və açıqlığı təmin edən, həm də siyasi sabitliyin pozulmasına yardım edən təhlükəli vasitə kimi dəyərləndirilir. Viki-mühitdə informasiya təsiri vasitələrinin analizi dövlətin informasiya məkanının təhlükəsizliyinin təminatında mühüm işlərdəndir. İradə xanımın qənaəti ilə razıyıq ki, özlərinin informasiya fəzalarının təhlükəsizliyini təmin etmək istəyən dövlətlər vikimühitə nəzarət etməyi bacarmalıdırlar.
Dövlətlərin çağdaş informasiya texnologiyalarından ardıcıl bəhrələndiyi bir zamanda Azərbaycanda da bu sahədə yenililklərin şahidi oluruq. AMEA Mərkəzi Elmi Kitabxanasının son illərdə vikipediya ilə bağlı gördüyü işlərə nəzər salaq. 2016-cı ildən bəri MEK əməkdaşları ardıcıl olaraq ali təhsil müəssisələrin tələbələri və AMEA institutlarının əməkdaşları ilə təlim və təcrübə mübadiləsi həyata keçirir.
MEK-ə ünvanlanmış müraciətə əsasən adı çəkilən sahələrdə təhsil alan tələbələr, AMEA institutlarının kitabxana rəhbərləri və elmi işçilər üçün müxtəlif mövzularda təlim və təcrübə proqramı həyata keçirilib. Əgər ilk mərhələdə tələbələr ilə təcrübə işinin əsas sahəsi MEK-in köçürülməsi zamanı kitabların üzərinə barkodların və e-çiplərin vurulması, siyahıya alınması, qablaşdırılması idisə, hazırda təcrübə proqramında "VİS-LİB" daxil olan resursların email modulları üzərində təcrübə, "Müasir rəqəmsallaşdırma", "Elmi-intellektual bazanın yaradılması", "Vikipediya", "Vahid Qeydiyyat Sistemi" kimi mövzular daxil edilib. Təlim və məşğələlərin əsas fərqi real rejimdə olması, iş yerlərində təcrübənin keçirilməsi, təlimdən sonrakı nəzarət, təlim iştirakçılarının elmi sahələrinə uyğun çalışmalar və sərbəst elektron resurslarda real yerləşdirmələrin olmasıdır.
2016-cı ildə 767 iştirakçıya 80 təlim keçirilib. Peşəkar heyəti formalaşdıran təlimlər sırasında "Vikipediyada məqalələrin yerləşdirilməsi" və "Elmi-intellektual bazanın yaradılması" xüsusi yer tutur.
Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, ana dilində informasiya resurslarından onlayn istifadə imkanlarının genişləndirilməsi, bu məlumatların sərbəst elektron resurslarda və sosial şəbəkələrdə daha geniş yer almasına nail olmaq məqsədilə "Vikipediyada məqalələrin yerləşdirilməsi" mövzusunda təlimlər silsiləsi davam edib. Təlimlərin əsas məqsədi – elektron ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsiplərini, qaydalarını və üsullarını öyrətmək, eləcə də Vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq, məqalələrin redaktə edilməsini təmin etməkdir.
2017-ci ildə Sərbəst Elektron Resurslara aid edilən Azərbaycandilli Vikipediyanın mövqeyi AMEA institutları və kənar təşkilatlara sistemli şəkildə keçirilmiş təlimlər və təlimsonrası əlaqələndirmə nəticəsində güclənib. Strateji hədəf informasiya təhlükəsizliyinin təmin olunması, informasiyanın paylaşılmasıdır. Azərbaycandilli Vikipediyanın zənginləşməsi üçün MEK tərəfindən işlək model hazırlanıb və tətbiqinə başlanılıb. Məsələn, 2017-ci ildə 20 Yanvar şəhidləri, AMEA Tarix İnstitutunun fəxri doktorları, Naxçıvanın görkəmli şəxsləri, Azərbaycan jurnalları, qəzetləri, xanəndələri, diaspor nümayəndələri, jurnalistləri, kəşfiyyatçıları, Azərbaycanın xaricdə yaşayan professorları, xüsusi tarixi günləri, "Mövzulu ay" layihəsi ətrafında 4746 yeni məqalə yaradılıb, vikipediyada mövcud olan 1000 məqalə isə redaktə edərək genişləndirilib. Xarici dil vikipediyasında 100-ə yaxın məqalə yaradılıb. Xarici dil vikipediyasından 9 viki qayda tərcümə edilərək azərbaycanca vikipediyanın qaydalarına əlavə edilib. Təlimlərin keçirilməsi üçün elektron dərslik tərtib olunub, Youtube-də video dərslər hazırlanaraq yerləşdirilib. Facebook sosial şəbəkəsində isə təlim iştirakçılarına dəstək məqsədilə "Qorqud Viki Klub" qrupu yaradılıb. Kanadada keçirilən beynəlxalq Vikimaniya tədbirində Azərbaycan MEK əməkdaşı tərəfindən təmsil olunub.
