“Qəzetin muradı xalqın gözünü açmaqdır...” Layihə

“Qəzetin muradı xalqın gözünü açmaqdır...”

Həsən bəy Zərdabi: "Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin"

I yazı

Bu gün Azərbaycan mətbuatının 139 illiyidir. Hər il milli mətbuat günü qeyd olunur: milli mətbuatımızın inkişafında göstərdiyi xidmətlərə görə Həsən bəy Zərdabinini xatirəsi yad edirlir. Həsən bəy Moskva Universitetinin riyaziyyat-təbiət fakültəsində təhsil alıb vətəninə dönüb və bütün şüurlu həyatını millətin maariflənməsinə sərf edib. Şərq qəflətində yatmış bir xalqı oyatmaq, bisavad camaata öz hüquqlarını anlatmaq, hər şeyin ağır senzura, ciddi nəzarət və sərt yasaqlar şəraitində olduğu bir zəmanədə bu işləri görmək həqiqətən böyük qəhrəmanlıq sayılır. Hələ öz zamanında Həsən bəylə Bakıda görüşən bir fransız jurnalist ona heyrətini gizlətmədən belə demişdi: "Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz". Naşiri olduğu "Əkinçi" qəzeti təkcə milli mətbuatımızın yaranma tarixi deyil, eyni zamanda xalqımızın milli şüurunun, azadlıq mücadiləsinin, cəhalətə qarşı mübarizəsinin başlanma tarixidir. İctimai-siyasi proseslərin salnaməsi və aynasıdır. Həsən bəyin idealları və "Əkinçi" ənənələri ilə mayalanan milli mətbuatımız şərəfli bir yol keçərək xalqı sözün qüdrəti ilə istiqlala qovuşdurdu.
Həsən bəy Zərdabi təkcə milli mətbuatın banisi deyil, həm də xalq müəllimi, teatr həvəskarı, "qara camaat"ın könüllü vəkili idi. Yeddi illik səylərdən sonra çar hökumətindən "Əkinçi"nin çapına icazə alan Həsən bəy ilk sayda qəzetin əsas məqsəd və vəzifəsini şərh edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır... Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta ki xalq nikubədindən xəbərdar olub onun əlacının dalınca olsun".
O zaman Qafqazda ərəb əlifbası ilə çap işi yox dərəcəsində olduğundan işi milli mətbəənin təşkilindən başlamaq lazım gəlirdi. İstanbulun "Babi-Ali cadəsi"ndə mətbuat və kitab ticarətində olan azərbaycanlıların köməyi ilə ərəb qrafikası ilə mətbəə matrisaları əldə edən Həsən bəy "Əkinçi"ni ərsəyə gətirmək üçün çox böyük əziyyətlərə qatılmışdı. Bəzi xırda imla qüsurları üçün oxuculardan üzr istəyən redaktor yazırdı: "Dünyada hər qəzeti 5 və ya 10 adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kişilər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizə diqqət edənlər! Bu qəzetin kəsirini görəndə gülməyin. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzetini də basdırmağa adam yoxdur".
"Əkinçi" öz səhifələrində xalqın dərd-sərindən, müşküllərindən yazırdı, zülmətdə qalan millətin bəsirət gözünü açırdı. Qəzetin öz dövrünün ictimai-siyasi həyatdakı roluna və "Əkinçi" - Zərdabi vəhdətinə toxunan görkəmli siyasi xadim Əlimərdan bəy Topçuboşov 1925-ci ildə deyirdi:
""Əkinçi" müstəqil Azərbaycanın, onun dilinin, xalq mahnılarının, ədəbiyyatının, tarixinin möcüzəvi emblemidir. Bu bütün Azərbaycan xalqının emblemi və nişanıdır, onun gücünün, azad əməyə sevgisinin, ideya və ideallarının aşkara çıxmasıdır. "Əkinçi" və Həsən bəy Məlikov-Zərdabi - bu adlar tarixdə və xalq yaddaşında elə qaynayıb-qovuşub ki, bir-birindən ayrılmazdır. Onlar birlikdədir və ayrılmazdır. Azərbaycan barədə danışanda, Həsən bəyi xatırlayanda, haqlı olaraq onun Azərbaycanın və bütün Qafqazın mədəniyyət və maarif, siyasi və iqtisadi inkişaf tarixində ən şərəfli yerlərdən birini tutduğu görünür. Həsən bəy nişanverici və xilasedici bir mayak yaratdı. Belə faydalı və ruhlandırıcı işıq mənbəyini ehtiramla yad etmək bütün Azərbaycanın və hər bir azərbaycanlının əxlaqi, vətənpərvərlik borcudur".