2018-ci ildə Vikipediya Metodik Mərkəzi tərəfindən təlimlərin keçirilməsi davam edib. Vikipediyada ingilis, rus, ərəb, ispan, fars, fransız, gürcü, ukrayna dillərində Azərbaycan tarixi və mədəniyyəti haqqında məqalələr yaradılıb. Habelə könüllülər tərəfindən Azərbaycan dilində olan vikipediyada dünya elm və incəsənəti haqqında məlumatlar yerləşdirilb.
Vikipediyada yerləşdirilən məqalələr elmi tədqiqatlar əsasında hazırlanıb. Azərbaycan və xarici dillərdə (türk, ərəb, ispan, fransız, fars, rus, ingilis, çex, gürcü) yaradılmış və ya əsaslı redaktə olunmuş məqalələrin sayı 2.612 olub. Onlardan "AXC-100" formatında 540, Azərbaycanda və xaricdə türk qətliamlarına dair 13, Milli qəhrəmanlar mövzusunda 148 məqalə yerləşdirilib.
"İnformasiyanın kontent təhlükəsizliyi" alqoritmi hazırlanıb, ictimaiyyətin müzakirəsinə təqdim olunub. Erməni dilində MRY-a aid etmək məqsədilə qədim mənbələrin sistemli şəkildə araşdırılmasına başlanılıb. Elektron kataloqda redaktə edilmiş yazıların sayı – 36.920 təşkil edib.
Vikipediyada Azərbaycan və xarici dillərdə yaradılmış və ya əsaslı redaktə olunmuş məqalə sayı: 2.615 (AzVikipediyada 2.460, xarici dillərdə - türk, ərəb, ispan, fransız, fars, rus, ingilis, çex, gürcü - AXC və Milli qəhrəmanlar mövzusunda yaradılmış və redaktə olunmuş məqalə - 150, soyqırımlar - 13).
AMEA Mərkəzi Elmi Kitabxanasında "Vikipediya" Metodik Mərkəzi tərəfindən təşkil edilən təlimlərdə könüllülərdən ibarət 40-dan çox qrup ödənişsiz iştirak edib. Kitabxananın Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Eltürkün bildirdiyinə görə, "Vikipediya"nın Azərbaycan dilində olan bölməsində hazırda 143 min 372 məqalə var. 700-dən çox fəal iştirakçının, habelə könüllülərin fəaliyyəti nəticəsində Azərbaycan dilində olan Vikipediya ümumi siyahıda 50-ci pilləyə qalxıb. Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Vikipediya ilə bağlı müxtəlif tədbir, görüş və təlimlər təşkil edilir. Vikipediyada tez-tez "Mövzulu ay" layihəsinin keçirilməsi bəhrəsini verməkdədir. Bu prosesdə xüsusilə tələbələr fəal iştirak edir. Eləcə də məlumatların rus və ingilis dilində yerləşdirlməsi Azərbaycanla bağlı məlumat axtarışında əlçatan mənbə rolunu oynamaqdadır.
İ.Ələkbərovanın fikrincə, ölkədə yüksək mədəni-mənəvi dəyərlərə, biliyə malik insanlardan təşkil olunmuş vikicəmiyyətin fəaliyyəti, bu ölkədə biliklər cəmiyyətinin formalaşması, sosial-iqtisadi əlaqələrin genişlənməsi, milli informasiya resurslarının internetdə çoxalması, nəhayət, dövlətin dünyada siyasi və iqtisadi nüfuzunun yüksəlməsinə təsir göstərə bilər.
Deməli, viki texnoloyalarına yiyələnən hər bir kəsin borcu ilk növbədə Azərbaycanın dövlətçilik, milli maraqlarını qorumaq, zəngin, özünəməxsus tarixinin, mədəniyyətinin, ümumiyyətlə, musiqisinin, elminin, ədəbiyyatının və s. soraqlarını yaymaq olmalıdır. Bu, ulusal, vətəndaşlıq borcdur – ardıcıl ödənilməlidir. Məsuliyyət bu kimi sahələrdə daha qaçılmazdır.

Elçin Qaliboğlu
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"