Qəzetin aynasında öz tipik simalarını görənlər naşirə hədyanlar yağdırmağa başlamışdılar. Həsən bəyin siyasi-ictimai həyatda artan nüfuzu çar məmurlarını da təşvişə salırdı. 1878-ci ildə təzyiqlərə məruz qalan Zərdabi təbiət müəllimi işlədiyi Bakı Realnı məktəbindən xaric edilir və 2 il işsiz qalır. 1880-ci ildə ailəsi ilə birlikdə Zərdaba köçərək 16 il kənd yerində yaşayır. Burada o, hüquqları tapdanan camaata könüllü vəkillik yardımı göstərir, onları öz hüquqlarının müdafiəsi üçün maarifləndirirdi.
Bakıya bir də 1896-cı ildə dönən Həsən bəyi onu yaxşı tanıyan Bakı ziyalıları və xüsusilə bu ziyalıları çox sevən böyük maarifpərvər mesenat Hacı Zeynalabdin Tağıyev səmimi qarşıladı. Öz millətinin maariflənməsinə can yandıran Tağıyev o dövrdə "Kaspi" qəzetini erməni naşirlərindən böyük pula - 57 min "Nikolay onluğu"na satın alaraq Əlimərdan bəy Topçubaşova vermişdi ki, millətimiz üçün nəşr etsin. Həsən bəy Bakıya gələndən ömrünün sonunadək "Kaspi"də çalışdı.
Təzə Pir məscidi yaxınlığında yaşayan Həsən bəyin Tağıyevlə münasibəti Azərbaycan xalqı üçün tarixi bir şans oldu. Həsən bəyin dəyərli ideyalarını öz şəxsi sərmayəsi ilə gerçəkləşdirən Hacı Zeynalabdin Tağıyev ona böyük ehtiramla yanaşırdı. Bakıda Qızlar Məktəbinin açılmasının ilk təşəbbüskarı da Həsən bəy olmuşdu. Həsən bəy və onun kürəkəni, həm də Tağıyev kontorunun vəkili Əlimərdan bəy Topçubaşovun Qafqaz canişininə və çara yazdığı ərizələri Tağıyev ünvanlarına aparmış, məmurlara böyük hədiyyələr müqabilində məktəbin tikintisinə razılıq almışdı.
Nəhayət, 1900-cü ilin oktyabrında böyük maliyyə hesabına Şərqdə ilk qız məktəbinin təntənəli açılışına qatılan Tağıyev, Məlikov və Topçubaşovun sevincləri onların gözlərindəki yaşda parlayırdı... Məktəbə müdirlik etmək üçün Tağıyev heç düşünmədən Həsən bəyin ömür-gün yoldaşı və ideya həmfikri Hənifə xanım Məlikovanı məsləhət görmüşdü. Bu məktəbə millətin qız övladlarının cəlb olunması üçünsə onlar gərgin çalışmışdılar. Sonralar bu məktəbi bitirən gənc qızlar qadın azadlığının carçısı, maarif fədailəri oldular və ölkənin ictimai həyatında mühüm rol oynadılar.
Uzun illər şəhər Dumasında deputat olan Həsən bəyin cəsarətli səsini çar məmurları heç bir vasitə ilə boğa bilmirdilər. 1907-ci il noyabrın 7-də İçərişəhərdə, Qoşa qala qapısının arxasındakı sadə evində iflic xəstəliyindən əziyyət çəkən böyük maarifçi ölüm yatağında vəsiyyət edirdi: "Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savab yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar".
Lakin bütün şəhər axışıb gəlmişdi. Xalq öz fədakar oğlunu böyük bir ehtiramla Bibiheybət qəbiristanlığında dəfn etdi. 30-cü illərdə böyük yol çəkilişi ilə bağlı Həsən bəyin məzarı şəhər qəbiristanlığında uyuyan sadiq məsləkdaşı Hənifə xanımın yanına köçürüldü. 1957-ci ildə onun nəşi yenidən köçürülür. Bu dəfə xalqın hörmət bəslədiyi böyük şəxsiyyətlərinin uyuduğu bir məkana - Fəxri Xiyabana... Bu gün Həsən bəyin Fəxri Xiyabandakı məzarı Azərbaycan jurnalistlərinin ehtiramla baş çəkdikləri müqəddəs ünvandır.
Görkəmli ictimai xadim, fədakar xalq müəllimi və təbiətşünas alim, milli teatrımızın banisi, ilk qız məktəbinin yaradıcısı, 1-ci müəllimlər qurultayının təşkilatçısı və sədri, ilk xeyriyyə cəmiyyətinin rəhbəri və nəhayət, milli mətbuatımızın yaradıcısı...".
O dövrün ictimai siyasi proseslərindən və onun mətbuatda işıqlandırılmiasından danışan "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabının müəllifi jurnalist və mətbuat araşdırıcısı Akif Aşırlı bildirib ki, o zaman 1 Mart hadisələrini təkcə erməni-bolşevik birləşmələrinin dinc əhaliyə qarşı kütləvi qırğını kimi yox, həm də Azərbaycan Milli mətbuatına qarşı soyqırım kimi qiymətləndirməliyik. Onun sözlərinə görə, araşdırmalar milli mətbuat orqanlarımızın axırıncı saylarının 1918-ci il martın 17-də çıxdığını göstərir. "Hadisələr başlayan kimi "Kaspi" və "Açıq söz" qəzetlərinin redaksiyaları, Orucov qardaşlarının mətbəəsi yandırıldı. Hətta "Kaspi"nin mətbəəsində olan 5 min "Quran" məhv edildi. "İsmailiyə" binasında yerləşən milli təşkilatlarımız - Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, "Müsavat" partiyası, "Səfa" Cəmiyyəti, Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Milli Müsəlman Şurası dağıdıldı. Ona görə deyirəm ki, bu həm də mədəni genosid idi. Törətdikləri faciələrin izini silmək üçün isə mətbuat sıradan çıxarıldı".
Akif Aşırlının bildirdiyinə görə, Azərbaycanda martın 31-dən sentyabrın 15-nə qədər anadilli mətbuatdan iki qəzet nəşr olunurdu: "Hümmət" və Bakı şurasının "Əxbar"ı. Çünki mövqe etibarilə bolşeviklərə yaxın idi. Ona görə də, o qəzetlərə dəymədilər. Ancaq Bakının işğaldan azad olunmasından sonra milli mətbuat orqanlarımız işıq üzü görməyə başladı".
Akif Aşırlı o dövrdə Tiflisdə Azərbaycan mətbuat tarixinə düşməyən anadilli bir qəzetin çıxdığını söylədi: "Bu qəzet noyabrın 12-də işıq üzü görüb. İki səhifəsi ərəb əlifbası ilə Azərbaycan dilində, iki səhifəsi isə rus dilində-böyük formatda". Mətbuat araşdırıcısı bu qəzetin noyabrın 12-də çıxdığına xüsusi diqqət ayırır və o tarixdə artıq Bakını azad edən türk ordusunun geri qayıtdığını vurğulayır. "Azərbaycanlıların köməksiz durumundan istifadə edib uydurdular ki, guya Bakının azad olunması uğrunda döyüşlərdə ermənilər də itki verib. Hətta Tiflis Dumasında (o vaxt Tiflisdə Avropa ölkələrinin səfirlikləri, konsulluqları yerləşirdi) bu məsələni müzakirə etməyə çalışırdılar. "Qardaş qayğısı" qəzeti ermənilərə cavab kimi buraxılmışdı".
Akif Aşırlının dediyinə görə, qəzetin üstündə redaksiya heyəti tərəfindən buraxıldığı yazılsa da, əsas fiqur sonralar mühacirət tariximizin görkəmli nümayəndələrindən biri kimi məşhurlaşan Mirzə Bala Məmmədzadə idi: "Qəzetdə Mirzə Bala Məmmədzadə həmin ittihamlara cavab verirdi. Bakının paytaxt olmasını istəməyənlərə, müstəqilliyimizi həzm edə bilməyənlərə qarşı, "Azərbaycanlılar mədəni millət deyil", "Dövlət qurmaq xülyaları boş və mənasızdır"- fikirlərini ortaya atanlara yerini göstərirdi. "Bu millət dövlət qurmağa, onu yaşatmağa qadirdir"- deyirdi...".

Əli